Redaktor seçimi
12 illik icra başçısının gözqamaşdıran SƏRVƏTİ... -
Niyazi Bayramovun başı dərddə -Gəncədə daha kimlər həbs oluna bilər? -
Elm və Təhsil Nazirliyinin qrant müsabiqəsi-
Cahid Hüseynovun və qohumlarının “Azəriqaz”dakı qanunsuz əməlləri... -
XALQDAN “QAZANILIB” BRİTANİYADA BATIRILAN MİLYONLAR - Və deputat Feyziyevin digər həmkarlarından fərqi -
Kərəm Həsənovun müavinindən şikayət etdi, evinin "altını üstünə çevirdilər" –
"Azərenerji" ASC-nın dövləti milyardlarla borca salmasının səbəbi bilindi-
SUDAN ÇIXARILAN MİLYARDLAR... – Əhmədzadələrin dəbdəbəli həyatının sirri -
Günün xəbəri

Prezidentdən önəmli mesajlar

Prezidentdən önəmli mesajlar

 

Prezident İlham Əliyevin Gəncə şəhərinə səfəri zamanı Gəncə Dövlət Filarmoniyasının yeni binasının açılışı zamanı çıxış edib

 

 Yenixeber.org: Həmin çıxışı təqdim edir:

- Bu gün Gəncənin həyatında çox gözəl və əlamətdar bir gündür. Biz Gəncə Dövlət Filarmoniyasının açılışını birlikdə qeyd edirik. Bu münasibətlə sizi və bütün gəncəliləri ürəkdən təbrik edirəm. Bu, doğrudan da çox gözəl, əlamətdar hadisədir. Filarmoniya ən yüksək standartlara uyğun tikilib, həm xarici görünüşü, həm də daxili tərtibatı baxımından ən yüksək standartlara cavab verir. Gəncəyə əlavə yaraşıq verəcək bu filarmoniyanın şəhərin mədəniyyət və incəsənət sahələrinə çox böyük töhfəsi olacaq. 

Gəncə qədim mədəniyyət mərkəzidir. Gəncədə bütün dövrlərdə ədəbiyyat, incəsənət, memarlıq sənəti inkişaf etmişdir. Gəncənin bugünkü qədim siması onun zəngin tarixini əks etdirir. Gəncə dahi Nizaminin yurdudur. Azərbaycan xalqının Gəncədə yaşayıb-yaratmış görkəmli nümayəndələri bizim milli sərvətimizdir. Əlbəttə, Gəncə kimi gözəl, qədim şəhərə çox gözəl filarmoniya binası da lazım idi. Gəncəlilər bir neçə il bundan əvvəl bu təkliflə müraciət etdilər və göstəriş verildi ki, filarmoniya tikilsin. Gəncənin demək olar ki, ən gözəl yerlərindən biri seçildi və çox gözəl memarlıq üslubunda filarmoniya tikildi. Burada iki konsert zalı yaradılıbdır. Böyük konsert zalının oturacaqlarının sayı 1200-dür, yəni, çox böyük konsert zalıdır. Filarmoniyanın ümumi sahəsi 40 min kvadratmetrə yaxındır. Onu da qeyd etməliyəm ki, Bakı Filarmoniyası ilə müqayisədə Gəncə Filarmoniyası həm böyükdür, həm daha da əzəmətlidir, möhtəşəmdir, gözəldir. Əlbəttə, belə gözəl binada keçiriləcək tədbirlər, konsertlər, tamaşalar əminəm ki, gəncəlilər üçün çox xoş olacaq.

Gəncə qədim mədəniyyət mərkəzidir və öz qədimliyini saxlamaqla bu gün yeniləşir, gözəlləşir. Mən son illər ərzində Gəncədə dəfələrlə olmuşam. Bu, mənim Prezident kimi Gəncəyə 15-ci səfərimdir. Gəncənin yeniləşməsi ilə bağlı bir çox addımlar atılıbdır. Bu gün həm qədim, həm müasir Gəncə nəinki Azərbaycanın, regionun mərkəzlərindən biridir. Burada infrastrukturla bağlı bir çox layihələr icra edilib. Qazlaşdırma 100 faiz səviyyəsindədir, elektrik enerjisi tam təmin edilir, içməli su layihəsi icra olunur. Bildiyiniz kimi, bu layihə çox böyük vəsait tələb edən layihədir, texniki cəhətdən də o qədər də asan layihə deyil. Bu layihənin icrası üçün əlavə addımlar atılacaq. Əminəm ki, 2019-cu ildə Gəncədə içməli su problemi də tamamilə aradan qaldırılacaq və sakinlər 24 saat təmiz içməli su ilə təmin olunacaqlar.

Yol infrastrukturunun təkmilləşdirilməsi, müasirləşməsi üçün addımlar atılıb, yenə də atılacaq. Bakı-Gəncə avtomagistralı dünyanın ən yüksək standartlarına cavab verir, dördzolaqlı gözəl, hamar, sürətli bir yoldur. Biz gələn ildən başlayaraq Gəncə-Gürcüstan sərhədi avtomobil yolunu da genişləndirəcəyik. Bizim həm digər şəhərlərimizə, həm də sərhədə gedən bu yol indi ikizolaqlıdır, genişləndirildikdən sonra dördzolaqlı olacaq.

İstəyirəm gəncəlilər onu da bilsinlər ki, Bakı-Gəncə sürət qatarının işə salınması ilə bağlı məsələlərin araşdırılması üçün mənim tərəfimdən göstəriş verilmişdir. Bilirsiniz ki, indi Azərbaycan dünyanın ən müasir qatarlarını alır və bu proses davam etdiriləcək. Birinci sürət qatarları Bakı-Sumqayıt, Bakı-Gəncə qatarları olacaqdır. Dəmir yolunun yenidən qurulması prosesi uğurla gedir. Bakı-Böyük Kəsik dəmir yolu indi də təbii ki, tam istismardadır, ancaq o yolun keyfiyyətinin yaxşılaşdırılması nəticəsində qatarların sürəti təqribən 120 kilometrə bərabər olacaq. Beləliklə, Bakıdan Gəncəyə qatarla çox qısa müddət ərzində və çox komfortlu şəkildə gəlmək mümkün olacaqdır. Bütün bu layihələr ona görə icra edilir və ediləcək ki, biz insanlar üçün daha da yaxşı şərait yaradaq, insanlar daha yaxşı yaşasınlar. İnfrastruktur layihələrinin icrası məhz bu məqsədi güdür. Onların bir çoxu həll olunub, qalan məsələləri də həll edəcəyik.

Əvvəlki illərdə də Gəncədə sosial layihələrlə, sənaye layihələri ilə bağlı bir çox gözəl işlər görülübdür. Bu gün mən bir neçə obyektin açılışında və təqdimatında iştirak edəcəyəm. Onlardan biri Dövlət Aqrar Universitetinin yataqxana binasıdır. Bu, ikinci bina olacaq. Birinci binanı da mən açmışam, o, 520 yerlik binadır. Bu binada da 500-dən çox tələbə yaşayacaq. Şəhərdəki 1 saylı məktəb də əsaslı təmir olunub, mən oraya da baxacağam. Böyük ticarət mərkəzləri - “Gəncə Moll”, “Grand Qafqaz” kompleksi açılır. Bu iki böyük ticarət obyektində minlərlə insan işlə təmin olunacaqdır. Gəncədə yeni parklar salınıb. Onların da təqdimatı bu gün nəzərdə tutulubdur. Biz yeni muzeyin açılışını da edəcəyik. İndi Gəncə muzeylər şəhəridir. Gəncə Azərbaycan xalqına o qədər görkəmli şəxsiyyətlər bəxş edib ki, onların hamısının Gəncədə muzeyləri olmalıdır və bu məsələ də öz həllini tapır.

Yadımdadır, əvvəlki illərdə Gəncədə müalicə-diaqnostika mərkəzinin, şəhər xəstəxanasının, “ASAN xidmət” mərkəzinin, Olimpiya-İdman Kompleksinin, sənaye obyektlərinin açılışları olub. Görülən bütün bu işlər Gəncənin həm sənaye, həm iqtisadi, həm mədəni həyatında çox mühüm rol oynayan amillərdir.

Növbəti illərdə biz bu günə qədər həllini tapmayan, ancaq həllini gözləyən məsələləri də həll edəcəyik, ilk növbədə, əlbəttə, iqtisadi inkişafla bağlı məsələləri. Gəncədə yeni müəssisələrin yaradılması nəzərdə tutulur, iş yerlərinin açılması istiqamətində böyük işlər görülür və iki önəmli obyektin də tikintisi nəzərdə tutulur. Mən bu gün sizə onu da bildirmək istəyirəm və gəncəlilər də bilsinlər ki, Gəncə Dram Teatrının tikintisi ilə bağlı göstəriş verilib. Çox güman ki, gələn ildən başlayaraq teatrın tikintisi davam etdiriləcək, lazımi vəsait ayrılacaq və artıq bu teatrın tikintisinin nə vaxt başa çatacağı gəncəlilərdən asılı olacaq. Müasir böyük idman sarayının tikintisi də nəzərdə tutulur. Hələ 2000-ci illərin əvvəllərində Azərbaycanın ilk Olimpiya İdman mərkəzlərindən biri Gəncədə tikilmişdir. Artıq o vaxtdan təqribən 15 il keçir. Sonra bu Olimpiya İdman Mərkəzi əsaslı təmir olundu. Ancaq Gəncə əhalisinin və idmanla məşğul olmaq istəyənlərin sayı artır, uşaqlar idmana böyük maraq göstərirlər. Ona görə yeni müasir idman sarayının tikintisi də nəzərdə tutulur.

Bilirəm ki, gəncəliləri bir məsələ də narahat edir. O da çoxmənzilli binaların təmiri məsələsidir. Şəhərdə 72 belə bina var və bu binaların təmiri də nəzərdə tutulacaqdır.

Beləliklə, bugünkü görüşümüz hesab edirəm ona görə əlamətdardır ki, bu gözəl, möhtəşəm filarmoniyanı biz birlikdə açırıq. Eyni zamanda, Gəncənin gələcək inkişafı ilə, görüləcək işlərlə bağlı sizə və gəncəlilərə bu məlumatı verirəm biləsiniz ki, Gəncə daim diqqət altındadır və şəhərin inkişafı, abadlaşdırılması, gözəlləşdirilməsi məni çox-çox sevindirir. Çünki Gəncə hər bir Azərbaycan vətəndaşı üçün əziz, doğma şəhərdir, bizim qədim mədəniyyət, incəsənət mərkəzimizdir. Son illər Gəncənin abadlaşdırılması istiqamətində çox yaxşı işlər görülür. Mən onu da bildirmək istəyirəm, - 15 səfərimin təcrübəsi müqayisə aparmaq üçün əlbəttə, mənə kifayət qədər imkan verir, - görürəm ki, son illər ərzində Gəncə doğrudan da çox sürətli inkişaf dövrünü yaşayır. Tarixi binalar bərpa olunur, yeni binalar tikilir, xiyabanlar, parklar, yaşıllıqlar salınır. Gəncə şəhərinə giriş indi çox gözəl və möhtəşəmdir, dahi Nizaminin əsərləri göz oxşayır. İndi dünya miqyasında böyüklüyünə görə üçüncü park Gəncədədir. Bu, hamımızı sevindirir. Heydər Əliyev Parkı doğrudan da möhtəşəm bir ictimai istirahət zonasıdır.

Mən bütün bu uğurlar, nailiyyətlər münasibətilə gəncəliləri, şəhər rəhbərliyini təbrik etmək istəyirəm, onların fəaliyyətini yüksək qiymətləndirirəm. Mən bundan sonra da Gəncənin hərtərəfli inkişafı üçün əlimdən gələni edəcəyəm ki, şəhər daha da gözəlləşsin, daha da abadlaşsın. Sizi bu gözəl hadisə münasibətilə bir daha təbrik edirəm.

İlham Əliyev Gəncə Dövlət Filarmoniyasında
İlham Əliyev Gəncə Dövlət Filarmoniyasında

Gəncə şəhəri ictimaiyyətinin nümayəndələri ilə görüşən prezident İlham ƏLİYEV yekunda bildirib:

- Çox sağ olun. Doğrudan da bu gün çox əlamətdar bir gündür. Bu filarmoniyanın tikintisi, açılışı doğrudan da çox tarixi bir hadisədir. Təkcə ona görə yox ki, belə bir möhtəşəm bina tikilib və gəncəlilərin sərəncamına verilir. Eyni zamanda, ona görə ki, bu bina, bu möhtəşəm memarlıq abidəsi dövlətimizin gücünü və siyasətini göstərir, xüsusilə indiki şəraitdə ki, dünyada müəyyən dərəcədə tənəzzül yaşanır, iqtisadi böhran, maliyyə böhranı, xoşagəlməz halların çoxalması. Deyə bilərəm ki, indi bir çox ölkələrdə nəinki filarmoniyalar tikilmir, ümumiyyətlə, inkişafla bağlı perspektivlər də yoxdur. Amma görün, Azərbaycan nə dərəcədə inkişafda olan ölkədir, bizim imkanlarımız nə dərəcədə böyükdür ki, biz hətta o qədər də asan olmayan illərdə də mədəniyyət ocaqlarına bu qədər diqqət göstəririk, bu qədər vəsait ayırırıq. Filarmoniyanın binası başqa cür də ola bilərdi. Daha sadə, daha az xərc tələb edən bina ola bilərdi. Ancaq bizim yanaşmamız ondan ibarətdir ki, Gəncə kimi tarixi şəhərə bu cür gözəl memarlıq abidəsi yaraşır. Ona görə biz bunu da etdik. Həm gəncəlilər sevinir, həm də mən çox sevinirəm. Çünki hər bir adam öz əməyinin nəticəsini görəndə, əlbəttə ki, çox sevinir.

Bu gün ölkəmizdə səhiyyə, təhsil, mədəniyyət, sənaye, infrastruktur inkişaf edir, bütün sahələrdə inkişaf var. Siz də qeyd etdiyiniz kimi, Gəncə bu gün, eyni zamanda, böyük sənaye mərkəzinə çevrilir. Buradakı bir çox zavodlar ölkəmizin qeyri-neft sektorunun inkişafında çox önəmli rol oynayır. Burada minlərlə iş yeri yaradılıb. Gəncə avtomobil zavodunu qeyd etmək kifayətdir ki, biz onun timsalında Azərbaycanda sənaye istehsalının necə inkişaf etdiyini görək. Biz vaxtilə Belarus ilə traktor istehsalı sahəsində müqavilə bağladıq və burada Belarus traktorları, ondan sonra yük maşınları, avtobuslar yığılmağa, istehsal olunmağa başlanmışdır. İndi bu zavod nəhəng bir sənaye mərkəzidir. Gəncə avtomobil zavodu indi digər ölkələrdə sənaye sahələrinin yaradılmasında iştirak edir. Yəni, bu inkişaf buna gətirib çıxarıb ki, həm daxili tələbat təmin edilir, iş yerləri yaradılır, qeyri-neft sektoru inkişaf edir və biz artıq qonşu ölkələrə də öz məhsulumuzla, texnologiyalarımızla çıxırıq.

Burada Nizami Gəncəvi Beynəlxalq Mərkəzi haqqında qeyd olundu. Bu da çox tarixi bir hadisədir. Çünki bu Mərkəzin yaradılması dünya miqyasında bir hadisə oldu. Biz bu Mərkəzi yaradarkən, əlbəttə, görürdük ki, bunun çox böyük gələcəyi var. Ancaq hesab edirəm, bir çoxları təsəvvür etmirdilər ki, bu Mərkəzin dünya miqyasında nə qədər böyük rolu olacaq. Bu gün Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin xətti ilə keçirilən qlobal forumlar dünya miqyasında nadir beynəlxalq tədbirlərdir. Nizami Gəncəvi Beynəlxalq Mərkəzi tərəfindən artıq beş dəfə Bakı Qlobal Forumu keçirilib. Bu forumlarda həm onlarla fəaliyyətdə olan, həm də keçmiş dövlət və hökumət başçıları iştirak edirlər. Hər il bu Forum keçirilir və Forumun işində mən də iştirak edirəm. Mən Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin İdarə Heyətini ən azı ildə bir dəfə qəbul edirəm. Həmişə onlara tövsiyə edirəm ki, mütləq Gəncəyə də gedin. Onlar dəfələrlə burada olublar və Gəncə haqqında onların təəssüratları çox müsbətdir.

Biz Gəncənin timsalında ölkəmizin ümumi inkişafını görürük. Sənaye istehsalı, iş yerlərinin, insanlar üçün şəraitin yaradılması, humanitar sahədəki fəaliyyətimiz – bütün bunlar hərtərəfli inkişaf deməkdir. Bu gün Azərbaycan cəmiyyəti bu inkişafdan bəhrələnir. Bu gün ölkəmizdə sabitlik, inkişaf təmin olunur. Biz bir çox önəmli layihələrə imza atdıq. Təkcə bu ilin hadisələrini sadalamaq kifayətdir ki, bizim energetika, nəqliyyat, dəmir yolu, idman sahələrində nə qədər uğurlarımız var. Bu il İslam Həmrəyliyi Oyunlarının keçirilməsi böyük hadisədir. Bu Oyunlarda əllidən çox ölkədən üç mindən artıq idmançı iştirak edirdi. Dördüncü İslam Həmrəyliyi Oyunlarını ən yüksək səviyyədə keçirmişik və idmançılarımız da bizi sevindiriblər, birinci yerə layiq görülüblər. Biz müsəlman aləmində birinci, Avropada ikinciyik.

Gəncədən keçəcək Bakı-Tbilisi-Qars dəmir yolunun açılışı tarixi hadisədir. Biz bu tarixi layihəni qonşu ölkələrlə birlikdə reallaşdırdıq.

Energetika sahəsində. “Azəri-Çıraq-Günəşli” yatağının istismar müddətinin uzadılması ölkəmizə on milyardlarla dollar əlavə sərmayə gətirəcək. Bütün bunlar ölkəmizin xeyrinə işləyir. Həm iqtisadiyyatımız, həm də siyasi gücümüz artır. Bütün uğurlarımızın təməlində Azərbaycan xalqının zəhməti dayanır. Bu gün hər bir yerdə inkişaf göz qabağındadır. Həm Bakıda, həm Gəncədə, həm də bütün bölgələrdə, bütün şəhərlərdə vətəndaşlar çox böyük həvəslə quruculuq işlərində iştirak edirlər.

Gəncə Dövlət Aqrar Universitetinin də indi çox böyük funksiyaları, çox böyük əhəmiyyəti var. İndi kənd təsərrüfatı ölkəmizdə çox böyük sürətlə inkişaf edir. Kənd təsərrüfatı məhsullarının ixracı təqribən 40 faiz artıbdır. Ona görə yataqxanaların tikintisi o məqsədi güdür ki, qonşu bölgələrdən gələn tələbələr orada rahat qala bilsinlər. Bilirəm ki, avadanlıqla, texnika ilə təmin olunursunuz ki, orada oxuyan uşaqlar artıq bu texnikaya öyrəşsinlər.

Ölkəmizin çox böyük potensialı var - ilk növbədə, insan kapitalı. Biz vəsaiti əsasən insan kapitalına yönəltmişik. Əlbəttə ki, iqtisadiyyatımızın dayağı olan enerji sektorunu, qeyri-neft sektorunu, kənd təsərrüfatını, sənaye istehsalını da inkişaf etdiririk. Ona görə, bu gün dünya xəritəsinə baxanda, - əlbəttə, mən Azərbaycanı heç bir ölkə ilə müqayisə etmək istəmirəm, - istər-istəməz görürük ki, doğrudan da Azərbaycan uğurlu, sürətli, dayanıqlı inkişaf nümunəsi göstərir. Bu, bizi çox sevindirir. Biz bu ili də yaxşı göstəricilərlə başa vuracağıq. Gələn il daha da uğurlu olacaqdır. Mən bu yaxınlarda qeyd etdim ki, bizim heç bir maliyyə problemimiz yoxdur. Əgər olsaydı biz sosial layihələrə bu qədər vəsait yönəldə bilməzdik. Ona görə, bir daha demək istəyirəm ki, Dram Teatrının və İdman Sarayının, o cümlədən çoxmənzilli 72 binanın təmiri və tikintisi ilə bağlı vəsait qıtlığı olmayacaq. Sadəcə olaraq, siz burada işləri elə qurun ki, bu məsələlər tezliklə öz həllini tapsın və biz sizinlə növbəti açılışlarda görüşək. Sağ olun.


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam