Redaktor seçimi
Qarabağ Qazisi Abdin Fərzəliyevi "topa tutdu":
12 illik icra başçısının gözqamaşdıran SƏRVƏTİ... -
Niyazi Bayramovun başı dərddə -Gəncədə daha kimlər həbs oluna bilər? -
Elm və Təhsil Nazirliyinin qrant müsabiqəsi-
Cahid Hüseynovun və qohumlarının “Azəriqaz”dakı qanunsuz əməlləri... -
XALQDAN “QAZANILIB” BRİTANİYADA BATIRILAN MİLYONLAR - Və deputat Feyziyevin digər həmkarlarından fərqi -
Kərəm Həsənovun müavinindən şikayət etdi, evinin "altını üstünə çevirdilər" –
"Azərenerji" ASC-nın dövləti milyardlarla borca salmasının səbəbi bilindi-
Günün xəbəri

FAZİL MUSTAFADAN ELÇİBƏY HAQDA MARAQLI XATİRƏLƏR:"Heydər Əliyev Elçibəylə müttəfiqlikdən imtina etdi" - MÜSAHİBƏ

Böyük Quruluş Partiyasının sədri, Milli Məclisin deputatı Fazil Mustafa Teleqraf.com saytının "Portret" layihəsində Azərbaycanın mərhum prezidenti Əbülfəz Elçibəy haqqında maraqlı fikirlər səsləndirib.

Yenixeber.org həmin müsahibəni təqdim edir:

 

– Fazil bəy, bu gün Elçibəy sizin üçün kimdir?

– Hər şeydən öncə, ömrümün önəmli bir hissəsində dərin iz buraxmış, maraqlı xatirələrlə yadda qalan bir insan obrazıdır Elçibəy! İndi də bilmirəm, ona necə yanaşım: müəllimim, liderim, prezidentim, dostum kimi tələffüz edim, yoxsa XX əsrin sonlarına damğasını vurmuş bir tarixi şəxsiyyət kimi? Yenə də xatirəmdə bir dost kimi qaldığı daha çox ağırlıq qazanır. Mən bu qədər rahat söhbət apardığım, müzakirə və mübahisə etdiyim, yumorundan, təsirləndirici pafosundan, duyğusal təsvirlərindən zövq aldığım çox az sayda insana rast gəlmişəm.

– Onunla ilk tanışlığınızı, ilk ünsiyyətiniz necə oldu, xatırlayırsınızmı?

– İlk dəfə 1981-ci ildə görüşmüşəm, 9-cu sinifdə oxuyanda. Naxçıvanda gizli təşkilatın üzvü idim, qiyabi olaraq "Bəy" obrazı barədə Pionerlər Sarayındakı şeir dərnəyində müəllimim olan mərhum Asif Kələntərli bilgi vermişdi. O zaman yayğın olan Azərbaycanın bütövlüyü mövzusunda xeyli şeirlərim vardı, bir qohumum Almurad bəylə tanış etmişdi, o da həvəsləndirmişdi ki, Bəy Naxçıvana gələndə mütləq səni onunla görüşdürəcəyəm.

Və 1981-ci ilin avqust ayında Bəylə məni qohumlarının evində görüşdürdü. İki saata yaxın söhbət etdik, şeirlərimi bircə-bircə diqqətlə oxudu, hiss etdim ki, xeyli razı qalıb. Antisovet, eləcə də milli kimliyimizin tanıtımı istiqamətdə Naxçıvanda gördüyümüz işlərlə bağlı verdiyim məlumatları da maraqla dinlədi. Sonra Bakıdakı ev telefonunu yazaraq söylədi ki, Bakıya universitetə qəbula gələndə mütləq ona zəng edim. Dedi ki, sən mütləq universitetdə oxumalısan, blirəm, sənin kimi uşaqlara maneçiliklər çox olacaq, lakin mən də dostlarım vasitəsilə qəbul olunmağına kömək edərəm.

– Kömək elədimi?

– Hər halda fikirlərimi və şeirlərimi qiymətləndirməsi məni qürrələndirdi. Ancaq Bakıya gedəndə ənənəmə uyğun olaraq kimdənsə kömək ummağı özümə məqbul saymadığıma görə, əlaqə saxlamadım.

