Redaktor seçimi
Cahid Hüseynovun və qohumlarının “Azəriqaz”dakı qanunsuz əməlləri... -
XALQDAN “QAZANILIB” BRİTANİYADA BATIRILAN MİLYONLAR - Və deputat Feyziyevin digər həmkarlarından fərqi -
Kərəm Həsənovun müavinindən şikayət etdi, evinin "altını üstünə çevirdilər" –
"Azərenerji" ASC-nın dövləti milyardlarla borca salmasının səbəbi bilindi-
SUDAN ÇIXARILAN MİLYARDLAR... – Əhmədzadələrin dəbdəbəli həyatının sirri -
Niyazi Bayramov Baş Prokurorluğa meydan oxuyur və yaxud öz əməllərinə kimi qurban edəcək -
TALEH BƏŞİROV “PAT” VƏZİYYƏTİNDƏ: yediyini nə uda, nə də qaytara bilir -
London Məhkəməsi Ülvi Quliyevi də təftiş edir -
Günün xəbəri

"Uşaqlara verilən yuxu dərmanları ziyandı" -NEVROPATOLOQ VALİDEYNLƏRƏ SƏSLƏNDİ

 

Hazırda demək olar ki, əksər uşaqlarda yuxu pozuntusu hallarına tez-tez rast gəlinir


 Xüsusilə körpə və azyaşlı uşaqlarda bu, özünü daha çox büruzə verir. Hətta elə uşaqlar olur ki, gecələr oyaq qalır, oynayır, yeyir, içir, səhər açılanda isə yuxuya gedir və axşam saatlarına qədər yatır. Təbii ki, bu hal valideynlərə yaratdığı çətinliklə bərabər, uşaqların özlərinin sağlamlığına da ciddi şəkildə zərər verir. Çünki gecə yuxusu uşaqlar üçün xüsusilə əhəmiyyətlidir və böyümə hormonlarının ifrazı məhz gecə saatlarında daha çox baş verir. Bəs görəsən niyə körpələr gecə ilə gündüzü səhv salır? Bu problemlərin yaranma səbəbləri hansılardır? Bu cür hallarda dərman preparatlarının qəbulu məqbuldurmu? 
Yenixeber.org:  Mövzu ilə bağlı ailem.az-ın suallarını nevropatoloq Rima İbadova cavablandırıb.
Rima İbadova deyir ki, uşaqlarda yuxu ilə bağlı problemlər çox zaman ortaya çıxır. Hətta onlara edilən müraciətlərin 80-90 faizi uşaqlarda yuxu problemi ilə bağlı olur: "Çox zaman onlar normal inkişaf edən uşaqlardır. Sadəcə uşağın yuxusu yoxdur deyə gəlirlər. Belə hallarda valideynlərə yuxu rejimini normallaşdırmaq üçün müəyyən qaydalar tətbiq etmələrini tövsiyə edirik. Bu, zamanla düzəlir. Digər halda isə qısa müddətli dərman müalicəsindən istifadə edirik. Qeyd edim ki, yeni doğulma dönəmindən iki yaşa qədər olan uşaqlarda gecə yuxusu kəsintilərində uşaqların Non-REM və REM yuxu fazaları hələ tam formalaşmadığına görə bir çox hallarda normal dəyərləndirilir. Bəzən uşaq gecə yatmır, gündüz yatır, yuxuda kəsintilər olur. Bu zaman bəzi valideynlər yanlışlığa yol verirlər. Uşaqda hər hansı yuxu pozuqluğu hiss edən kimi bəzi dərmanlardan istifadə etməyə tələsirlər. Bu, səhv yanaşmadır. Əgər yuxu probleminin altında başqa bir orqanik səbəb yoxdursa, 3 yaşa qədər uşaqlara bu cür dərmanlar verilməməlidir. Hətta bitki tərkibli olsa belə, uşaqlara yuxu problemini aradan qaldırmaq üçün dərman vasitələrinin verilməsi tövsiyə edilmir".
Yuxuda olan hərəkət pozuntularına diqqət
Həkimin sözlərinə görə, uşağın yuxusunda olan hərəkət pozuntularına istənilən halda diqqətlə yanaşmaq lazımdır: "Uşağın yuxuya çətin getməsi, yuxuda tez-tez hərəkət və pozisiya dəyişikliklərinin olması, ağızla nəfəs alma, enurez - gecə yataq islatma kimi hallara diqqət edilməlidir. Həmçinin gecə diş qıcırdatmalar, bruksizm dediyimiz hallara da. Bəzən bunu qurdla əlaqələndirilir. Amma bu əlamətin qurdla heç bir əlaqəsi yoxdur. Həmçinin gecə yuxuda gəzmələr, gecə yuxuda qorxmalar, sayıqlamaların olması, səhər ağız quruluğu ilə yuxudan oyanma, səhər yuxudan çətin oyanma, gün ərzində uşağın yorğun, yuxulu olması hamısı yuxu problemlərindən xəbər verə bilər. Bu problemlər parasomni dediyimiz yuxu xəstəliklərindən, eyni zamanda, ağır orqanik problemlərdən də xəbər verə bilər".
Nevropatoloq xəbərdarlıq edir ki, bir sıra epileptik sindromlar, yuxuda nitq problemləri ilə gedən bir sıra kompleks tutmalar, bəzi xoşxassəli epilepsiya sindromları və bir sıra sindromlar yuxu problemləri, yuxuda hərəkət və nitq problemləri kimi özünü göstərə bilir: "Bir sıra pediatrik sindromlar da gecə yuxuları narahatçılığı ilə özünü göstərə bilər. Ona görə də bu və ya digər dərəcədə yuxu problemi hiss etdiyiniz zaman mütləq şəkildə videoya alınmalı və həkiminiz tərəfindən dəyərləndirilməli, doğru diaqnoz qoyulduqdan sonra müvafiq müalicəyə başlanılıb-başlanılmamasına qərar verilməlidir".
Uşaqlar valideynləri ilə bərabər gec saatlara qədər yatmır
 R.İbadova nisbətən böyük yaşlı uşaqlarda yuxu pozuntularının yaranma səbəblərinə də aydınlıq gətirib. O deyir ki, bu, daha çox məktəb yaşlı uşaqların telefonlardan, digər elektronik vasitələrdən istifadəsi ilə əlaqələndirilir: "Uşaqlar çox gec yatırlar və gec oyanırlar. Bu, doğru deyil. Xüsusən də orqanizmin normal fiziki aktivliyini bərpa etmək üçün gecə yuxusu vacibdir. Çünki uşaqlarda boy hormonu gecələr daha çox ifraz olunur.
Əksərən bu, valideynləri ilə bərabər gec saatlara qədər yatmayan uşaqlarda rast gəlinir. Əgər problem bundan qaynaqlanırsa, ilk növbədə, rejimi normallaşdırmaq lazımdır. Çox zaman uşaqlar bağçaya gedəndə valideynlər deyir ki, uşağın rejimi düzəldi. Çünki səhər saat 8-də dururlar, günorta normal yuxularını yatırlar, axşam da gələndə normal zamanında yatırlar. Amma ev şəraitində uşaqlar valideynlərlə bərabər gec saatlara qədər oyaq qalır, səhər də günortaya qədər yatırlar. Hətta onları saat 1-də, 2-də güclə oyadırlar. Yəni valideyn özü buna şərait yaradır. Belə olan halda əlbəttə ki, uşaqların normal yuxu rejimi formalaşmayacaq".
Yuxu problemi iki həftədən çox davam edərsə...
Mütəxəssis məsləhət görür ki, uşağın yuxusu gəlməyəndə rahatlaşdırıcı vannalardan istifadə etsinlər, duş qəbulu, təmiz hava da buna çox kömək edər: "Xüsusi diqqət etmək lazımdır ki, yuxu gəlmədiyi müddətcə yataqdan oyun yeri kimi istifadə olunmasın. Yataq oyun yeri deyil və uşaq həmin yerin yatmaq üçün olduğunu bilməlidir. O cümlədən yataq rahat və yumşaq olmalıdır, yataq otağında televizor olmamalıdır. Otağın havasını tez-tez dəyişmək lazımdır, bu, çox vacibdir. Uşaq yatmazdan qabaq ona ağır qidalar verməyin. Göstərilən bu hallarla yuxu rejimini tədricən normallaşdırmaq olar. Bunlara rəğmən yuxu problemi iki həftədən çox davam edərsə, o zaman dərman vasitələri ilə kömək etmək olar".
Nevropatoloq bildirir ki, ana südü ilə qidalandığı dönəmdə uşaq anası ilə bərabər yata bilərlər: "Çünki ana tez-tez süd verməli olduğu üçün hər dəqiqə yatağından gedib uşağı götürməsi bir az çətinlik yaradır. Amma ümumi baxımdan uşaqlar valideynlərindən ayrı yatmağa nə qədər tez öyrəşdirilsə, bir o qədər yaxşıdır".

Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam