Redaktor seçimi
“Alfa LTD” şirkətinə növbəti ittiham:
“Bakı sarayları” mülk sahibləri ilə qarşıdurmada-
Yüzlərlə azərbaycanlının diri-dirini yandırıldığı məscid –
51 ilin neftçisi fəryad edir:
Alimin “İntihar kəndiri”:
Biləsuvarda analoqsuz “torpaq hərracı”:
Bir səfilin harayı:
Günün xəbəri

Azərbaycanda meşələrin qorunması bir çox ölkələrə nümunədir

Azərbaycanda meşələrin qorunması bir çox ölkələrə nümunədir

 

 

 

Birləşmiş Millətlər Təşkilatının Baş Assambleyası 2012-ci ildə martın 21-ni Beynəlxalq Meşələr (meşə və ağaclar) Günü elan edib

Yenixeber.org: Bu tarixi gün respublikamızda da təntənə ilə qeyd olunur, bütün meşə tiplərinin ekoloji vacibliyi, onların qorunması və artırılması gündəmə gətirilir. Xatırladaq ki, dünya üzrə meşə örtüyünün sahəsi 4 milyard hektardır. Bunun 809 milyon hektarı Rusiya Federasiyasının, 478 milyon hektarı Braziliyanın, 310 milyon hektarı Kanadanın və 303 milyon hektarı ABŞ-ın payına düşür. Son 200 ildə dünya üzrə meşə ərazilərinin sahəsi iki dəfədən çox azalıb.

Azərbaycanda meşələrin ümumi sahəsi 1021 min hektardır. Bu da respublika ərazisinin 11,8 faizini təşkil edir. Ölkəmizin meşə ehtiyatının 49 faizi Böyük Qafqaz, 34 faizi Kiçik Qafqaz, 15 faizi Talış və 2 faizi Aran zonasının (Naxçıvan MR ilə birlikdə) payına düşür. Azərbaycanda adambaşına düşən meşə sahəsi 0,12 hektardır. 261 min hektar meşə fondu sahəsi Ermənistan silahlı birləşmələri tərəfindən işğal edilib.

"İnsan təbiətdən öyrənir, onun vasitəsi ilə pərvəriş tapır, ağıla dolur, zənginləşir, təzələnir, təmizlənir" kimi müdrik fikri ifadə edən böyük dövlətçilik təcrübəsinə malik, dünya şöhrətli siyasətçi Heydər Əliyev respublikaya rəhbətliyinin hər iki dövründə Azərbaycan meşələrinin qorunmasını və inkişafını, ekoloji problemlərinin həllini daim diqqətdə saxlamışdır. Ötən əsrin 70-80-ci illərində ulu öndərin tövsiyəsilə bölgələrin mavi yanacaqla təmin edilməsi və yeni su-elektrik stansiyalarının yaradılması meşələrə əlibaltalı hücumların qarşısının alınmasında mühüm rol oynamışdır. Təbii ehtiyatlardan səmərəli istifadə, meşə-bərpa işləri, salınan min hektarlarla meşə massivləri, milli parklar, qoruqlar, digər yaşıllıqlar və təbiət yasaqlıqları, yaradılan dəryaçalar, nəhəng su anbarları, süni göllər, əlavə meşə ərazilərinin və yaşıllıq zolaqlarının salınması meşəçiliyin inkişafına yüksək töhfələr vermişdir.

