Redaktor seçimi
12 illik icra başçısının gözqamaşdıran SƏRVƏTİ... -
Niyazi Bayramovun başı dərddə -Gəncədə daha kimlər həbs oluna bilər? -
Elm və Təhsil Nazirliyinin qrant müsabiqəsi-
Cahid Hüseynovun və qohumlarının “Azəriqaz”dakı qanunsuz əməlləri... -
XALQDAN “QAZANILIB” BRİTANİYADA BATIRILAN MİLYONLAR - Və deputat Feyziyevin digər həmkarlarından fərqi -
Kərəm Həsənovun müavinindən şikayət etdi, evinin "altını üstünə çevirdilər" –
"Azərenerji" ASC-nın dövləti milyardlarla borca salmasının səbəbi bilindi-
SUDAN ÇIXARILAN MİLYARDLAR... – Əhmədzadələrin dəbdəbəli həyatının sirri -
Günün xəbəri

2018-Cİ İLDƏ DÜNYANI GÖZLƏYƏN 10 ƏSAS RİSK–“Geosiyasi depressiya” kimləri yaxalayacaq?

İan Bremmer

“Taym” jurnalı

04 yanvar 2018

 

Bazarlar inkişaf edir, lakin həm inkişaf etməkdə olan, həm də inkişaf etmiş ölkələrin vətəndaşları arasında fikir ayrılığı güclənir.

Yenixeber.org: II Dünya Müharibəsindən sonrakı dövr ilə müqayisədə bu  gün liberal demokratiyanın legitimliyi daha azdır, dünya nizamı isə dağılır. Son 20 ildə beynəlxalq siyasətdə çoxlu sarsıntı və böhran vəziyyəti müşahidə edilib. Ancaq görünür, 2018-ci ildə geosiyasi baxımdan 2008-ci ilin maliyyə böhranı ilə müqayisə edilə bilən, gözlənilməz böhranla nəticələnəcək xüsusi vəziyyət yaranacaq.

Təsisçisi və prezidenti olduğum, siyasi risklər sahəsində konsultasiya ilə məşğul olan “Eurasia Group” araşdırma mərkəzinin məlumatlarına əsasən, “geosiyasi depressiya” riski 2018-ci ildə 10 əsas risk üçün zəmin yaradır.

Fikrimizcə, ilk baxışdan göründüyü kimi elə də böyük olmayan bir neçə risk də mövcuddur.

1. Çinin nüfuzunun artması

Vaşinqtonun razılaşdırılmış və ardıcıl siyasətinin olmadığı bir vaxtda Çin hökuməti ölkənin mövcudluğunun xarici şəraitini nəzərdən keçirib, yeni qaydalar müəyyənləşdirib, dünyada ən effektiv qlobal ticarət-investisiya strategiyası yaradıb və dövlət maraqlarını irəlilətmək üçün Çinin texnoloji şirkətlərindən istifadə edir. Pekin başqa ölkələrin siyasi və iqtisadi həyatına müdaxilə etməyəcəyinə dair söz verməklə investisiyalar yatırır və nüfuzunu artırır. Həmin ölkələr isə öz növbəsində Çinə inteqrasiya etməyə və ona oxşamağa çalışırlar. Qlobal biznes mühiti yeni qaydalara, standartlara və metodlara adaptasiya olunmalıdır. 2018-ci ildə xüsusilə ticarət sahəsində Amerika-Çin münaqişəsi daha çox ehtimal olunur.

2. Faciəvi hadisələrin baş vermə ehtimalı

11 sentyabr hadisəsindən sonra ciddi geosiyasi böhran yaşanmayıb. Ancaq bu gün bir çox bölgələrdə istənilən yanlış hərəkət və ya yalnış bir söz ciddi beynəlxalq münaqişəyə səbəb ola bilər. Ən böyük risk kibermühitində münaqişə və rəqabət, Şimali Koreya, Suriya, ABŞ və Rusiya arasındakı münasibətlərdə gərginliyin artması, Suriya və İraqdan çıxan İŞİD döyüşçülərinin yayılması ilə bağlıdır.

3. Texnoloji soyuq müharibə

Dünyada ən amansız mübarizə yeni informasiya texnologiyalarının yaradılması sahəsində iqtisadi nüfuz mərkəzləri uğrunda aparılır. ABŞ və Çin süni intellekt və superkompyuter texnikası sahəsində birincilik uğrunda mübarizə aparacaq, həmçinin bazarda dominant mövqe tutmağa çalışacaq. Hansına etibar etməli və hansının standartlarını qəbul etməklə bağlı Afrika ölkələri, Hindistan, Braziliya və hətta Avropa ölkələri bu ikili arasında seçim etməlidir. Ümumi texnologiya bazarının fraqmentləşdirilməsi bazar riskləri ilə yanaşı, xüsusilə yerli şirkətlərin qlobal viruslarla mübarizə aparması fonunda informasiya təhlükəsizliyinin pozulması ilə əlaqədar risklər yaradır.

4. Meksika amili

2018-ci il Meksika üçün həlledici il olacaq. Çünki Azad Ticarət haqqında Şimali Amerika sazişi (NAFTA) ilə bağlı danışıqlar kritik həddə çatıb, seçicilər isə yeni prezident seçirlər. NAFTA danışıqlarının uğursuzluğu sazişin ləğvi demək deyil, amma sənədin gələcəyi ilə bağlı qeyri-müəyyənlik Meksikanın ABŞ ilə ticarətdən ciddi asılılığını nəzərə alsaq, ölkənin iqtisadiyyatına neqativ təsir göstərəcək. İyulun 1-i keçiriləcək prezident seçkilərinə gəldikdə isə korrupsiya qalmaqalları, narkokartellərin fəaliyyəti və ləng iqtisadi artıma görə ictimai narazılıq güclənir. Dəyişikliklərin vacibliyi Andres Obradorun (Andres Manuel Lopez Obrador) xeyrinə səslənən arqumentdir. Qeyd edək ki, Obrador investorlar üçün əlverişli iqtisadi siyasətdən prinsipial olaraq imtina edir.

5. ABŞ və İran arasında gərgin münasibətlər

Donald Tramp (Donald Trump) İrana nifrət edir. Nüvə sazişi, çox güman 2018-ci ildə də qüvvədə qalacaq, ancaq sənədin ləğv olacağı ilə bağlı ciddi ehtimal var. Tramp Səudiyyə Ərəbistanını dəstəkləməyə, habelə Suriya, İraq, Livan və Yəməndə İranın qarşısının alınması ilə bağlı siyasəti həyata keçirməyə davam edəcək. Ballistik raketlərdən istifadə, terrorizmə dəstək və insan hüquqlarının pozulmasına görə ABŞ İrana qarşı getdikcə daha tez-tez sanksiyalar tətbiq edəcək. Nüvə sazişi pozulsa, İran nüvə proqramını sürətləndirəcək və yenidən region üzərində ABŞ və/və ya İsrail tərəfindən zərbə təhlükəsi yaranacaq.

6. Qurumların zəifləməsi

Sülh və çiçəklənməni təmin edən, həmçinin dəstəkləyən hökumətlər, siyasi partiyalar, kütləvi informasiya vasitələri, məhkəmə və maliyyə müəssisələri ictimai inamı itirməyə davam edirlər. Halbuki bu qurumların legitimliyi məhz ictimai etibardan asılıdır. “Brexit” səsverməsi və Donald Tramp seçkiləri zamanı özünü göstərən populizm 2018-ci ildə inkişaf etməkdə olan ölkələrdə də anti-nomenklatura populizminə təkan verəcək.

