Qorxmaz Hüseynovun qardaşından daha bir şikayət:“ölümlə hədələnirəm”
Tender oyunları, yuxarının adından sui-istifadə, ölümlə hədələmə və s.
Yenixeber.org: Redaksiyamıza Füzuli rayonu Böyük Bəhmənli kəndində Pasport qeydiyyatında olan İsmayılov Elnur Mənsur oğlunun müraciəti daxil olub. Öncədən qeyd edim ki, bu Elnur İsmayılovun mediaya ilk müraciəti deyil. Bir müddətdir ki, qarşılaşdığı haqsızlıqlar səbəbindən Elnur mediaya üz tutub, haqq etdiyinə yetişəcəyi ümüdü ilə yaşayır. Təəssüf ki, bu istiqamətdə hələ ki, konkret bir nəticə yoxdur. Hələ ki, SOCAR-ın Geofizika və Geologiya Baş İdarəsinin sabiq, Kompleks Qazma İşləri Trestinin hazırkı rəisi Faiq Hüseynov səslənən iddialara media müstəvisində cavab vermir.
Elnur İsmayılovun “yenixeber.org”-a ünvanlandığı müraciəti bir sıra yeniliklərlə fərqlənir: qarşılaşdığı haqsızlığın yazılması mümkün olmayan səbəbləri, dövlət vəsaitinin mənimsənilməsi ilə bağlı şok faktlar, kimlərinsə adından sui-istifadə və daha nələr. Xatirladım ki, müəllifin mediaya üz tutmasına səbəb SOCAR-ın Geofizika və Geologiya Baş İdarəsinin sabiq rəisi, Kompleks Qazma İşləri Trestinin hazırkı rəisi Faiq Hüseynov tərəfindən qanunsuz olaraq işdən kənarlaşdırılmasıdır. Səbəb isə detallarına qədər yazılması mümkün olmasa da, idarə rəisinin yumşaq desək kobudluğu olub. Hər-halda Elnur İsmayılov belə iddia edir.
İşdən qovulmasını məhkəmə müstəvisində dartışmaq qərarına gələn İsmayılov bu mərhələdə də ədalətsizliklə qarşılaşdığını bildirir: “Faiq Hüseynov Məhkəmələrə də təsir göstərir. İşə bərpa üçün Nərimanov Məhkəməsində iddia qaldırmışam. Nərimanov Məhkəməsinin hakimi Fuad Abdullayev qanunsuz qərar çıxarıb. Bu barədə Cənab Prezidentə və Məhkəmə-Hüquq Şurasına şikayət etsəm də, şikayətim nəticəsiz qalıb. Apellyasiya məhkəməsinin hakimi Fuad Talışıniski isə Fuad Abdullayevin verdiyi qərarı qüvvədə saxlayıb”.
Bu redaksiyamıza daxil olmuş müraciətdə yer alan iddiaların kiçik bir qismidir. Faiq Hüseynovun məhkəmələrə hansı yollarla və kimlərin vasitəsi ilə təsir edə bildiyini qeyd edən müəllif bu istiqamətdə durmayacağını da bildirir. Biz məlum qanun və prinsiplərə uyğun olaraq hörmətli Faiq Hüseynovu da dinləmək istədik. Olmadı, qəbul otağı ilə telefon əlaqəsi yarada bilsək də, cavabsız qaldıq.
Yuxarıda qeyd etdiyimiz kimi, Elnur İsmayılov müraciətində haqsız olaraq işdən qovulması ilə bərabər, küllü miqdarda dövlət vəsaitinin Faiq Hüseynov və bir qrup tərəfindən mənimsənilməsindən, bu işdə SOCAR rəhbərliyində təmsil olunan məşhurların adının hallanmasından da bəhs edir. Müəyyən yanlışlıqlar olar deyə, hələ ki, o iddiaları ictimailəşdirə bilmirik. Yaxşı olardı ki, cənab Hüseynov qızıl kimi vaxtından 5 dəqiqə ayırıb da, Elnur İsmayılovun iddiaları ilə bağlı danışardı. Axı bu həm də onun vəzifə borcudur...
Mikayıl