Görkəmli təbiətşünas alim, akademik Həsən Əliyev ötən əsrin ortalarında, hələ bugünkü informasiya-kommunikasiya texnologiyalarının mövcud olmadığı, texnogen proseslərin belə qlobal xarakter almadığı bir dövrdə özünün məşhur "Həyəcan təbili" kitabında yazırdı: "Həyatda dərsə də gecikmək olar, bazara da... Amma təbiətin fəryadına gecikmək olmaz. Çünki təbiətin fəryadına gecikmək böyük faciələr yaradar." Bu gün bəşəriyyəti düşündürən bu faciəvi problemlərdən bəlkə də birincisi ekoloji durumla bağlıdır. Bu problemlərin səbəbləri müxtəlif vasitələrlə dünyada meşələrin, yaşıllıqların məhv edilməsidir. Kütləvi qırıntılar nəticəsində meşələrimiz xeyli seyrəlmiş, bir çox nadir ağaclar azalmışdır. Erməni işğalında olan min hektarlarla meşələrimiz isə ekoloji genosidə məruz qalmışdır. Dünya ictimaiyyətinə də yaxşı məlumdur ki, Azərbaycan torpaqlarının 20 faizə qədəri neçə illərdir Ermənistan silahlı qüvvələrinin işğalı altındadır. Həmin ərazilərdə bitən 460 növdən çox yabanı ağac və kolun 70-i dünyanın heç bir yerində təbii halda bitmir. Qaracöhrə, ayıfındığı, Araz palıdı, yalanqoz, Şərq çinarı, meşə üzümü, Eldar şamı, adi xurma, söyüdyarpaq armud və s. növ ağaclar ermənilər tərəfindən məhv edilərək dünya florası xəzinəsindən silinmək üzrədir. Mühafizə olunan 890 min hektar təbiət ərazilərinin 42997 hektarı erməni işğalçılarının tapdağı altındadır. Dağlıq Qarabağ müharibəsi nəticəsində Azərbaycanın Bəsitçay Dövlət Təbiət Qoruğu, Arazboyu Dövlət Təbiət yasaqlığı, Qaragöl Dövlət Təbiət Qoruğu, Laçın rayon Dövlət Təbiət yasaqlığı, Qubadlı rayon Dövlət Təbiət yasaqlığı və Daşaltı Dövlət Təbiət yasaqlığının ərazilərində olan qiymətli ağac və biomüxtəlifliyin bütün növləri bu gün də talan edilir.

İşğal olunmuş rayonlarda 247352 hektar meşə sahəsi, o cümlədən 13197,5 hektar qiymətli meşə sahələri, 152 ədəd təbiət abidəsi və 5 ədəd geoloji obyekt qalmışdır. Ermənilər bu təbiət abidələrinin əksəriyyətini tamamilə məhv etmişlər.
"Qırmızı kitab"a daxil edilmiş (Kəlbəcər rayonu) 968 hektar ərazini əhatə edən ayıfındığı ağacları kütləvi şəkildə qırılaraq xaricə satılır. Rayon ərazisində 4 mindən artıq müxtəlif növ bitki vardır ki, bunlardan 200-ə qədəri dərman bitkiləri olmaqla, onlar da xarici şirkətlər tərəfindən talan olunaraq müxtəlif ölkələrə daşınır. Bu isə bitkilərin həmin ərazilərdə kökünün kəsilməsinə səbəb olur. Bundan başqa, Ermənistan ordusunun əsgərləri tərəfindən qəsdən törədilmiş yanğınlar nəticəsində 96 min hektar otlaq, biçənək və yaşıllıqlar, həmçinin meşə sahələri yanaraq məhv olmuşdur.Şuşa şəhərindən cənubda, dəniz səviyyəsindən 1365 m hündürlükdə yerləşən, Titon yaşıl əhəng daşlarından ibarət uzunluğu 114 metr olan "Xan Mağarası" amansızlıqla məhv edilir, bəziləri digər məqsədlər üçün istifadə olunur.

Məmnunluq doğuran odur ki, ümummilli lider ölkədə ətraf mühitin qorunması, təbii sərvətlərin artırılması, zənginləşdirilməsi, ekologiyanın, meşənin mühafizə edilməsi sahəsində apardığı islahatlar, gördüyü səmərəli dövlət tədbirləri bu gün uğurla davam etdirilir. Son illər Birinci vitse-prezident Mehriban Əliyevanın təşəbbüsü və təşkilatçılığı ilə ətraf mühitin mühafizəsi, xalqımızın ekoloji cəhətdən saf və təmiz həyat tərzi keçirməsi üçün yaşıllaşdırma tədbirləri həyata keçirilir. Onun təşəbbüsü və iştirakı ilə hər il respublikamızda milyonlarla ağac və kol əkilir, meşələr və yaşıllıqlar bərpa edilir, yeni parklar, yaşıllıqlar salınır.
Respublikamızın təbiəti çox zəngin və rəngarəngdir. Ekoloji tarazlığı, ətraf mühitin mühafizəsini təmin etmək təkcə bu sahədə çalışanların işi deyil, hamının müqəddəs borcudur. Bütün sərvətlərini bizə səxavətlə bəxş edən ana təbiətə laqeyd münasibət bəsləməyə haqqımız yoxdur. Meşələrin qorunub gələcək nəslə çatdırılması ümumdövlət əhəmiyyətli məsələ kimi dəyərləndirilir. Odur ki, Azərbaycan meşələrinin daha da zənginləşməsinə, ətraf mühitin mühafizəsinə öz layiqli töhfələrimizi verməliyik.

Təqdirəlayiq haldır ki, son illər ölkə ərazisində meşə massivlərinin qorunmasına və onun əhatə dairəsinin genişləndirilməsinə dövlət tərəfindən xüsusi diqqət göstərilir. 2017-ci ildə meşəbərpa və meşə ilə örtülü ərazilərin artırılması məqsədilə 10152,2 hektar sahədə meşəbərpa işləri görülüb, 4002,2 hektar sahədə aqromeşələr, o cümlədən cənub bölgəsində 55 hektar ərazidə sitrus bağları salınıb, digər ağaclar əkilib. Ölkə üzrə 6150 hektar sahədə meşələrin təbii bərpa işləri aparılıb. 53,9 hektar sahəyə toxum səpilib, 31,76 hektar sahədə 1427,8 min ədəd toxmacar və 47,19 hektar sahədə 3410 min ədəd çilik basdırılıb. Tinglik sahələrində 35361,454 min ədəd müxtəlif çeşiddə əkin materialları yetişdirilib ki, bunun da 6046,97 min ədədi meyvə tingləridir. Yaxın gələcəkdə meşə massivlərinin və yaşıllıqların əhatə dairəsini daha da genişləndirmək məqsədilə Bakının Abşeron rayonu ərazisində Qala-Türkan avtomobil yolunun, Salyan rayonu ərazisində Xıdırlı qəsəbəsinin, Hacıqabul rayonu ərazisində Kalmaş yolunun ətrafında, Qaradağ rayonu Ələt qəsəbəsi ərazisində meyvə ağaclarından ibarət aqrobağların salınması üçün yeni ərazilər müəyyənləşdirilib.

Ekoloji tarazlığın qorunmasını və ətraf mühitin mühafizəsini dövlət fəaliyyətində həmişə önə çəkən Azərbaycan Prezidenti çıxışlarının birində demişdir: "İnsanın yaxşı həyatını təmin edən amillərdən biri də ekoloji vəziyyət, sağlamlıq və təbiətin, ətraf mühitin qorunmasıdır . İnsanların sağlamlığı, ekoloji vəziyyət, udduğumuz hava, içdiyimiz su - bütün bunlara biz çox böyük diqqət göstərməliyik..." Uğurlu ekoloji siyasətin nəticəsidir ki, indi Azərbaycanın zəngin meşələri, bitki örtüyü, yüzlərlə parkı, qoruğu və yasaqlığı var. Milli parkların, qoruqların, yasaqlıqların ərazisi genişləndirilir və yeniləri salınır. Qısa müddət ərzində beynəlxalq normalara uyğun olan Xüsusi Mühafizə Olunan Təbiət Əraziləri genişləndirilib. Bu məsələdə IDEA İctimai Birliyinin təsisçisi və rəhbəri Leyla Əliyevanın təşəbbüsü və dəstəyi ilə həyata keçirilən layihələrin də mühüm rolu var. Bütün bunlar bir daha təsdiqləyir ki, ümummilli lider Heydər Əliyevin ölkəmizdə ekologiyanın qorunması ilə bağlı əsasını qoyduğu ənənə bu gün uğurla davam etdirilir. Ölkəmizdə hər il aidiyyəti qurumlar tərəfindən meşəbərpa tədbirləri həyata keçirilir, yeni meşə sahələri və yaşıllıqlar salınır, qiymətli ağac və kol bitkilərinin qorunması və artırılması sahəsində işlər görülür.

Həyata keçirilən ekoloji layihələr Azərbaycanın bütün regionlarını əhatə edir. Hazırda vətəndaşların ağacəkmə aksiyalarında, yaşıllıqlar salınmasında fəal iştirakı bunun əyani göstəricisidir. Ekspertlərin fikrincə, bu gün Azərbaycanda ekoloji mühafizə, meşələrin qorunması və bərpası istiqamətində görülən işlər bir çox ölkələrə nümunədir.


Xəbər lenti

Reklam

Sorğu

    
     

    "Yeni xəbər" qəzetini bəyənirsinizmi?

    Bəli
    Xeyr