7. Neo-proteksionizm

İnkişaf etmiş bazar iqtisadiyyatı olan ölkələrdə isteblişmentə qarşı hərəkatların fəallaşması nəticəsində siyasətçilər qlobal iqtisadi rəqabətə münasibətlərini dəyişmək məcburiyyətində qalacaq. Onlar rəqibi əldən salmaq taktikasından istifadə edərək güzəştə getməyən mövqe sərgiləyirlər. Nəticədə təcrid və soyuqluq artır. Neo-proteksionizm nəinki emaledici sənaye və kənd təsərrüfatında, həmçinin rəqəmsal iqtisadiyyat və innovasiya sahələrində maneələr yaradır. Yeni maneələr elə də nəzərə çarpmır: bu gün ticarət rüsumları və kvotları yerinə “ölkədaxili” məhdudlaşdırıcı tədbirlər kimi alətlərə (maliyyə yardımı proqramları, dotasiyalar, subsidiyalar və “yerli istehsalçıların məhsullarını almaq” tələbləri) daha çox üstünlük verilir.

8. Britaniyada fikir ayrılığı

Böyük Britaniya həm AB-dən çıxmaq ilə bağlı sərt danışıqlara, həm də daxili siyasi böhran riskinə görə ciddi çətinliklər yaşayır. “Brexit”ə gəldikdə “hər şey razılaşdırılmayana qədər heç nə razılaşdırılmayıb” prinsipi hər iki tərəfin nümayəndələri və hər bir nümayəndəlik arasında xırda məsələlər uğrunda sonsuz döyüşlərə səbəb olacaq. Daxili siyasətə gəldikdə isə AB-dən çıxma prosedurunu idarə etmək baş nazirə baha başa gələ bilər, onun istefasına səbəb ola bilər. Əgər belə olsa, onda Tereza Meyin (Theresa May) yerinə, çox güman, daha sərt mövqe tutan mühafizəkar siyasətçi gələcək. Bu da (Lissabon sazişinin – red.) 50-ci maddə üzrə danışıqları xeyli çətinləşdirəcək. Ya da yeni seçkilərdən sonra onu Leyboristlər partiyasının lideri Ceremi Korbin (Jeremy Corbyn) əvəzləyəcək.

9. Cənubi Asiyada identiklik siyasəti

Cənub-Şərqi Asiyanın bəzi bölgələrində islamizm yerli populizm şəklinin mənbəyi funksiyasını yerinə yetirir. Bu da özünü ən çox İndoneziya və Malayziyada göstərir. Bəzi ölkələrdə qeyri-proporsional şəkildə sərvətin daha böyük hissəsinə malik olan etnik çinlilərin narazılığı bu yaxınlarda xüsusilə İndoneziyada kəskin artıb. Myanmada müsəlman azlıqların təqibi humanitar böhrana səbəb olub. Hindistanda 2019-cu il seçkiləri ərəfəsində baş nazir Narendra Modi (Narendra Modi) dəstəyi artırmaq məqsədilə müsəlman və aşağı kastalardan olan induslara zərbə endirməyə çalışan ictimaiyyətin radikal elementlərinə göz yumaraq millətçilikdən istifadə edə bilər.

10. Afrikanın təhlükəsizliyi

2018-ci il Afrika periferiyasında (Mali, Cənubi Sudan, Somali) qeyri-sabitliyin neqativ nəticələri əsas ölkələrə (Kot-d’İvuar, Nigeriya, Keniya, Efiopiya) yayılacacaq. Əsas təhlükə davakarlıq və terrorizmlə əlaqədardır. Vaxtilə zəif ölkələrdə sabitliyin təmin edilməsinə yardım edən xarici tərəfdaşlar indi çaşbaş qalıblar. Təhlükəsizliyin təmin edilməsi üçün Keniya, Nigeriya, Uqanda və Efiopiyaya daha çox vəsait ayrımaq lazımdır, həmçinin bu ölkələrin hökumətləri xərclərini azaltmalıdır. Terror aktları isə xarici investorlara mənfi təsir göstərə bilər.

Yayındıran məqamlar və ya əhəmiyyətsiz risklər

Tənqidə məruz qalan Tramp administrasiyasının sabitliyi pozan və ya istənilən başqa siyasətə qanuni qüvvə vermək imkanı yoxdur. 2018-ci ildə Avrozona siyasi riskdən imtina edəcək. Görünür, Venesuelada siyasi münaqişə dondurulub, çünki prezident Nikolas Maduro (Nicolas Maduro) təəccüblü də olsa, dözümlü davranıb. (Xpressa) 


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam