Redaktor seçimi
“Broker Əbülfəz”dən yeni xəbər var:
TƏHSİLİN VERGİSİ, VERGİNİN TƏHSİLİ…
Çar II Nikolayın ailəsini necə öldürüblər -
3 MİN CÜT AYAQQABI, MİLYON DOLLARLIQ ALIŞ-VERİŞ, 300 ÇAMADANLIQ “BAQAJ”…-
Büdcə vəsaiti Beyləqanda “Bermud üçbucağına düşüb”
Baş Prokurorluq rektorun «professor diplomu müəmması»nı araşdıracaq
Uzaqgörən siyasət nümunəsi
RUSİYA İQTİSADİYYATINDA İKİNCİ İFLAS DALĞASI –
Günün xəbəri

SƏUDİYYƏ ƏRƏBİSTANI “MÖTƏDİL İSLAM”A DÖNƏ BİLƏCƏKMİ? –Varisin vəhhabilikdən imtina çağırışının görünməyən üzü -ARAŞDIRMA

–Varisin vəhhabilikdən imtina çağırışının görünməyən üzü -

 

 

Professor Mehmet Ali Büyükkara,

İstanbul Şəhər Universitetinin İslam Elmləri Fakultəsinin müəllimi

“Anadolu” agentliyi

 Yenixeber.org: 

Dövlət İnvestisiya Fondunun 24 oktyabr 2017-ci ildə Ər-Riyadda təşkil etdiyi və 60-a qədər ölkədən 2500 nəfərin qatıldığı, “Gələcək investisiyalar təşəbbüsü”toplantısında Səudiyyə Ərəbistanının vəliəhd şahzadəsi Məhəmməd bin Salman ölkəsini “mötədil islam”a döndərməyə söz verdi. Toplantı ilə əlaqədar ingilis mətbuatına söylədikləri bin Salmanın bu sözləri ilə nəyi nəzərdə tutduğuna açıqlıq gətirir. Xülasəsi, Şahzadə 1979-cu ilə qədər geri gedir və o tarixdən bu günədək, 30 ildir Səud ölkəsinin “anormal” durumda olduğunu bildirir.

Bin Salman bu köklü dəyişikliyə görə İran inqilabını günahlandırır. İran inqilabının müsəlman ölkələrində siyasi hərəkətlilik yaratdığını, ölkəsində də eyni proseslərin yaşandığını, islamçılıq indeksli “oyanış” layihəsinin bunun ifadəsi olduğunu, lakin bunun öhdəsindən gəlməyi bacarmadıqlarını etiraf edir.

Bin Salmana görə, bu durumdan qurtulmanın zamanı çoxdan gəlib, daha bir 30 ilin də boşa getməsinə izn verilməyəcək və radikalizm dərhal yox ediləcəkdir.

“Biz, daha öncə olduğu kimi, bütün dünyaya, ənənələrə, xalqlara və dinlərə açıq olan mötədil islama dönürük” istəyi Şahzadənin niyyətini açıqlayır.

 

Mötədil islam konsepsiyası nə təklif edir?

 

11 sentyabr hücumlarının ardından, islamçı qurumlardan gəlməsi gözlənilən terror təhdidini və bunu qidalandıran radikal dini düşüncəni zəiflətmək və bu düşüncəyə alternativ yaratmaq üçün ABŞ xarici işlər, müdafiə və kəşfiyyat xidmətləri tərəfindən 2000-ci illərin əvvəlində dizayn edilən “sivil demokratik islam” layihəsi, əhalisi müsəlman olan ölkələrdə “mötədil islam” adı altında ifrat və totalitar olmayan, dözümlü, insan haqlarına hörmətlə yanaşan, hardasa modern, dini siyasiləşdirməyə xeyli məsafəli olan bir baxış bucağını önə çıxarmağı və bunu mənimsəmiş sivil, ya da siyasi strukturları dəstəkləməyi hədəfləməkdə idi.

İmperialist məqsədləri çox açıq şəkildə zahiri dəyişdirmə layihəsi olan “mötədil islam”ın qaynaq mətnlərinə baxıldığında, bu layihənin açıq ifadələrlə din-siyasət, din-dövlət, din-hüquq ayrılığını nəzərdə tutduğu, dinin modernləşməsini müdafiə etdiyi görünür. Həmçinin “mötədil islam”ın başdan ayağa dünyəvi bir layihə olduğu və radikal laiklik (Laiklik və ya laisizm (Fransızca: Laïcisme), dövlət idarəçiliyndə hər hansı bir dinə istinad etməməyi  və dövlətin dinlərə münasibətdə tərəfsiz olmasını müdafiə edən prinsipdir – tərc.) əksinə, mötədil laikliyi hədəflədiyi çox açıqdır. Konseptual tərkibdəki islam sözcüyü layihələndirilən laikliyə mötədillik əlavə etmə vəzifəsi görməkdədir.

11 sentyabr hadisəsinin ardından öncə Əfqanıstanı, sonra da İraqı işğal etmək qərarı alan ABŞ hakimiyyətinə qarşı islam ölkələrində yüksələn müxalifəti zəiflətmək və müqavimət mərkəzlərinə yönəlik dəstək və simpatiyanı ortadan qaldırmaq üçün belə bir layihəyə ehtiyac duyuldu.İşğallar uğurlu olmamışdı. Həmin dövrdə ABŞ Xarici işlər naziri olan Kondaliza Raysa görə, “terrora qarşı müharibəni udmaq üçün əvvəlcə fikirlərarası müharibəni udmaq lazımdı”.

“Terroru qidalandıran” radikal dini düşüncənin qarşısına mötədil dini düşüncəni qoymaq və mötədilləri dəstəkləmək bu səbəbdən mühümdür. 

“Mötədil islam”ın sadəcə terrorizmlə mübarizə məqsədiylə layihələndirilməsi fikrinin təsbit edilməsi natamam bir qiymətləndirmə olacaqdır. Bu layihənin Böyük Orta Şərq Layihəsi (BOŞL) ilə yan-yana, iç-içə yürüdülməsi ABŞ-ın Yaxın, Orta və Cənubi Asiya ilə Orta Şərqdəki siyasi və iqtisadi sahədəki imperialist məqsədlərinin təmin edilməsi üçün “mötədil islam”a yaxın və uzaq müddətdə istifadəyə yararlı bir alət olaraq baxıldığını göstərməkdə idi.

Bu layihə üçün milyonlarca dollarlıq büdcə hazırlandı, 24 müsəlman ölkəsində bir plan və proqram daxilində müxtəlif cür tədbirlər həyata keçirildi. Mədrəsələrdə alternativ dini məktəblər açıldı. Ortaq, ya da müttəfiq olaraq seçilən düşüncə quruluşlarına maliyyə yardımı edildi. Onlarla simpoziumlar, panellər tərtib edildi. Bəzi ölkələrdə məscid imamlarına təhsil verildi. Radio və televiziya kanalları xidmətə verildi. Nəticədə, nə BOŞL hədəfinə çatdı, nə də müsəlmanlar “mötədilləşdi”. Müdaxilə etdiyi və ya birbaşa işğal etdiyi ölkələrdəki qeyri-insani davranışı, haqsız və ədalətsiz işləri, Fələstindəki insanlıq faciəsi qarşısında İsrail tərəfində mövqe tutması səbəbilə ABŞ heç bir formada müsəlmanların etibarını qazana bilmədi. Xüsusən, ərəb inqilabları prosesində və sonrasında ABŞ-ın bölgədəki monarxiyaları qoruyan və diktatura rejimlərinin geri dönüşünü təmin edən məlum siyasəti “mötədil islam”ın demokratiya kartının artıq formal, saxta – “göz boyası” olduğunu üzə çıxarmışdı.

Hər hansı bir formada əməkdaşlıq niyyətində olan islamçı qurumlar belə, töhmət altında qalmamaq üçün ABŞ-la münasibətlərində çox məsafəli davrandılar. Şahzadə bin Salmanın bu çıxışı olmasaydı, ən azı on ildir ki, adı belə çəkilməyən “mötədil islam” anlayışı, bəlkə də, qalıcı bir unudulmaya məhkum olacaqdı.

Bin Salman bu çıxışı niyə etdi?

 

11 sentyabr terrorunun 19 hava quldurundan 15-nin Səudiyyə Ərəbistanı vətəndaşı çıxması, bu ölkədəki dini meyli yaxından izləyən müşahidəçilər üçün sürpriz olmamışdı. Qərbli güclərə qarşı terror doğuran dini anlayışın qaynaqları haqqında danışan və yazan rəsmi və sivil dairələrin əksəriyyəti islamın sələfi və ya vəhhabi cərəyanını baş günahkar olaraq göstərdilər. Sələfi doktrinalarına bağlı olduğuna şübhə edilməyən "əl-Qaidə"nin və bu təşkilatın başındakı Səudiyyə Ərəbistanından olan Üsamə bin Ladenin 11 sentyabrı və onun öncəsilə sonrasındakı bir sıra qanlı terror aktlarını şəxsən üzərinə götürməsi bu təsbitin əsaslandırılması üçün ən başlıca səbəb idi. Buna görə də bütün gözlər Vəhabiliyin/Sələfiliyin beşiyi olan Səudiyyə Ərəbistanına çevrildi.

Əvvəlcə bu ölkə BOŞL-in hədəflərindən biri halına gəldi. Bu durum, şübhəsiz, rejimi hədəf alan bir genişlikdə deyildi. Məscid imamları təhsilə alındı, reabilitasiya olunmasından ümid kəsilənlərin isə işinə son verildi. Məktəb proqramlarına bəzi düzəlişlər edildi. Cihadçı Sələfi cərəyanına yaxınlığı ilə tanınan elm adamlarından bəzilərinin adı terrorçu siyahısına salındı. Çox sonra, Obama hakimiyyətinin son aylarında ortaya çıxan ciddi bir gərginlik isə iki ölkə münasibətlərini hardasa bütünlüklə qoparmaq üzrə idi. Obamanın vetosu olmasaydı, 11 sentyabr hadisələrində öz yaxınlarını itirənlərə məhkəmə yolu ilə Səudiyyə Ərəbistanı əleyhinə böyük təzminat iddiaları qaldırma hüququ verən, “Terrorizm Sponsorlarına Qarşı Ədalət” adlı qanun layihəsi qüvvəyə minəcəkdi.

Trampın prezident olması ilə bərabər işlər yoluna düşməyə başladı. İlk xarici səfərini bu ilin may ayında, Səudiyyə Ərəbistanına edən Tramp münasibətləri bərpa etməklə kifayətlənmədi, başını səudların çəkdiyi, Bəhreyn, BƏƏ və Misirin daxil olduğu yeni bir regional ittifaqın təməlini atdı.

İyun ayında isə Kral Salman, vəliəhdlik mövqeyindəki qardaşı oğlu Məhəmməd bin Naifi uzaqlaşdırıb, yerinə oğlu Məhəmməd bin Salmanı təyin etdi.

Gənc vəliəhdin böyük layihələri var. İnkişaf naziri olarkən hazırladığı “2030 Baxışı” bütün dövlət qurumlarını əhatə edən, geniş əhatəli bir islahat və dəyişiklik prosesini nəzərdə tutur. Bəhs etdiyimiz son toplantıda isə Şahzadə nəhəng bir iqtisadi bölgənin qurulacağını müjdələdi. Qırmızı dənizin şimalında, Səudiyyə Ərəbistanı, Misir və İordaniyanın birləşdiyi yerdə həyata keçirilməsi planlaşdırılan bu bölgə texnologiya bazası və turizm mərkəzi olacaqdır. Bəlkə də, daha böyük miqyasda, yeni bir “Dubay-Əbu-Dabi” tərzi yaradılacaqdır. Bin Salmanın ifadəsiylə, “dünyanı dəyişdirmə potensialına sahib” investisiya qoyuluşu ortaya çıxacaqdır.

Layihənin büdcəsi 500 milyard dollar olaraq hesablanır. Təbii ki, investorlar gözlənilir. Dini və ideologiyası “anormal” olan bir ölkəyə isə bu sərmayə gəlməyəcəkdir. Bin Salmanın “mötədil islam”ı, bir iqtisadi konqresdə gündəliyə gətirməsinin xüsusi səbəbi də, yəqin ki, budur.

Vəliəhdliyin təhvil alınmasından dərhal sonra Körfəz İttifaqının Qətərə qarşı başlatdığı embarqo tam mənası ilə məqsədinə çatmadı. İsrailin də dəstəyini alan bu beynəlxalq təşəbbüs ölkədəki mühafizəkar və islamçı kəsimlərdə əks-reaksiya ilə qarşılandı. Sentyabr ayında, Salman əl Avdi və Avad əl Karni kimi məşhur islamçı Sahve Hərəkatı şeyxlərinin həbs edilməsilə başlayan təzyiq prosesi hələ də davam edir.

Təsdiqlənmiş rəqəmlərə görə, 73-ə qədər alim, ziyalı, jurnalist və elm adamı həbsdədir və məhkəmələri hələ başlamayıb. Həbs edilənlərə qarşı müəyyən bir cinayət ittihamı da irəli sürülmür.

Belə görünür ki, bu baş verənlər Qətər böhranını aşan mahiyyətə malikdir. 81 yaşlı atasından o hələ həyatdaikən taxtı təhvil alması gözlənilən Məhəmməd bin Salmanın bu tələsik hazırlığının həbslərdə rolunun olduğu düşünülür. Anlaşılan odur ki, bin Salman önündə maneə təşkil edəcək təsirli müxalifəti bütünlüklə zərərsiz hala gətirmək niyyətindədir.

25 il öncə, I Körfəz Müharibəsi zamanı səudların ABŞ-la yaratdığı hərbi ittifaq, ölkənin mövcud vəhhabi bürokratiyası xaricindəki dini dairələr tərəfindən qəbul edilməmiş, yaranan “siyasi islamçı” tərkibli müxalifət rejimin başını əməlli-başlı ağrıtmışdı. Bu gün “şiə İraq”ı, hətta İsraili də əhatə edən yeni regional ittifaq arayışları qarşısında oxşar bir müxalif blokun formalaşmasının önünün indidən kəsilməyə çalışılmasını yenə “mötədil islam” çıxışı ilə birlikdə qiymətləndirmək lazımdır.

 

“Mötədil islam” Səudiyyə Ərəbistanı üçün  nə ifadə edir?

 

Əslində “mötədil islam”, məlum anlamıyla, Səudiyyə Ərəbistanı üçün heç nə ifadə etmir. 1744-cü ildə, islamın marginal və müstəsna şərhi olan vəhhabiliklə Səud tayfasının əməkdaşlığı əsasında qurulan Səud rejimi, o gündən bu günə kimi, quruluş ruhunu mühafizə edir.

Səudiyyə dəstəyi olmadan sələfi/vəhhabi ideologiyasının dünyada bu səviyyədə yayılması və populyar olması mümkün olmadığı kimi, vəhhabilik dəstəyi olmadan da konstitusiyalı rejimin idarəçiliyi imkansız görünür.

Sələfiliyin bu ölkə üçün islam aləmində təsirli bir “yumşaq güc” olduğunu da gözdən qaçırmamalıyıq. “İki müqəddəs şəhərin mühafizəçisi” məsuliyyətini daşıması ilə bərabər, vəhhabi məzhəbinin doğuş yeri və ana vətəni olan Nəcdi öz mərkəzi etmiş olan Səudiyyə Ərəbistanının, “dünyəvi gündəlik həyat” baxımından belə, Küveytə, Dubaya və ya Qətərə bənzəməsi gözlənilməməlidi.

Yoxsa təcrübəsiz gənc şahzadə belə bir illüziyaya qapılıb? O, yüksək elitanın mövcud nizamı ilə oynamağa cəhd edə bilərmi? Bu ehtimal sadəcə ölkənin aqil adamlarını qorxutmur. Bir neçə böyük regional aktyordan biri olan ortaqlarının bu üzdən sabitsizləşməsi ehtimalı Qərbin güc mərkəzlərini də mütləq şəkildə narahat edir. Lakin Səudiyyə Ərəbistanının davamlı olaraq dini qıcıq və zorakılıq yaradan bir ideologiyaya qaynaqlıq etməsi və bu durumun dövlət dəstəyilə davam etməsi, Qərbin nəzərincə, ciddi bir problemdir və bu hadisənin tamamilə nəzarət altına alınması ortaq bir gözləntidir. Bin Salmanın da bu gözləntini qarşılama vədi ilə özünə legitimlik sahəsi açmağa çalışdığı çox aydın görünür.

Radikalizmi İran deyil, vəhhabilik doğurdu

 

Bin Salmanın işarət etdiyi 1979-cu il sadəcə İran inqilabının baş verdiyi tarix deyildir. Həmin ildə Cuheyman əl Üteybi və camaatı Kəbəni və Məscid-i Haramı ələ keçirdilər. Mehdilik iddiası ilə müşayiət olunan bu aksiyada Səudiyyə idarəçilərinə “təkrar islama dönmə” çağırışı edildi. Hadisənin baş verdiyi ilk günlərdə Səud idarəçiləri İranı ittiham etdilər. Günlər keçdikcə, qeyri-müəyyənlik ortadan qalxdıqda, bu hadisənin arxasında ifrat görüşlü bir sələfi qurumunun olduğu ortaya çıxdı. İranın hadisə ilə əlaqəsi yox idi. Bu, qəbul edilməsi çətin olan bir həqiqət idi. Rejimin ideologiyası özü-özünü yox edəcək bir hərəkat yaratmışdı.

1960-cı illərin sonunda Kral Faysalla birlikdə başlayan və 1970-ci illərdə davam edən prosesdə Vəhabi-Sələfi cərəyanını islamçılığa yeridən məhz dövlətin özü idi. Bu dövrdə Səudiyyə Ərəbistanı Misir, Suriya, İraq və Yəməndəki Nasirçi, Bəəsçi rejimlərdən qaçan, çoxu “Müsəlman qardaşları”nın ("İxvan-i Müslim") üzvü olan, islamçı alim və hərəkat adamlarına qapılarını açdı. İslamçılıqla yerli oturuşmuş nizam vəhhabiliyinin bu “izdivacı”, təbii olaraq, siyasi-dini mahiyyətli bir radikalizm yaratdı.

Bin Salmanın bu həqiqətdən xəbərsiz olması mümkün deyil. O, yenə 1979-cu ildə başlayan prosesdə, Əfqanıstanda sovet işğalına qarşı başlamış olan cihad hərəkatına ölkəsindən çox sayda könüllünün qatılmasını dövlətin özünün təşviq etdiyini, hətta təşkil etdiyini, orada Sələfi bir blok formalaşması üçün ciddi investisiya qoyduğunu və bu rəsmi təşəbbüsün Səudiyyə Ərəbistanına siyasi dönüşünün yenə radikalizm olduğunu çox yaxşı bilir.

Bu gün ABŞ-ın öncüllüyü ilə, İrana yönəlik regional mühasirəyə alma və həmlələrin bu radikalizmi azaltmayacağını da onun bilməsi lazımdır. Ona görə ki, İran dəstəkli radikalizmlə Sələfi mənşəli radikalizmin dinamikləri çox fərqlidir. Səudlar, əslində, ikincisindən əziyyət çəkirlər.

Elədirsə, bin Salman “mötədil islam”a dönüş çağırışı ilə sadəcə mötədil bir ismarıc vermiş olur. Bu çağırış, heç bir şəkildə, rejim dəyişikliyi anlamında bir mahiyyət daşımır. BƏƏ-nin Vaşinqtondakı səfiri Yusuf əl Uteybə keçən günlərdə “10 il sonra körfəzdə sabit və inkişaf etmiş dünyəvi hakimiyyətlər görmək istədiyini” dilə gətirmişdi. Bu dünyəvilik təmənnasının digər neft ölkələri baxımından, bəlkə də, bir qarşılığı ola bilər. Ancaq Səudiyyə Ərəbistanı üçün bu oriyentasiya çox radikal dəyişikliyi tələb edir. Bin Salmanın BƏƏ-nin “arxasına düşərək”, bu yöndə addımlar atması ölkəsi üçün dağılmanın başlanğıcı ola bilər. Bu, bəlkə də “regionun yenidən dizayn edilməsi” niyyətində olan qlobal güclərin planları arasında ola bilər. Ancaq monarxiya rejiminin belə bir dəyişikliyə yol verməsi, yuxarıda göstərdiyimiz səbəblərə görə, elə də mümkün görünmür.

Səudlar üçün “mötədil islam”, hələlik, sükan arxasında və mahnılarıyla dövlət televiziya kanalında görünən Ümmü Gülsümdən ibarət olaraq qalmağa məcburdur. Artıq kino salonları da açıla bilər, küçədəki qadınlar bəlkə üzlərindəki örtükləri bir az qaldıra bilərlər. Tehranın saçların yarısını açıqda qoyan, baş bağlama formasının yavaş-yavaş Ciddədə, hətta Məkkədə yayılacağını proqnozlaşdıra bilərik. Məscid imamları və müəllimlər “radikalizmdən təmizlənmək” üçün təkrar daxili xidmət təliminə alına bilərlər. İfratçı dini qurumlar üzərindəki təzyiq daha da arta bilər. İslahatlar bu simvollar üzərindən aparılacaq.

Bu prosesdə ibn Əbdülvəhhabın Şeyx ailəsi və bu ənənə üzərində yetişən Səud alimləri “əməlsiz olmanın imansız olma anlamına gəldiyini” kürsülərdən söyləməyə, yenə şiələri və sufiləri təkfirçi saymağa davam edəcəklər. Müxalifətin yüksəltdiyi demokratiya tələblərini, "bidət" deyərək, damğalayacaqlar. Bəzən sultan və şahzadələrə bəzi dini mövzularda zidd gəlsələr də, bu üzdən hərdən danlansalar da rejimə sədaqətləri pozulmayacaqdır. Sədaqətlərinə görə də onlara bir söz deyilməyəcəkdir. Bu minvalla da Səudiyyə Ərəbistanı “mötədil vəhabilik”lə birlikdə yaşamağa davam edəcəkdir.

Tərcümə Strateq.az-ındır


Xəbər lenti

Reklam

Sorğu

    
     

    "Yeni xəbər" qəzetini bəyənirsinizmi?

    Bəli
    Xeyr