Bakıya elit başçını kim istəyir?
Seçkilər başa çatdı. İndi əsas gözlənti kadr islahatlarıdır

Yenixeber.org: İlk növbədə Bakının meri dəyişə bilər

Hacıbala Abutalıbovun postuna gənc və perspektivli kadrın yerləşdirilməsi gözlənilir. Prezident və I vitse-prezidentin Abutalıbovun işindən narazı qaldığı, şəhərin mer kreslosuna daha elit bir məmurun təyin olunmasını istədikləri iddia olunur. 

Parkomat biznesinin Abutalıbovun əlindən alınması da bu prosesin ilk qaranquşudur. İddialara görə, BŞİH rəhbəri çamadan ab-havasındadır, şələ-şüləsini yığışdırıb gedir.

Çünki onun adın indiyə qədər müxtəlif qalmaqallarda hallanıb, oğlunun vəhabi olduğu bildirilib, əməkdaşı Rafael Mehrəliyevin adı rabitə və MTN işində çəkilib, dəlixana kağızı belə üzə çıxıb, ən əsası bu illər ərzində qeyri-ciddi məmur təsiri bağışlayıb. 

Ona görə də Azərbaycan paytaxtına elit, müasir, texnologiyadan xəbəri olan bir icra başçısı təyin olunması siyasi rəhbərliyin planındadır. 

Yada salaq ki, prezident İlham Əliyevin 2012-ci ildə Nazirlər Kabinetinin iclasında Bakıda yol kənarında avtomobillərin saxlanılması və böyük parkinqlər tikilənədək bu məsələnin tənzimlənməsi barədə göstərişi Bakı meri üçün yeni qazanc yerinə çevrilmişdi.

Prezidentin bu iradından sonra Abutalıbov özünə yeni biznes yaratmağa başladı. Belə ki, müəyyən olunmuş ərazilərdə parkomatlar quraşdırıldı və sürücülərə burada maşın saxlamağa icazə verilmişdi.

İndiyə qədər sürücülərin 20-30 qəpiyə istifadə etdikləri xidmət illərdir ki, 30 dəqiqə üçün 50 qəpik, hər bir saat isə 1 manatdır. Yığılan pulların isə kimin cibinə getdiyi sirr deyil…

Onu da deyək ki, uzun müddətdir Dövlət Yol Polisi İdarəsi və “Azəravtoyol” ASC bir neçə parkomatın lazımsız yerlərdə quraşdırılması barədə məsələ qaldırmışdı.

Bununla bağlı şikayətlərin sayı artdığı üçün Abutalıbov Xüsusi Təyinatlı Avtonəqliyyat İdarəsinin rəisi Həsən Abdullayevi işdən kənarlaşdırmalı oldu. Bu sahədəki xaos və nəzarətsizliyin saxlanmasında məhz Abutalıbovun maraqları var. 
 Abutalıbovun 70-dən yuxarı yaşı var. Onun vəzifəsindən gedişi üçün bütün şərtlər yetişib. 

O baxımdan prezidentin və I vitse-prezidentin birgə məsləhəti ilə Bakıya yeni icra başçısı təyin olunacağı gözlənilir. 

Azərbaycan nəinki Cənubi Qafqazda, Avropa Şurasının üzvü olan yeganə ölkədir ki, paytaxt bələdiyyəsi yoxdur. 

Avropa Şurası Yerli və Regional Hakimiyyətlər Konqresi hələ 2003-cü ildə Azərbaycan hökumətinə tövsiyə edib ki, Bakı şəhərinə yerli özünüidarə hüququ verilsin, Bakı Şəhər Bələdiyyəsi yaradılsın, seçkili idarəçilik tətbiq edilsin və paytaxtın statusu haqqında qanun qəbul olunsun. 

Qeyd olunub ki, Bakı şəhəri ərazinin böyüklüyünə və əhalisinin say çoxluğunda baxmayaraq, özünü idarəetmə formasına malik deyil. Buna görə də Konqres “Paytaxtın statusu haqqında” xüsusi qanun qəbul etməyi məsləhət görür. 

Bakıda vahid mer institutu yaradılarsa, bütün rayon və qəsəbələrdə də yerli bələdiyyələr ola bilər, amma onlar vahid bir şurada birləşməlidir.
Ölkəmizdə isə bununla bağlı təkliflər 2009-cu ildə ortaya çıxmağa başladı. Böyük Bakı Bələdiyyəsi layihəsinin həyata keçiriləcəyi barədə məlumatlar yayıldı. 

Layihəyə əsasən sözügedən qurum şəhər təsərrüfatının vahidliyini təmin edəcək, yerli özünüidarəetməni həyata keçirəcək. 

Yerli vergiləri və ödənişləri müəyyənləşdirəcək, şəhərin sosial müdafiə və sosial inkişaf, iqtisadi inkişaf, ekoloji proqramlarının qəbulu, icrası, təhsil, səhiyyə, sanitariya müəssisələrinin təsis edilməsi, şəhər əhəmiyyətli su mənbələrinin idarə olunması, yolların tikilməsi, yarmarkaların təşkili, tarix və mədəniyyət abidələrinin mühafizəsi, köçürülməsi, qəbiristanlıqların qorunması, abadlıq işlərinin təşkili, şəhər ərazisində aparılan tikililərin layihələrinin və titul siyahılarının qanunvericiliklə müəyyən olunmuş qaydada təsdiqlənməsi, sosial-məişət və mənzil tikinti obyektlərinin qəbul edilməsi üzrə yaradılan dövlət komissiyalarına nümayəndələrin seçilməsində iştirak edəcək.

Bundan başqa, yerüstü sərnişin nəqliyyatının təşkili, marşrutların, iş rejiminin və dayanacaqların müəyyənləşdirilməsi, yerli və şəhər əhəmiyyətli bayram və digər kütləvi tədbirlərin təşkili, ictimai-siyasi tədbirlərin keçirilməsi vaxtının, yerinin, qaydasının razılaşdırılması, yanğın təhlükəsizliyi, mülki müdafiə, fövqəladə hallardan mühafizə sahəsində ilkin tədbirlərin təşkili, bütün növ seçkilərdə təşkilati, informasiya təminatında iştirak, seçicilərin seçki mədəniyyətinin artırılması işlərinin həyata keçirilməsi məsələlərini həll edəcək. 

Beləliklə də Bakı Şəhər İcra Hakimiyyətinin səlahiyyətlərinin böyük qismi Bakı Bələdiyyəsinə aid olacaq. Lakin göründüyü kimi, layihə hələ də yalnız tövsiyə kimi qalmaqdadır.(fia.az)