– Onu bir də nə vaxt gördünüz?

– Növbəti dəfə isə 1987-ci ilin əvvəllində hüquq fakultəsinin tələbəsi kimi qeyri-rəsmi şəkildə yaşadığım Leytenant Şmidt zavodunun yataqxanasındakı otağımızda dostlarla birlikdə maraqlı bir görüşümüz oldu və o zaman ilk görüşümüzü xatırladıq. Sevindi ki, hüquq fakultəsində oxuyuram.

– Siz Elçibəyin köməkçisi, müşaviri, Türkiyə təmsilçisi, siyasi məsələlər üzrə müavini olmusunuz və s. Niyə məhz siz?

– Həqiqətən də siyasi həyatda bütün karyeram Elçibəyin funksional fəaliyyəti ilə bağlı olub. Hələ üstəlik Kələkidə olanda da onun aparatının rəhbəri olmuşam. Bunlar, hər şeydən öncə, özünün seçimi idi. Mənimlə hər bir məsələdə rahat müzakirə apara bilirdi, bəzən səsləndirdiyim tənqidi mülahizələri diqqətə alırdı, yazdığım hansısa bəyanata, müraciətə, çıxışa düzəliş etməzdi, adətən, deyərdi ki, düşündüklərimi yazmısan. Hətta Türkiyədə olarkən onun "Tolunoğulları dövləti" kitabını çapa hazırlarkən bir sıra ixtisarlara ehtiyac duyuldu, oradakı bəzi təsbitlər əsərin ruhuna uyğun gəlmirdi. Onları dəyişdirib baxması üçün ona – Kələkiyə göndərəcəyimi söylədim. Telefonda bildirdi ki, sən nəyi məsləhət bilirsən, ixtisara salmaqda sərbəstsən. Hətta vəfat etməzdən öncə ağır xəstəlik durumunda yazdığı vəsiyyətlərin cümlə quruluşunda lazımi texniki düzəlişlər aparmağı da mənə həvalə etmişdi. Buna siyasətdə bizimlə birlikdə olan insanlar şahiddir, kimlərəsə əsəbləşə bilərdi, kimlərisə tənqid edərdi, bircə dəfə də olsun mənə qarşı hansısa yanlışımla bağlı irad səsləndirmədi.

– Bəlkə, doğrudan da, səhviniz yox idi?

– Əlbəttə, mənim də səhvlərim vardı, ancaq aramızda o qədər sayğın və etimadlı bir münasibət vardı ki, sona qədər də bunu qoruyub saxladı.

– Bəyin sizə xüsusi münasibətinin səbəbi nə idi?

– Xüsusi münasibətin bircə səbəbi var idi: o əmin idi ki, heç zaman onu aldatmaram, onun başı üstündən kimlərləsə separat danışığa getmərəm. Bir də bizim istənilən mövzuda fikirlərimiz fərqli olsa da, müzakirələrimiz maraqlı olurdu. Ədəbiyyatdan, tarixdən, sənətdən, siyasətdən, dindən çox maraqlı diskussiyalarımız vardı. Təəssüf ki, bunları o zaman yazıya köçürmədik ki, bu gün yaddaş təzələyə bilək.

– Çoxları Elçibəylə dostluğundan danışır. Bəs, sizcə, doğrudan da, onun yaxın dostları kimlər idi?

– Tanınmış şəxsiyyətlərin dostu olmaq çoxlarının arzusu olduğundan bunu normal qarşılayıram. Ümumilikdə isə Elçibəy siyasi münasibəti dostluq münasibəti ilə qarışdırmazdı. Kriminal sferadan da, ziyalı çevrəsindən də, sadə insanların içində də xeyli dostları olduğunu bilirəm. Səmimi dostlarından birincisi kimi, mənim də əziz dostum olan Basqal Həsəni tanıyıram. Mərhum Rafiq İsmayılovla, Novella xanımla, Becan Fərzəliyevlə, Abbas Musayevlə, Oqtay Məmmədovla və adını xatırlamadığım bir çox insanlarla səmimi dostluğunu bilirəm.

– Maraqlıdır, krminal sferadan kimlə dost idi ki?

– Adlarını unutmuşam. Ancaq bir neçə dostunun olduğunu bilirəm. Həbsdə bir yerdə olmuşdular.

– Elçibəyin Naxçıvanda köhnə bir evinin şəklini tez-tez sosial şəbəkələrdə paylaşılır. Doğrudanmı, onun bu evdən başqa mülkü yox idi?

– Həqiqətən də prezidentlikdən gedəndən sonra bəyin Kələkidəki evdən başqa özünə aid evi yox idi. Prezident olana qədər də qardaşı Almuradın evində qalırdı. Kələkidəki ata ocağı da bərbad gündə idi, ora köçəndən sonra cəbhəçilər tərəfindən təmir olundu və orada ailəsi ilə birlikdə yaşadı. Bakıya dönüşdən bir il sonra ona rəğbət bəsləyən insanlardan bir neçəsi yığışıb "Vorovski" deyilən yerdə ikimərtəbəli yaşayış evi alıb bağışladılar. Tanınmış iş adamlarından biri də maşın bağışlamışdı. Başqa mülkü olmamalıdır, hər halda olsaydı, bu barədə bilgim olardı. Həqiqətən, Bəydə tamah deyilən bir xəstəliyin şahidi olmadım.

– Bəs həmkarınız Tahir Kərimli nə üçün bir müsahibəsində deyir ki, hal-hazırda Bakıda Elçibəyin adına bir milyon manatdan artıq mülk var?

– Sanki Tahir Kərimli ciddi bir kəşfiyyat məlumatı bildirib. Həmin mülk barədə söylədim, qiymətini deyə bilmərəm, ancaq bu mülkü Elçibəyə bağışlayanlar ona rəğbət bəsləyən dəyərli insanlar idi. Sadəcə, izn almadığıma görə, adlarını çəkmək istəmirəm. Ölkənin prezidenti olmuş bir şəxsin evinin olmasında nə qəbahət var ki? Hazırda orada ailəsi yaşayır və 4-5 sot bir torpaq sahəsində tikilmiş evdən söhbət gedir. Bildiyim bir gerçək var ki, evin bahalı və böyük olmasının Elçibəy üçün hansısa əhəmiyyəti yox idi. Özü Cıdır Meydanının yaxınlığındakı kirayə götürülən üçotaqlı evi həm iş yeri, həm də yaşam yeri kimi istifadə edirdi və ailəsinin normal yaşaması üçün mənzil yox idi. Dostlar da bu səbəbdən həmin evi götürməyi təkidlə xahiş etmişdilər. Həm də nəzərə almışdılar ki, Xalq Cəbhəsinin binası əlindən alınmışdı, "Azadlıq" qəzetinin redaksiyasındakı otağı balaca və şəraitsiz idi. Evində adamları qəbul etmək üçün daha uyğun şərait yaratmaq mümkün oldu.

– Elçibəyin dinə münasibəti necə idi? Namaz qılırdı?

– Ərəb dilini bildiyindən dini bilgiləri, dinlər tarixi barədə təsəvvürləri çox geniş idi. Maraqlı Quran avazı vardı. Dindar deyildi, ancaq Kələkidə olduğu zaman iki il bizimlə bərabər oruc tutdu.

– Namaz da qılırdı?

– Namaz qılmazdı. Ancaq din mövzusunda gənclikdə tərcüməçi işlədiyi Misirdən maraqlı xatirələr danışırdı. Din mövzusunda söhbətlərə o qədər də maraq göstərməzdi. Ən çox Güney Azərbaycandan alınan məlumatlara diqqət yetirirdi.

– Son görüşünüzü necə xatırlayırsınız? Nə danışmışdınız?

– Son görüşüm Ankaraya xəstəxanaya yola salınma mərasimindən öncə idi. Son görüşümüz elə son vaxtlarını yaşadığı dostumuz Rafiq bəyin bağında baş tutdu. Məndə hardasa ümid vardı ki, o, sağalıb qayıdacaq. Xalq Cəbhəsində vəziyyət çox gərgin idi. Səhhətinə görə bu mövzuya qayıtmadıq və sağ-salamat geri dönməsini arzuladıq.

– Elçibəy dünyasını dəyişəndə siz onun haqqında kövrələ-kövrələ danışdığınız bir video var. Aradan illər keçib, yenə də elə bir məqam olurmu ki, Elçibəydən danışanda kövrələsiniz?

– Elçibəyin ölümü mənim üçün çox böyük sarsıntı idi. Siyasi yaşamımın bəlkə də ən ağır sarsıntısı. Basqallı Həbib kişi adında bir ağsaqqal vardı. Nurani, inanclı bir insan idi. Əbülfəz bəyin saflığını çox yüksək dəyərləndirərdi. Ona "məzlum Əbülfəz" deyərdi. Mənim üçün isə Bəy məzlumluqla cəsurluğu öz obrazında cəmləşdirən bir şəxsiyyət idi.

– Mərhum oğlunuzun da adını Elçibəy qoymuşdunuz…

– Bəli… Və Elçibəy adı çəkiləndə mərhum dostum Elçibəylə yanaşı, onun xatirəsini yaşatmaq üçün adını verdiyim mərhum oğlum Elçibəyi də birlikdə anıram. Onlar mənim üçün ad olaraq da, ruh olaraq da, sanki, birlikdədirlər.

– Fazil bəy, dediniz ki, Elçibəy mənə inanırdı, etibar edirdi. Bəs özünüzü onun qarşısında günahkar hesab etdiyiniz an olubmu?

– Olub. Mənim xərçəng xəstəliyi haqqında o vaxt təsəvvürüm, demək olar ki, yox idi, normal müalicədən sonra sağalacağını düşünürdüm. O, xəstəliyi ilə bağlı ilk dəfə 2000-ci ilin yanvar ayında mənimlə açıq söhbət etdi, Türkiyədəki dostlarımızla təmasa keçib, hökumətin müalicə üçün hay-küysüz yardımçı olmalarını xahiş etdim. Bu işlərdən Türkiyədə Səlcuq bəyin, burada da Elçibəyin köməkçisi Oqtay bəyin xəbəri vardı. Bizim məqsədimiz onu Türkiyəyə deyil, Avropaya göndərmək idi. Müzakirə etdik ki, Türkiyədə həm sevdiklərinə görə, həm də siyasi məqsədlərinə görə baş çəkənlər rahat müalicə olunmasına imkan verməyəcəklər.

Sonrakı proseslər narahatlığımızın əsassız olmadığını göstərdi. Yarımçıq müalicənın ardınca bəyi Nyu Yorkdakı yağışlı havada ağır türk yürüşünə qatılmağın vacibliyinə inandırdılar. Mən demirəm ki, bunu hansısa pis niyyətlə edirdilər, bir çox hallarda sevgidən qaynaqlanan hərəkətlər idi, ancaq ağır xəstə insana ilk növbədə səmərəli müalicə lazım idi. Sadəcə, müalicə üçün vəsait olmadığından Türkiyə hökumətindən maddi dəstək almağı düşünürdük ki, Avropada müalicəni təmin edə bilək. Türkiyədən gələn dostumuz hökumətdən verilən razılıq mesajını Elçibəyə çatdırdı. Sonradan Türkiyədəki başqa adamlar dövrəyə girərək bu müalicəni Türkiyədə aparmağı Elçibəyə təlqin etdilər. Əlbəttə, Elçibəyin müalicəsində böyük ləyaqət nümunəsi göstərən Türkiyədəki dostlarımızın, həkimlərin, siyasətçilərin hamısına şükranlarımızı bildirmək boynumuzun borcudur. Əminəm ki, o zaman vaxtında Heydər Əliyevə müraciət etsəydik, o da köməyini əsirgəməzdi. Sonradan Elçibəy xəstəxnada olarkən mərhum Heydər Əliyev hər cür köməyə hazır olduğunu özü də bəyan etdi. Ancaq siyasi münasibətlərin gərginliyi fonunda belə bir müraciəti etməyimizin doğru anlaşılmayacağını düşünürdük. Hər halda günahkar kimi olmasa da, Elçibəyin müalicəsi məsələsinə daha məsuliyyətli yanaşmadığıma görə özümü qınadığım anlar olub.

– Niyə hesab edirlər ki, siz Elçibəyə xəyanət etmisiniz?

– Hərdən hansısa ləyaqətsizin mənimlə bağlı belə bir fikrini eşidəndə, oxuyanda, sadəcə, gülüb keçirəm. Çünki onun hakimiyyətə gəlməsindən tutmuş, cəbhədə lider mövqeyinin gücləndirməsinə qədər, eləcə də dünyasını dəyişənə qədər hansı fədakarlıq lazım idisə, onu etdiyimə əminliyim olmasa, bu qədər rahat danışa bilməzdim. O dönəmin dövrü mətbuatını izləməklə bunları səmimiyyəti olan hər kəs anlar. Onun adını da istismar edərək siyasətdə baş girləməyi məqbul saymadım və Xalq Cəbhəsindən ayrılaraq öz düşündüyüm və haqlılığına inandığım realist və millətimiz üçün fayda verə biləcəyim bir yolu seçdim.

– Fazil bəy, Elçibəyi sadəlövhlüyünə görə Don Kixotla müqayisə edirlər. Bu müqayisəyə necə baxırsınız?

– Bu müqayisə, çox güman ki, Elçibəyin idealist insan olduğunu diqqətə çatdırmaq üçün ortaya atılıb. Don Kixot sadəlövhlüyü Elçibəydə yox idi. Tanıyanlar üçün aydın bir Bəy obrazı vardı: Sovet sisteminin ən qüdrətli zamanında sistemin nə zaman dağılacağı bəlli deyil, birdən-birə bir universitet müəllimi ortaya çıxıb rejim əleyhinə görüşlərini səsləndirir, həbs olunur və ölkədə siyasi fikrin episentrinə çevrilir. Öz sərt çıxışlarını bir az içkinin arxasında gizlədir, bir az Kommunist Partiyasına keçidlə malalayır, ancaq niyyət bütövlükdə rejimi devirmək deyil, milli kimliyin idrakında tərəfdar kütləsi toplamaq idi. Burada həqiqətən də siyasi Don Kixotluq əlamətləri ola bilərdi. Ancaq Sovet dövründə başqa taktikanın seçilməsində də böyük çətinliklər vardı. Prezidentliyi dövründə isə daha real proqramın gerçəkləşməsinə çalışdı və bir çox uğurları da oldu. Ona görə də, fikrimcə, bu müqayisənin hakimiyyətdə olduğu dövrlə əlaqədar aparılması doğru deyil.

– Deyirsiniz ki, bu müqayisənin hakimiyyətdə olduğu dövrlə əlaqədar aparılması doğru deyil. Amma Elçibəy haqqında məşhur fikirlərdən biri də budur ki, yaxşı insan idi, amma ondan prezident olmazdı…

– İdeal prezident necə olmalıdır sualına hələ də doğru-dürüst cavab verən olmayıb. Prezident, hər şeydən öncə, situasiyanın məhsuludur, yəni, sən şəraitin və beynəlxalq konjekturanın tələb etdiyi şəxs ola bilərsən, yaxud ola bilməzsən. Elçibəy şəraitin tələb etdiyi prezident ola bilmədi. İlk öncə ideologiyasına uyğun gələn şüarları, tezisləri dəyişməyə maraq göstərmədi və bunlar da əks cinahda əleyhdar güclərin təmərküzləşməsinə imkan yaratdı. Birqütblü, yəni, yalnız Türkiyə yönümlü siyasət izlədi, bu da müəyyən çətinlikləri özü ilə gətirdi…

– Konkret olaraq Elçibəy dövlətin idarəedilməsinə hansısa yeniliklər gətirdimi?

– Bəli, dövlət idarəetməsinə xeyli yaxşı ənənələr gətirdi, sadəliyini itirmədi və humanizmini unutmadı. Tam əminəm ki, Azərbaycanın belə tezlikə müstəqilliyinə qovuşacağını təsəvvürünə gətirmirdi. 1988-ci ildəki Meydan hərəkatı onun üçün tam bir sürpriz sayıla bilərdi.

Bir də hərəkatın Qarabağ dalğasında başlaması bu hərəkatın intellektual elitasından daha çox döyüşçü, tribun elitasını üzə çıxardı. 1989-cu ildə yaranan Xalq Cəbhəsi təlatümlərlə, təqiblərlə dolu üç il müddətində idarəetməyə hazırlaşa bilmədi. Qarabağ savaşının da əhəmiyyətli bir yükü Xalq Cəbhəsinin üzərinə düşdüyünə görə, təşkilatın daha yetkin və təcrübəli insanlardan formalaşmasına çətinliklər yaratdı. Elçibəy də idarəetmənin, bürokratiyanın mahiyyəti barədə yalnız məhdud nəzəri bilgilərə sahib idi. Ona görə də idarəçiliyi bəzən özünə qarşı mənfi təbliğata rəvac verən sadə obrazla gerçəkləşdirməyi düşündü. Digər tərəfdən, öz idealist anlayışlarının real məzmuna keçidini gecikdirdi. Çünki insanların böyük əksəriyyəti üçün təhlükəsiz yaşam tələbatı daha xarakterik idi. Bunun üçün yaxşı-pis müharibəni dayandırmaq və iç asayişi qorumaq, Rusiyanın aqressivliyini azaltmaq barədə düşünmək lazım gəlirdi. Bütün bu cinahların hamısına enerji sərf olunması hakimiyyətin resurslarını tükətmiş oldu. Hər halda siyasi manevrləri sistemli olmadığına görə, xalqın bu cür qiymətləndirməsində əsasən haqsızlıq görmürəm.

– Helsinkidə Levon Ter-Petrosyan Elçibəyə demişdi ki, gəl, danışaq. Elçibəy isə cavab verib ki, mən sənlə danışmaq istəmirəm. Sizcə, bu nə deməkdir? Axı sən dövlət başçısısan. Bu hansı siyasi savadın, hansı qabiliyyətin təzahürüdür? Bəlkə, bu şeylərə görə deyirlər ki, Elçibəydən prezident olmazdı.

– Bu cür müraciət, bildiyim qədər, Qara Dəniz iş birliyi təşkilatının İstanbulda keçirilən toplantısında olmuşdu. Bu məsələdə Elçibəyin mövqeyi diplomatiyanın baxış bucağından qəribə hesab oluna bilər. Ancaq dövrün reallıqlarını unutmaq olmaz. Ağdərə azad olunub, Xankəndinə 12 kilometr qalır və birdən-birə danışıqlar aparmaq bu prosesin dayanması demək idi. Elçibəy həm də erməni prezidentinin müstəqil şəkildə hansısa razılaşmaya qol qoyacağını real saymırdı. İşin arxasında Rusiya durursa, hansı addımın atılmasını da Rusiya diqtə edirdi. Bu, Elçibəyin üslubu idi. İndiki baxış bucağından həmin addımı qiymətləndirməkdə çətinlik çəkirəm. Çünki sonrakı illərdə təmaslarımızdan sonra da ermənilər hansısa pozitiv addıma maraq göstərmədilər.

– Onu ən çox tənqid edən adamlardan biri də Zərdüşt Əlizadədir. Maraqlıdır ki, Zərdüşt bəyin Elçibəy haqqında fikirlərini sifarişlə, yaxud da təmənnalı danışmadığını bilirlər deyə, onu səmimi qəbul edənlər də var…

– Zərdüşt Əlizadə yetərincə bilgisi olan siyasət adamıdır, sifarişlə danışdığı inandırıcı deyil. Elçibəyin siyasətinə qarşı səsləndirdiyi bəzi ittihamlarda həqiqət payı da var. Bununla belə, özünə qarşı həm Xalq Cəbhəsinin yaradılış dövründə, həm də Xalq Cəbhəsinin hakimiyyəti dövründə edilən bəzi zorakılıq faktlarına görə təhlillərində qərəzlilik özünü açıqca büruzə verir. Məsələn, deyir ki, Elçibəy kürd idi. Təqribən Nizami Süleymanovun Elçibəyi erməni adlandırması kimi. Hər ikisində anlamsız bir böhtan var. Hər halda Zərdüşt Əlizadənin ona mövqeyində xeyli maraqlı və rasional yanaşmalar vardı, bundan faydalanmaq da olardı, ancaq nədənsə, Elçibəyin onun görüşlərinə diqqətsiz yanaşmasının səbəbini anlaya bilmədim. Ola bilsin ki, hər ikisinin də bir-birinə qarşı qarşılıqlı antipatiyası burada ciddi rol oynadı. Hər halda bu cür fərqli düşüncə adamlarının qaragüruhçu təzyiqlərdən qorunması ümumi işin faydasına olardı.

– Təsəvvür edin, bu gün xalq Azadlıq meydanına yığılıb. Bir möcüzə də baş verib ki, Elçibəy dirilib, gəlib tribunaya çıxıb. Və xalqa deyir ki, bilin və agah olun, XXI əsr türk əsridir, Baykal gölündən başlamış Aralıq dənizinə qədər böyük bir türk dövləti yaranacaq. Sizcə, xalq ona nə deyər?

– Elçibəy zamanın tələbini dərindən anlayan bir lider idi. Onun siyasət fəlsəfəsində dövlətdən öncə millət gəlirdi. Milləti müəyyən bir hədəfə yönləndirməyəndə günlük yaşamın içində öz ideallarını itirməyə başlayır. Bu yanlışmı, doğrumu, müzakirə oluna bilər. Çünki bunun alternativi dövlətin daha böyük əhəmiyyət kəsb etməsidir. Bu halda da ekstremal vəziyyətdə dövləti dişiylə, dırnağıyla qoruyacaq millət faktorunun zəif olması risklidir. Fikrimcə, hər ikisnin paralel inkişafı barədə düşünmək zəruridir. Hər halda xalqın onun bütün çıxışlarını maraqla dinləyəcəyinə şübhəm yoxdur. Hətta real olmayan çıxışlarında belə, ümidverici mesajların yer almasını proqnozlaşdırmaq olardı.

– 1991-92-ci illərdə siyasi cəhalətin tüğyan etdiyi vaxtlar idi. Ola bilərmi ki, məhz buna görə Elçibəyin ağzından çıxan sözlərə xalq sevinir, insanlar bir-biri ilə qucaqlaşır, kövrəlirdi? İndi isə camaat oxuyub, gözü açılıb, az-çox maariflənib və Azadlıq meydanında onun türkçülüklə bağlı çıxışlarına tam xəyal və nağıl kimi baxmazdımı? Yoxsa doğrudanmı onun tarixin istənilən dövründə ölmüş türk dünyasını diriltmək gücü vardı?

– Məncə, buna siyasi cəhalət demək doğru təbir sayılmaz. Siyasətçilər dövrün insanlarının tələblərini daha yaxşı oxumağı bacaran təbəqədir. O zamanın şüarlarını dinləyən kütlə indi fərqli şüarlar, çağırışlar eşitmək istəyə bilər. Xalqla bərabər siyasətçilər də dəyişir. Siyasətçilərin də, xalqın da yaşadığı təcrübə öz sözünü mütləq deməlidir. Xalq ilk öncə Qarabağda addım-addım uğur qazanılmasını arzulayır. Eyni zamanda təhlükəsiz yaşamı, rifah içində yaşamı arzulayır. Bunu oxuyan siyasətçi hər halda nağıl danışıb özünü gülünc vəziyyətə qoymaz. Bununla yanaşı, siyasətçilər yeri gələndə cəmiyyətin entuziazmını qaldırmaq üçün hər nə qədər idealist görünsə də, pozitiv hədəflər göstərməkdən çəkinməməlidirlər. Türk dünyası isə ölmüş deyil, sadəcə, daha güclü olmaq imkanını doğru dəyərləndirə bilməyən durumdadır.

– İddia olunur ki, Elçibəy rus qoşunlarını Azərbaycandan Qarabağın getməsi əvəzinə çıxarıb. Qarabağda vəziyyətin ağırlaşmasında da onu günahlandırırlar.

– Rus qoşunlarının çıxarılmasını bu qədər bəsit təsəvvür etmək olmaz. Rusiya ilə münasibətdə Elçibəyin bir düşüncəsi vardı ki, Qarabağın işğalını ruslar ermənilərlə birlikdə gerçəkləşdiriblər. Azərbaycanın digər hissələrində də Rusiya ordu birliklərinin olması istənilən vaxt hakimiyyət çevrilişi demək idi. Sonrakı hadisələr də bunu göstərdi. Rus ordusu getməzdən öncə silahlarını Bakıda Rəhim Qazıyevə, Gəncədə Surət Hüseynova, Lənkəranda isə Ələkrəm Hümbətova təslim etmişdi. Hər üçü də hərbçi deyildi. Gələcəkdə çevriliş ocaqlarının qorunub saxlanması üçün bu yol seçilmişdi. 1993-cü ildə hakimiyyətin devrilməsində bu üç istiqamətin birləşməsinin şahidi olduq. Sadəcə, Heydər Əliyevin ağıllı siyasi manevrləri onların hakimiyyətə gəlməsini əngəllədi. Qarabağda vəziyyət isə biz haralarasa qoşulandan sonra da yüngülləşmədi. Demək ki, rus qoşunların çıxarılması bəlkə ən zəruri addım idi və hakimiyyətin devrilməsi bahasına atılan bircə bu addıma görə Elçibəyə əbədi təşəkkür düşür.

– Elçibəy Kələkiyə getməsəydi, doğrudanmı, ölkədə vətəndaş müharibəsi olacaqdı? Və bunun nəticəsini necə görürdünüz?

– Vətəndaş müharibəsi haqqında deyilənlər bir az şişirdilmiş görünür. Amma hakimiyyət uğrunda amansız mübarizə gedəcəyini proqnozlaşdırmaq olardı. Elçibəyin Kələkiyə gedişi bu mübarizənin səngiməsi üçün ən rasional çıxış yolu idi. Elçibəy Heydər Əliyevi hakimiyyəti ötürmək üçün dəvət etməmişdi. Sadəcə, məğlubiyyət ehtimalı böyük olduğuna görə, Surət Hüseynova qarşı güclü müttəfiqlə hakimiyyəti bölüşməyi düşünürdü. Heydər Əliyev isə Surət Hüseynovun arxasındakı Rusiya qüvvəsinin imkanlarını daha real qiymətləndirdi və ona güzəştə getmədən Qarabağda itkilərin daha böyük olacağını anladı. Nəticədə, Heydər Əliyev Elçibəylə müttəfiqlikdən imtina etdi. Bu zaman Elçibəyin getməkdən başqa rolu qalmırdı. Getməzdən bir gün öncəki söhbətimizdə biz iki variantı müzakirə etmişdik. Birinci Zaqatala variantı idi, ikincisi isə Naxçıvan variantı. Elçibəydə belə bir təsəvvür vardı ki, Heydər Əliyev Rusiyanın Surət-Rəhim-Ələkrəm üçbucağı qarşısında duruş gətirə bilməyəcək və legitim prezident kimi onunla birləşməyə məcbur olacaq. Ancaq Heydər Əliyevin manevrləri gözlənilməz oldu və Rusiyanın qüvvələrini parçalayaraq onları təklikdə sıradan çıxarmağı bacardı. Bütün hallarda Elçibəy xaricə getməyi planlaşdırmırdı. Sonda cəbhəçilərin daha güclü olduğu Naxçıvanı seçdi. Ancaq gedişindən mənim xəbərim olmadı. Ən azı düşünürdüm ki, bizə bir şeylər söyləyib gedər. Hər halda Elçibəyin Kələkidə hakimiyyətə qayıdış iddiası ilə çıxış etməsindən Heydər Əliyev də doğru faydalandı. Elçibəyin hakimiyyətə qayıtmasını istəməyən Rusiya, İran və Dəmirəl Türkiyəsinin yeni hakimiyyətə daha loyal yanaşmağa təşviq etdi.

 

Müəllif: Kәramәt Böyükçöl


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam