Redaktor seçimi
Şahmar İbadovun dövlətə meydan oxuması -
"Yaponski" səfirin BDU-da dekan müavini olan bacısının "kitayski" əməlləri - Bir İsmayılzadə DOSYESİ.. köhnə MTN -nin iziylə... -
Niyazi Bayramov dövlətin milyonlarını belə xərcləyir -
Abşeron-Xızı Regional Təhsil İdarəsi qohumbazlıq girovunda -
Qarabağ Qazisi Abdin Fərzəliyevi "topa tutdu":
12 illik icra başçısının gözqamaşdıran SƏRVƏTİ... -
Niyazi Bayramovun başı dərddə -Gəncədə daha kimlər həbs oluna bilər? -
Elm və Təhsil Nazirliyinin qrant müsabiqəsi-
Günün xəbəri

QARAYƏY QARABƏYOVUN İCTİMAİ-SİYASİ VƏ JURNALİSTLİK FƏALİYYYƏTİ HAQQINDA

 

 

 

 

QARAYƏY QARABƏYOVUN İCTİMAİ-SİYASİ VƏ JURNALİSTLİK FƏALİYYYƏTİ HAQQINDA

 

Yenixeber.org: Bir negə aydan sonra ölkəmizdə möhtəşəm, qürur verici bir bayramı böyük coşqu, ruhuh yüksəkliyi ilə qeyd edəcəyik. Bu bayram müsəlman Şərqində ilk Demokratik Respublikanın 100 illiyidir.

Bu bayramın geniş şəkildə qeyd edilməsi üçün Azərbaycan Respublikasının prezidenti cənab İlham Əliyev 16 May 2017-ci il tarixdə "Azərbaycan Cümhuriyyətinin 100 illik yübleyi haqqında"sərəncam imzalayıb. Bu ilin 10 yanvar 2018-ci il tarixdə isə 2018-ci ili "Azərbaycan Xalq Cümhuriyyəti ili"elan edib.

1918-ci ilin may ayının 28-də Müsəlman Şərqində ilk parlament respublikas-Azərbaycan Xalq Gümhuriyyəti quruldu. Bu respublikanın qurulmasında və bir il 11 ay yaşamasında öz fədəkarlığı, mübarizliyi ilə seçilinlərdən biri də "İttihad"partiyasının rəhbəri, bir sıra qəzetlərin naşiri və baş redaktoru, həkim Qarabəy Qarabəyov olmuşdur. Qarabəy Qarabəyov kimdir? Məncə Cümhuriyyətin tarixi ilə maraqlanan tarixi araşdırıcılardan başqa, bir kimsənin bu şəxsiyyət haqqında cüzü də olsa məlumatı yoxdur. Bunun da ən böyük günahı biz yazarlardadır. Əgər biz tarixin qaranlıq səhifələrinə vaxtında işıq sala bilsəydik, bu gün Qarabəy Qarabəyov və adını çəkmədiyim nə qədər şəxsiyyət tanınardı. Gəlin görək, uzun illər tanımadığımız, adı indi- indi qulağımıza çatan Qarabəy Qarabəyov harda doğulub və nəylə məşğul olub? Qarabəy Qarabəyov 1874-cü ildə Yelizavtpol qəzasının Zəyəm nahiyəsinə tabe olan Yuxarı Ayıblı kəndində İsmayıl ağa ilə Şeyda xanımın ailəsində dünyaya gəlmişdir. Tiflis gimnaziyasını, sonra isə Tartu Universtitenin Tibb fakultəsini bitirmişdir. Moskvada, Bakıda həkim, jurnalist, ictimai xadim kimi fəaliyyət göstərmişdir. ADR-in parlametində müxalifəti təmsil edən "İttihad"partiyasının rəhbəri olmuşdur. "Haqq yolu"(1911- 1912) jurnalının, "Yeni həyat"(1918) qəzetinin, "İttihad"və "İttixad"qəzetlərinin naçiri olmuşdur.

Sovet dönəmində daima təqiblərlə üzləşən, represiyalara məruz qalan görkəmli ictimai-siyasi xadim, həkim, jurnalist Qarabəy Qarabəyov 1953-cü ildə Özbəkistanın Səmərqənd şəhərində dünyasını dəyişmişdir.

Professor Aydın Dadaşov "Qarabəy Qarabəyov"adlı monoqrafiyasında yazır: "Qararabəy Qarabəyov haqqında ilk dəfə Azərbaycan Dövlət Xalq Təsərrüfatı İnstitunda təhsil alarkən tarix müəllimimiz İsfəndiyar İsayevdən eşitmişəm".

Aydın müəllimin bəlkə də bəxti gətirir. O, Milli Təhlükəsizlik Nazirliyinin yubleyinə həsr olunmuş "Birisi gün gecəyarısı"filimində çox kiçik yer tutan Qarabəy rolunda da çıxış edir. Və sonralar onu da qeyd edir ki, BDU-da "Mətbuat tarixi"kafedrasında müəllimlər hər zaman Qarabəyin "İttihad" qəzetindən söhbət açır, Azərbaycan mətbuat tarixinin banisi H.B. Zərdabinin dəfnində onun dərin məzmunlu çıxışını xatırlayırdılar.

Yuxarı Ayıblı 40 yaxın xırda kəndi əhatə edib. Bu kəndlərin arasında bizim Zəyəm- Cırdaxan kəndi də olub. 1874-cü ildə Yelizavetpol qəzasının Zəyəm sahəsinə tabe olan kəndlər 1924- cü ildən sonra Şiştəpə, İrmaşlı, Zəyəm- Cırdaxan və s. adlanmağa başlamışdır.

Qarabəy Qarabəyov ilk təhsilini Annunoda (Şəmkirin o vaxtkı adı) alman- rus liseyində almışdır. Lisey təhsilini başa vurduqdan sonra Qarabəy Tiflis şəhərinə gedir və orada gimnaziyaya daxil olur, oranı da əla qiymətlərlə bitirib Bakıya- anası Şeyda xanımın yanına gəlir. O vaxtı Şeyda xanım oğlanları Əli, Cəfər və qızı Gövhərlə birlikdə indiki Xəqani küçəsində yaşayırdı.

1889- cu ildə "İttiha və tərəqqi"adlı Yeni türklər hərəkatı yaradıldı. Həmin hərəkat müsəlman dünyasında təkcə dini yox, həmidə siyasi, iqtisadi, mədəni problemlərin əhatələnməsini qarşısına qoymuşdu. Əli bəy Hüseyinzadə, Qarabəy Qarabəyov bu hərəkatın öncüllərindən idilər.

Maarifin, təhsilin, mədəniyyətin inkişafı üçün Bakı milyonçusu H. Z. Tağıyev böyük fəallıq göstərirdi. Onun maddi dəstəyi sayəsində Moskva Universtetinin təbiət elmiləri fakultəsini 1893-cü ildə bitirən Qarabəy inqilabi fəaliyyətinə görə 1896-cı ildə həbs olunur və ona bir il iş kəsilir. Gənc Qarabəyin həbsi tələbələrin inqilabi fəaliyyətə qoşulmasına güclü təkan verir.

Qarabəy Qarabəyov 1897-ci ildə həbsdən azad olunur və Derpit (Tartu ) Yuriyev Universitetinin alman dilli tibb fakultəsinə daxil olur. O, Avropada geniş vüsət alan demokratiya və insan haqları ilə bağlı proseslərlə üzləşir və onun düşüncəsində, təfəkküründə yenidən bölünən dünyanın mənzərəsi canlanır.

27 yanvar 1899- cu ildə əczaçı- həkim kimi doğma Bakıya dönən Qarabəy Qarabəyov rus- müsəlman məktəbində həkim kimi işə başlayır. O, bu məktəbdə şagirdləri təmənnasız olaraq müayinə edir və mütamadi olaraq onlarla tibbə aid söhbətlər aparır.

1905-ci ilin 20 avqustunda bütün ön Qafqazı bürüyən inqilab dalğasından qorxuya düşən çar ən iyrənc və qorxulu bir üsula əl atır. Əsrlərlə mehirban qonşuluq şəraitində yaşayan millətlərin arasına milli nifaq toxumu səpir. Ermənilər Balaxanı, Ramanı, Sabunçu, Bibiheybət və başqa neft mədənlərinə od vurur, dinc insanları gülələyir. Qızışdırılmış, gözünü qan örtmüş ermənilər Qarabəyin qardaşı Cəfəri də elə evlərinin qarşısındaca güllələyirlər. Bundan böyük sarsıntı keçirən Qarabəyin bundan bərk sarsılır və onda intiqam hissi baş qaldırır. Çarizmin törətdiyi bu qlobal terrorun qarşısını almaq üçün fəal siyasətə qoşulur.

Həmin vaxt müsəlman şagirdlərin təhsil haqqını ödəyə bilmədiyindən məktəbləri tərk etməsi Qarabəy Qarabəyovu bir ziyalı, bir millətini sevən siyasətçi, jurnalist, həkim kimi qəzəbləndirdi. O, bu barədə 10 noyabr 1905-ci ildə "Kaspi"qəzetinin baş redaktoruna məktub ünvanlayır. O, qəzəb və hddətlə yazırdı: "Məyər Bakının müsəlman varlıları xilas yolunun oxumaqda olduğunu anlamırlarmı?".

23 aprel 1905- ci il tarixdə "Həyat"qəzetində Ü.Hacıbəylinin işıq ucu görmüş "Bakıda müsəlman icması" məqaləsində "Cümə günü Qarabəy Qarabəyovun sədirliyi, N. b. Vəzirovun,Ə.b. Ağayevin, M.b.Hacınskinin, H. b. Ağayevin iştirakı ilə" mitinq keçirilməsindən bəhs olunur.

Fevral ayının 20- də 1906-cı ildə Qafqaz caninişinin yanında erməni müsəlman sülh məclisində milli qırğını törədən səbəblər müzakirə olunur. Müzakirələrdə müsəlmanlar tərəfindən əsas söz sahibləri Ə.b. Ağayev, Ə,b. Topçubaşov və Qarabəy Qarabəyov idi. Göründüyü kimi Qarabəy Qarabəyov hər sahədə başqalarından daha fədəkar və əzimkar görünür.

Qarabəy Qarabəyov ictimai-siyasi xadim, maarifçi ziyalı, həkim olmaqla yanaşı, həmidə bacarıqlı, gözəl jurnalist idi. 14 dekabr 1911- ci il tarixdə naşiri və baş redaktoru olduğu "Haqq yolu"qəzetinin elə birinci

sayında "Bəşəri məslək"adlı məqaləsində peşəkar jurnalistikada dil- üslub problemlərini önə çəkirdi. Bu qəzetin səhifələrində Qarabəy Qarabəyovla yanaşı M.Ə.Rəsulzadənin, Ü.b.Hacıbəylinin, A. Qayıbovun, Ə. Fəhmi kimi müəlliflərin də müxtəlif mövzulardan bəhs edən məqalələri də dərc olunurdu. Xalqın ağrı və acılarını Qarabəy Qarabəyov "İrşad", "İttihad", "Yeni həyat", "Kaspi" kimi qəzetlərdə qabardırdı.

1912-ci ildə Qarabəy Qarabəyov elmi biliyini artırmaq üçün ailəsi ilə birlikdə Almaniyanın Berlin şəhərinə köçür və orada müasir klinikalarda irologiya, histologiya ilə tanış olur. Hətta rengen sahəsində təcürbə keçərək tibbin sirləri ilə tanış olur. Almaniyada yaşadığı müddətdə Qarabəy uzun illər üzərində işlədiyi "Türkcədən ruscaya mükəmməl lüğət"kitabını daha da təkmilləşdirərək İsa bəy Aşurbəyovun mətbəsində üçüncü dəfə nəşir etdirir.

Məlum olduğu kimi romantik şairimiz Məhəmməd Hadinin həyatında Qarabəy Qarabəyovun müstəsna xidmətləri olmuşdur. Qarabəy 1915-ci ildə Balkan müharibəsində həkim kimi fəaliyyət göstərirdi. M.Hadinin böyük istedadından xəbərdar olan, onun gələcəyindən narahatlıq keçirən Qarabəy onu özüylə Lvov şəhərinə aparır və Karpat dağlarında M. Hadi "alay axundu"və tibb qardaşı kimi fəaliyyətə başlayır. Üç illik müharibə "səyahət"i romantik şairin sağlamlığına və yaradıcılığına fövqəlada təsir göstərir.

ZƏRURİ HAŞİYƏ: Azərbaycan ədəbiyyatında və ictimai-siyasi fikirində müstəsna yer tutan Sabir Rüstəmxanlı böyük romantik şair M. Hadinin mürəkkəb və faciəli həyatından bəhs edən "Şair və Şər"romanında Qarabəy Qarabəyovunda fəaliyyətindən də müəyyən epizodlar vermişdir. Əsərdə mübahisə doğuracaq belə bir yer var. Qarabəy Hadiyə deyir: "Elə mən də sənin kimi dağ adamıyam.Tovuzu görübsənmi?

- Yox, Gəncəyə getmişəm, amma Tovuza yox!

- Müharibədən sonra gedərik".

Əvvəla onu deyim ki, Qarabəy Qarabəyov dağ adamı deyil. İstər Tovuzun Aşağı Ayıblısı olsun, istər də Şəmkirin Yuxarı Ayıblısı olsun, heç biri dağ kəndi deyil. Qarabəyin doğulduğu Şiştəpə (o vaxtlar Yuxarı Ayıblı)kəndi də heç vaxt Tovuzun tərkibində olmayıb. Sabir müəllim romanında tez-tez Qarabəyin atasının adını Hadinin dilindən Müzəffər kimi verir. Amma Qarabəyin atasının adı İsmayıl ağa olub. O da gənc yaşında Gəncə üsyanında həlak olub. Uşaqları anaları Şeyda xanım boya- başa çatdırıb.

Bu günkü kimi yadımdadır. Doğulub boya-başa çatdığım Zəyəm- Cırdaxan kəndində oxuduğum orta məktəbin yaxınlığında yaşı əsrlərlə ölçülən iki qoşa xan çinar ucalığı ilə göylərə meydan oxuyurdu. Adına da Böyük ağanın çinarı deyərdilər. Bu çinarlardan bir az yuxarı Alıbəy arxı deyilən arxın yuxarı tərəfində iki qəbir vardı. Bikdiyimə görə bu qəbirlərin biri Qarabəy Qarabəyin babasının, biri də nənəsinin idi. Təbii ki, bunu son on illikdə bilmişəm.

Mənim oxudum orta məktəb rayonumuzun ən baxımlı məktəblərindən biri idi 1937-ci ildə tikilmişdi. İşıqlı otaqları, yaşıl və geniş həyəti ilə göz oxşayırdı. İllər keçdi, kəndimiz böyüdü, əhalinin sayı artdı. Yeni məktəbin tikilməsi zərurəti yarandı. Üç mərtəbəli müasir məktəb binası tikildi. Kənddə yeni məktəbin tikintisi söhbəti gedəndə kənddə söz- söhbət yayıldı ki, bəs deməzsənmi Böyükağanın nəticəsi okiyanın o tayından xəbər göndərib ki, hansı böyüklükdə məktəb istəyirsiniz mən tikdirim.Amma məktəbə Böyükağanın adını verin. Ancaq biz tərəfdən reaksiya verilmədiyindən söz- söhbət də qapadılır.

Uzun sürən siyasi mübarizədən sonra 28 may 1918-ci ildə saat 19.10-da Azərbaycan milli Şurasında birləşmiş müsəlman nümayəndələri tərəfindən İstiqlal Bəyəmnaməsi qəbul edildi. Və Azərbaycan Demokratik Cümhuriyyəti elan olundu. Batumda olan Xarici İşlər Naziri M. Hacinski İstambul radiosu ilə Azərbaycan İstiqlalını dünyaya bəyan etdi. Bundan sonra Bakının ingilislərdən və bolşeviklərdən

təmizlənməsi ən vacib məsələlərdən biri kimi qarşıya qoyuldu. 7 avqust 1918- ci ildə İstambulda Azərbaycan nümayəndə heyətinə başçılıq edən M. Ə. Rəsulzadə M.N.Hacınskiyə məktub yazıb tapşırıq verdi ki, "Nəyin bahasına olursa- olsun Bakı tezliklə tutulmalıdır. Əks təqdirdə, baş vermiş fakt qarşısında çətin vəziyyətdə qalırıq. Bakıya doğru hərəkət yalnız Azərbaycanın adından olmalıdır, onu Azərbaycan hökuməti "tutmalıdır". Sentyabr ayının 4-də 1918-ci ildə Nuru paşanın tələbi ilə ingilislər Bakını tərk etdilər.

Panislamist əqidəli olan Qarabəy Qarabəy buna baxmayaraq turançılıq ideyasını da dəstəkləyirdi. Onun rəhbərliyi ilə "İttihad"partiyasının proqramına radikal maddələr əlavə edildi və partiya uzun sürən durğunluqdan çıxdı. Qarabəy ADR dövründə partiyasını "Musavat"dan sonra ən güclü partiyaya çevirdi.

1918-ci ilin 7 dekabr tarixində Azərbaycan Xalq Cümhuriyyətinin ilk iclası oldu. Və elə ilk iclasdaca Qarabəy Qarabəyov söz alır və rus imperiyasının böyük dövlətçilik ideyasını kəskin tənqid edir. Onun çıxışı parlaman üzvüləri tərəfindən sürəkli alqışlarla qarşılanır.

Qarabəy Qarabəyov siyasi fəaliyətlə bağlı eyni zamanda həkimliyi ilə də məşğul olur. "Kaspi"qəzeti 28 yanvar 1919-cu il tarixdəki sayında yazırdı: "Doktor Qarabəy Qarabəyov hər gün saat 8-dən 10-a, axşam isə 17-dən 19-a qədər özünün Vorovski küçəsindəki 17 saylı ev 1-də yerləşən xəstəxanasında xəstələri qəbul edir ".

Qarabəy Qarabəyov təpədən dırnağa hümanist bir siyasətçi, yorulmaz bir jurnalist idi. "İttihad" qəzetinin rusca çıxan 7 mart 1919-cu il ikinci sayında yazırdı: "Rus xalqı ilə hər tərəfli əməkdaşlıq vacibdir. Heç kim, heç vaxt millətimizin başına gələn müsübətlərə görə rus xalqını günahkar saymayıb. Rus imperiyası rus xalqı demək deyildir".

"İttihad"ın başqa bir sayında Qarabəy Qarabəyov müsavatçıların hökuməti yıxmaqda günahlandırdıqları ittihadçıları müdafiə edir və yazırdı: "Necə oldu ki, parlamanda var- yox on bir nəfərdən ibarət olan "İttihad"firqəsi arxasında qoca "Musavat" firqəsi durmuş, başdan- başa musavatçılardan təşkil olunmuş bir hökuməti yıxdı və heç "uf"da demədi".

Qarabəy yazısının bir yerində göstərir ki, musavat hər zaman Azərbaycanın müstəqilliyini qoruyacağına söz verir, amma Qarabağı, Gəncənin dağlıq hissəsini və ölkənin bəzi bölgələrini özününküləşdirməyə çalışan erməni daşnakları ilə birləşib koalisiya yaradır. Axı bu musavatın proqramına və taktikasına uyğun deyil.

1919-cu ilin 10 aprel tarixində Bakı bələdiyyə dairəsinin binasında 300 nəfər nümayəndənin iştirakı ilə "İttihad"ın ilk qurultayı işə başlayır. Firqənin sədri geniş hesabat məruzəsi ilə çıxış edir. Və hər kəsi Azərbaycanın istiqlalı və ərazi bütövlüyü uğrunda birləşməyə, bir olmağa çağrır. Bu vaxt Türk ordusunun Bakıdan getməsindən istifadə edən xain bolşeviklər Həştərxan limanının açılmasını tələb edən güclü nümayişlər keçirir. Qarabəy Qarabəyov parlamanın 34-cü iclasında çıxış edir və bolşeviklərin bu nümayişlərini iqtisadi yox, siyasi olduğunu bildirir. hətta onların qara, çirkin niyyətlərini də açıb göstərir. Bu da Azərbaycan istiqlaliyyətini və sərvətini əlindən çıxarmaqdır."İttihad"hökumətə müxalif idi, amma Azərbaycan millətinə və vətənə müxalif deyildi. Qarabəy Qarabəyov bunu bütün çıxışlarında və yazılarında dönə- dönə göstərirdi.

Azərbaycanı bolşevik- daşnak birləşməsindən təmizləmiş Nuru paşanın Batumda həbsi Qarabəyi hədsiz dərəcədə hiddətləndirmiş və "İttihad"qəzetinin26 may 1919-cu il tarixindəki sayında buna kəskin etirazını bildirmişdi.

Azərbaycan parlamanı Qarabağdakı iğtişaşlarla bağlı komissiya yaratmış, komissiyaya Qarabəy Qarabəyovu sədr seçmişdi. Komissiya sədri on gün ərzində Qarabağın müxtəlif yerlərində olmuş. hadisələri yerində izləmiş və parlementin 17 iyul 1919-cu il tarixdə baş tutan 52-ci iclasında rus dilində geniş hesabatla çıxış etmişdir. Sədrin obyektivliyi dinləyiciləri razı salmışdır. Onun təfsilatlı hesabatı, mövcud problemin hərtərəfli və obyektiv araşdırılması onun mütərəqqi jurnalist peşəsindən, vətəndaş mövqeyindən xəbər verirdi.

Qarabəy Qarabəyov parlamenin iclaslarında fəal iştirak edir, qaldırılan hər bir məsələnin həllində həqiqətin və ədalətin tərəfində durur. İrəvan qaçqınlarına ayrılan bir milyon manat yardımı yetərincə saymır və bu məsələnin siyasiliyini önə çəkilməzsə bunu dilənçiyə verilən cüzü qəpiyə bənzədir. İrəvan qüberniyasında yerli azərbaycanlılara edilən zülümlərin diqqət mərkəzinə gətirilməsi fonunda ermənilərin vəhşiliyinə başqa yerlərdən qovulmuş soydaşlarımızın hüququnun qorunmasını hakimiyyətdən qəti olaraq tələb edir.

Qarabəy Qarabəyov millətin xilasını, onun tərəqqisini yeni- yeni təhsil ocaqlarının açılmasında, maarifin təbliğində, gənclərin qabaqcıl xarici ölkələrdə təhsil almasında görürdü. 1 sentyabr 1919-cu ildə Azərbaycan parlamentinin qərarı ilə yaradılan komissiyasının tərkibinə Qarabəy də daxil edilmişdir. Komissiyanın tərkibində M.Ə. Rəsulzadə, M. b. Hacınski, Abdulla bəy Əfəndiyev də var idi. Onlar yüz nəfər gəncin Fransanın, İtalıyanın, İngiltərənin, Türkiyənin və başqa ölkələrin ali məktəblərində oxumaları üçün seçim etdilər.

Ölkədə məmurlar arasında olan rüşvətxorluğu və qanunsuzluğu Qarabəy parlamenin yüksək kürsüsündən bəyan edir və bu məmurların ciddi cəzalandırılmasını tələb edirdi. O, rüşvətxorluğu, qanunsuzluğu cəmiyyətin ən böyük bəlası sayırdı. Və hətta kimlərin kimlərdən nə qədər rüşvət aldığını da təksib olmaz faktlarla deyirdi.

Q.Qarabəyov qonşu Rusiyada baş verənləri, orda qurulan yeni quruluşu və V. İ. Lelinin siyasətini Rusiya üçün məğbul sayırdı. Amma bunun Azərbaycana şamil olunmasını qəti istəmirdi. O, göstərirdi ki, biz müsəlman ölkəsi olaraq öz gücümüzlə demokratik quruluşlu respublika qura bilərik. Bundan da belə nəticəyə gəlmək olar ki, ADR-nın süqutunda "İttiad"firqəsinin ittiham edilməsi tamamilə yanlış bir fikir idi.

15 mart 1920- ci ildə Rusiyada vətəndaş müharibəsi daha geniş vüsət aldı. Bolşeviklər denikinçiləri məğlub etdilər. Bolşeviklərin qələbəsi Azərbaycan Cümhuriyyətini bir təcavüzdən xilas edib, ikincisinə saldı. Bundan 4 gün sonra bolşevik daşnaklar iki azərbaycanlı əskəri qətlə yetirib Qarabağ məsələsini yenidən alovlandırdılar ki, bu da Azərbaycanın müstəqilliyinə növbəti təhlükə idi. Dəyərli oxucular, görürsünüzmü 1920-ci ildə baş verən qanlı olayla 1988-ci ildə iki nəfər dinc soydaşımızın- Əliylə, Bəxtiyarın ermənilər tərəfindən öldürülməsi necə də üst-üstə düşür. Deməli, bu ssenari keçən əsrin əvvəllərindən, bəlkədə ondan da qabaqdan hazırlanmışdır.

Q. Qarabəyov Qarabağ məsələsinə görə millətin həyacan və təlaş içində yaşadığını yaxşı görürdü. Və bunun qarşısının qətiyyətlə alınması üçün milli birliyin vacib olduğunu göstərirdi. Əliheydər Qarayevin: "Azərbaycan istiqlalının yeganə bir müdafiəçisi varsa, o da Azərbaycan kommunistləridir" sözlərinə acı- acı gülürdü.

3 aprel 1920- ci il tarixdə Zaqatala, Şirvən piyada və Tərtər süvari alayları erməni daşnaqlarını 3 gün ərzində məğlub edib Qarabağı onlardan təmizlədi.

Beş gün sonra AXC parlamentinin 139- cu iclasında dəmir yolunda tariflərin artırılması haqqında qanun layihəsinin müzakirəsi keçirıldı. Q. Qarabəyov qanun layihəsinin müzakirəsində çıxış edib, qiymətlərin

artırılmasının qəti əlehinə çıxdı və diqqəti dəmir yollarının yaxşılaşdırılmasına yönəltdi. Parlamentin başqa bir iclasında Qarabəy ölkənin bu ağır vəziyyətində Braziliyada, Çində və başqa- başqa uzaq ölkələrdə siyasi nümayəndəliklərin açılmasına kəskin ehtirazını bildirdi.

27 aprel 1920- ci il tarixdə AXC parlamentinin son iclası baş tutdu. Parlament sədri vəzifəsini icra edən Məmməd Yusif Cəfərov hakimiyyətin müqavimət göstərmədən bolşeviklərə verilməsi aktına imza atdı. Məmməd Əmin Rəsulzadə başda olmaqla parlament üzvüləri həbs olundu. Azərbaycanda bolşeviklərin hakimiyyəti quruldu. Bundan bir ay sonra bolşeviklər çoxpartiyalılığı həzm edə bilmədilər və Qarabəy Qarabəyovun başçılıq etdiyi, Əli bə, Bəşir bəy Aşurbəyovların. Sultan Məcid Qənizadənin, Cəmil bəy Ləmbəranskinin və başqalarının qadağan olunduğundan gizli fəaliyyətə keçmiş "İttihad"partiyası, "Vətən ya ölüm", "Mərkəzi ittihad"kimi çevik mübarizə qrupları yaratmaqla yeni hökuməti yıxmaq üçün mübarizə planı hazırlamaqda günahlandırdılar. Və toxunulmazlıq barədə verdikləri vədi kobudcasına pozdular. Qrabəyə ingilis cəsusu damğası vurub, ona cinayət işi açdılar. Və onunla yanaşı 155 nəfər partiya üzvünü də həs etdilər. Üç ay sonra N.Nərimanovun səyi nəticəsində Q.Qarabəyovla yanaşı onun qaynı Nəsrulla bəy Aşurbəyov da sovet repressiyasından azad oldular.

1922-ci ilin dekabir ayında N. Nərimanov SSRİ Mərkəzi İcrayyə Komitəsinin sədri seçilir və Qarabəy N. Nərimanovun sayəsində Rusiyanın istənilən şəhərində yaşamaq hüququ verən sənəd əldə edir. N. Nərimanovun rəsmi göstərişi ilə Qarabəy Kreml xəstəxanasında həkimliyə başlayır, eyni zamanda savadlı, bacarıqlı bir həkim kimi Tibb İnstitunda patoloji anatomiyadan dərs deyir. Qorki sovxozu ərazisində xəstə yatan V. İ. Lelini də müalicə edir. Bu zaman N. Nərimanovda da ürək ağrıları başlayır və Q. Qarabəyov N. Nərimanovun şəxsi həkiminə çevrilir.

Təaqiqatçı-alim Adil Hüseynov 1991-ci ildə "Kommunist"qəzetində "Əqidəcə fərqlənsələr də" adlı məqaləsində göstərir ki, arxivdə işləyəndə rəngi solmuş bir mətin keçdi əlimə. Mətində N. Nərimanovun Q. Qarabəyovun Türkcə- rusca lüğətinin nəşri haqqında rəyini oxudum. Və burdan məlum olur ki, Q. Qarabəyov Moskvada yaşadığı müddətdə iki dəfə nəşr etdirdiyi lüğət kitabını daha da genişləndirmişdir.

1923-cü il 7 iyul tarixdə Azərbaycanın müxtəlif bölgələrində hakimiyyətə qarşı müqavimət hərəkatları baş qaldırır. Bolşeviklər bu hərəkatların yatırılması üçün bütün vəhşiliklərdən istifadə edirlər. Bu işdə Əliheydər Qarayev amansızlığı və qəddarlığı ilə əqidə dostlarından fərqlənir. Partiya komitələri sədrlərinin iştirakı ilə keçirilən iclasda Qarabağın Dağlıq və Düzən Qarabağa bölünməsi qərarı verilir. Tədqiqatçı- alim Rafael Hüseynov "Millətin zərrəsi" kitabının "Qırmızı şeytanın mavi nökəri"bölməsində yazır Ki, Ə. Qarayev canfəşanlıqla Dağ Qarabağın Ermənistana qatılmasını təqdir edəndə N. Nərimanov qəzəblə ona deyir: "Qarabağ sənin filan yerin deyil ki, onu asanca hər yetənə verəsən" .

N. Nərimanovun ölümündən sonra Qarabəy Moskvadan Bakıya gəlməyə çox cəhd edir. Amma müəyyən səbəblər üzündən buna nail ola bilmir. Məcburiyyət qarşısında qalaraq 1929- cu ildə ailəsi ilə birlikdə Qırğıstanda geniş yayılmış yatalaq, vəba, taun kimi xəstəliklərlə mübarizə aparmağa yollanır. Qarabəy həkim kimi burda böyük işlər görür. Və 1933- cü ildə Özbəkistanın qədim Səmərqənd şəhərinə köçür. Tibb İstitunun əsas tədris bazasında baş həkimin müavini işləyir. Bir il sonra gizli yolla Bakıya gəlir. Və burda erməni tərəfindən şərlənib həbs olunur. Bir müddət həbsdə olan Q. Qarabəyov həbsdən çıxıb yenidən Səmərqəndə qayıdır və oradakı "Namazqah"vərəm sanatoriyasında həkim kimi çalışır. 1 fevral 1936- cı il tarixdən isə bu tibb müəssisəsinin baş həkimi təyin olunur.

20 yanvar 1937- ci il tarixində bir həkimin şikayət məktubu ilə N. Nərimanovun silahdaşı və pantürkist kimi on il müddətinə azadlıqdan məhrum edilir. Ölümünün sonuna qədər Səmərqəndə yaşayan Qarabəy Qarabəyov yeganə təsəllini türkün və müsəlmanın qatı, qəddar düşməni olan Stalinin ölümündə görmək olur.

1953-cü il 27 sentyabr tarixdə Qarabəy qürbətdə dünyasını dəyişir. Ölümündən düz on üç il sonra ona Özbəkistan SSR Ali Məhkəməsinin qərarı ilə bəraət verilir.

Beləliklə,vaxtıyla Zəyəm dəmir yolu stansiyasında ümidsizcəsinə hayqırdığı "Yanmadı ocağı Qarabəyovun!.." kəlməsi bu gün artıq başqa cür səslənir. Məmləkətimiz uzun illərdən sonra yenidən müstəqilliyinə qovuşdu. Çox təəssüf ki, belə bir istiqlal mücahidinin, ictimai- siyasi xadimin, naşirin,həkimin adına doğulduğu kənddə, rayonda nə bir küçə, nə bir park,nə də bir xəstəxana var. Bu gün kimdən soruşsan ki, Qarabəy Qarabəyov kim olub? Təbii ki, cavab bir mənalı olaraq belə olacaq. Bilmirəm.

Demək, biz hələ də özümüzü özümüzüzə tanıda bilməmişik. Çox təəssüf!!!...

Məhərrəm Şəmkirli

AJB.nin üzvü

 


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam