Redaktor seçimi
Azərbaycan Texnologiya Universitetinin rektorunun yeni oyunları:
Bədən tərbiyəsi və idmanın tədrisində “bir kabus dolanır”
Təhsil Nazirliyi saxta diploma “yaşıl işıq yandırıb”?!
Ağdam səhiyyəsində müəmma dolu maliyyə əməliyyatları
“Azərsu”ASC-də daxili çəkişmə və
“Kimdir axı bu Barzani?”
“Saxta diplom dalğsı” Azərbaycan Universitetini də “vurub”?!-
Vaziani planının gizlinlərindən-
Günün xəbəri

Lütfi Zadə vəsiyyəti ilə Yafəsə uduzdu – Aqşin Yenisey

 

  Bir  müddətdir Ankarada yaşayan şair Aqşin Yeniseylə müsahibəni təqdim

 

 

- Cəlilabadın kəndindən Bakıya, Bakıdan Ankaraya... Ayrılıqlar necə yaşanır?

- Məndə iki hiss həmişə bir-biri ilə döyüşüb. Heç kimə məxsus olmamaq və özünü kiməsə həsr etmək. Birincisi atamın, ikincisi anamın mənəvi mirasıdır. Bu iki hiss vətənə, dinə qarşı da məni düşünməyə vadar edir həmişə. İnsan hansısa vətənə, inanca məxsus hesab etməklə özünü kiçildir düşüncəsindəyəm, amma bir yandan da dünyanın ən böyük adamları özünü bir vətənə, bir millətə, bir inanca həsr edən insanlardır. Özümü haraya, kimə həsr etmək istədimsə, uğursuzluğa düçar oldum, təkləndim, təhqir olundum, bəlkə də ona görə məndə artıq heç kimə, heç nəyə məxsus olmamaq hissi fit çala-çala yaşayır. Bu, məsələnin şəxsi tərəfi. Ədəbi tərəfinə gəldikdə, ailəsini, ölkəsini tərk edib öz düşüncələrinin arxasınca dünyanı dolaşan yaradıcı tiplər çox olub. Sufilər, ümumiyyətlə, dünya vətəndaşlığı ideyasını irəli sürəndə və bunu öz həyatlarında yaşayanda indiki fəlsəfi, siyasi ideyaların izi-tozu yox idi. İnsanlar dünyanın bir parçasını öz vətənlərinə çevirmək üçün itlə pişik kimi boğuşurdular onların zamanında. Nə qədər şairanə səslənsə də, ayrılıq mövzusu heç vaxt məni cəlb etməyib, vətənin, qadının, müdirin məni ayrılıqla qorxutmasına həmişə gülmüşəm, lətifə qoşmuşam. Mən özümü ancaq başıma gələn ayrılıqlarda tanımışam desəm, nə sizi, nə özümü aldatmış olaram, yəqin.

- Bəs doğma və doğma olmayan insanların itkisi, ayrılığı necə, burnunun ucunu göynədən məsum varlıq necə?

Ölülərə acımaq, kədərlənmək deyə bir hiss yoxdur təbiətimdə. Özüm ölüm ayağında olanda da bunu təbii qarşılayırdım, hətta gizli bir qürur hissi də keçirirdim ki, taleyimi kimdənsə asılı yaşamadığım kimi, əcəlimi də Tanrının, təbiətin ixtiyarına buraxmadım. Özüm özümü öldürürəm və nümayişkəranə şəkildə. Nə gözəl! Bundan böyük xoşbəxtlik olarmı?! Amma sağ olsun, yaxşı insanlar və həkimlər məni Qoqol olmağa qoymadılar. Bilirsiniz də Qoqol özünü aclığa məhkum edərək öldürmüşdü. Onların xeyirxahlığı qarşısında geri çəkilməmək ayıb olardı. Xeyirxahlıq mənim inandığım yeganə dindir. Həyatda olan insanlar arasında isə burnumun ucunu göynədənlər var və bilirəm ki, yerin deşiyində də olsalar, bir gün mən onlarla yenidən görüşəcəyəm.

Şair, bu ayrılıqlar söhbətimizə giriş üçün körpü olsun, de görüm Ankaradan necə görünürük? Özünü uzaqda hiss edirsənmi?

- Gəl, bu suala bir şair kimi cavab verim. Bizim mədəniyyətimizdəki fars və rus təsirləri türk kimliyimizi həmişə sıxışdırmağa cəhd edib, ona görə Azərbaycan xalqı öz mədəniyyətini evinə buraxmır. Təbii məişət vərdişlərini uydurulmuş və onu ifadə yox, idarə etmək istəyən mədəniyyət ünsürlərindən üstün tutur. Fars, rus təsirləri Azərbaycan xalqının sifətinə çəkilmiş siyasi kosmetikadır. Bizim xalqın alt yapısı, alt şüuru türk etnosunun elementləri ilə zəngindir və biz hətta əsarət dövrlərində belə harda tarixi uğura imza atmışıqsa, bu, türkçülüyün üzə çıxmasının nəticəsində baş verib. Ankara Bakı kimi kimliyi bəlli olmayan bir şəhər deyil, çox milli bir duruşu var və öz görkəmi ilə Azərbaycanda milli kimliyinə sivilizasiya dediyimiz işğalın ayağı dəyməmiş bir kəndi xatırladır mənə. Burada bir kənd mühiti var, hətta bizim can atdığımız süni şəhərli olma hərisliyinə bir az da çəpəki baxırlar. Buradan baxanda biz gah əyalətə, gah da Avropaya oxşayırıq. Bizi əyalətə oxşadan dövlət anlayışına olan ötəri, şəxsi münasibətimizdir. Avropaya oxşadığımız məqamlar isə bir xalq olaraq müəllifi özümüz olmadığımız məqamlardır. Qorxa-qorxa deyim ki, Türkiyədən baxanda bizi Avropaya oxşadan məqamlara görə əsl müəlliflərə təşəkkür etməliyik. Bizimkilər gəlib burda “Çırpınırdı Qara dəniz” şeirini oxuyub gedirlər. Türkiyənin güclü elmi potensialı var, universitet rektorları öz həyətyanı sahələrinə xərclədiyi puldan ayırıb türk professorlarının Bakıda seminarlarını təşkil edə bilərlər, amma hamısı prezidentin sərəncamını gözləyir. Türklər özləri də ABŞ-dan, Almaniyadan köçürürlər. Məsələn, burda həyat yoldaşımın işlədiyi xəstəxana model olaraq ABŞ-dan götürülüb, türkləşdirilib və inanın, ölünü dirildir türk həkimləri. O ölünü ki, Bakıda həkimlər molladan qabaq onun fatihəsini verirlər.

- Elə bilirəm ki, sən heç qürbətdə deyilsən. Ya Türkiyə bizə doğmadır, ya da sən və sənin yaradıcılığın bizim mühitin tərkib hissəsidir. Sən nə düşünürsən?

Mən şairəm, yazıçıyam, milli emosiyaları, milli düşüncələri bəşəriləşdirməkdən sorunluyam. Dünyada milli heysiyyatını itirib bəşəri ucalığa yüksələn bircə dənə də şair və yazıçı yoxdur. Ona görə də harada yaşamağımdan asılı olmayaraq, Azərbaycan mənim üçün təbii mövzu olaraq həmişə birinci olacaq, özünün yaxşı və pis cəhətləri ilə. Elmin, fəlsəfənin milli özəlliyi olmaya bilər, amma sənət bəşəri olmağa can atan millilikdir. Lakin Lütfi Zadə olayı sübut etdi ki, elmin də milli bir bağlılığı ola bilər, ən azı, vətənin problemlərinə qarışmasa da, torpağına qarşımaq kimi.

- Burda bəzən siyasi baxışlarından dolayı tənqidi fikirlər səslənərdi, indi, deyəsən, təəssübkeşlik bu iradların üstünə mala çəkir.

Belə deməzdim. Bizim cəmiyyətin düşüncə tipi klassik xeyir-şər qarşıdırması üzərində formalaşdığı üçün səthi qatımız da iki rəngdən ibarətdir; ağ və qara. Bu da bizim analiz qabiliyyətimizi azaldıb, mühakimə qabiliyyətimizi şiddətləndirir. Hamletin şah sualı “Olum, ya qalım?” heyvani bir instinktdir. İnsan və cəmiyyət bu cür radikal düşünməməlidir. İnsan məhz “Olum”la “Qalım”ın arasındakı qızıl ortanı seçmiş bir canlıdır. Bizim cəmiyyətin bütün sahələrində məhz o qızıl orta yoxdur. Ya müxalifətçisən, ya iqtidar, ya ateistsən, ya dindar, ya fahişəsən, ya ana, ya milyonçusan, ya dilənçi! Belə texniki standartlarla yaşamaqmı olar? Məncə, hər bir müxalifətçi içində iqtidara da bir balaca yer ayırmalıdır, yaxud hakimiyyət nümayəndəsi özünü hərdən müxalifətçinin də yerinə qoymalıdır. Bu, bir siyasi ehtiyacdır. Belə olmadıqda ölkə dağılır. Yaxud hər bir ana da, heç olmasa, bir balaca öz ərinin “pozğun qadını” olmağı bacarmalıdır. Hər bir ər də, heç olmasa, öz arvadına hərdənbir yad kişi gözü ilə baxmalıdır. Bu, bir cinsi ehtiyacdır. Belə olmadıqda da ailə dağılır. Mən çalışdığım qədər bu qızıl ortaya sadiq qalmağa cəhd edirəm, amma cəmiyyətimizin ağ-qara fonunda bu, bəzən çox eybəcər görünür.

Səndən sonra bəzi məsələlər baş qaldırdı. Yafəs Türksəs bir yaş da qocaldı, Lütfi Zadə dünyasını dəyişdi...

- Yafəsi milli, Lütfi Zadəni bəşəri azərbaycanlı obrazı kimi seçdiyini göydə tutdum. Yəni demək istəyirsən ki, Azərbaycanda yaşayan azərbaycanlı Yafəs olur, Amerikada yaşayan azərbaycanlı Lütfi Zadə. Birinin dirisi ilə maraqlanmırıq, o birisinin meyiti üstündə bir-birimizi öldürürük. Amma səni inandırım ki, Lütfizadə ilə Yafəs arasında, yaşadıqları mühitin insani dəyərlərini çıxmaqla, genetik heç bir fərq yoxdur və Lütfi Zadə öz vəsiyyəti ilə Yafəsə uduzdu, dəfn olunmaq üçün Yafəsin üzərində yaşadığı torpağı seçdi. Bu, o kişinin həm də yafəslərə verdiyi qiymətdir, bəlkə də. Amma Yafəs üçün bunun əhəmiyyəti yoxdur. Çünki Yafəs üçün vətən təbii ərazidir, uğrunda təmənnasız çürüdüyü bir yerdir. Vətəni vətən edən, lütfizadələr üçün qiymətli edən də yafəslərdir. Yafəs olmasaydı, Lütfi Zadə üçün ABŞ-da, Nigeriyada, İslandiyada dəfn olunmağın heç bir əhəmiyyəti olmayacaqdı. Çünki vətən Lütfi Zadənin beynin bir küncündə ömrü boyu qürbətdəki təkliyini ovudan, uşaqlığını ölməyə qoymayan bir Yafəs obrazıdır. Mən ədəbiyyat adamı olduğum və vaxtilə Dikkensin İngiltərədə, sonra Dostoyevskinin onun təsiri ilə Rusiyada ədəbiyyatın “balaca adam”ların taleyinə məsul olduğu ideyasını dəstəklədiyini bilərək Yafəsi seçirəm. Vətənin lütfizadələrə yox, yafəslərə borclu olduğunu düşünürəm. Lütfizadələr vətənə lüks üçün lazımdır. Yafəslər isə vətənin ölüm ayağında utanmadan can istəyə biləcəyi adamlardır.

- Çox söz-söhbətlər gündəmi dəyişməyə hesablandı. Biri elə Akif Əlinin bayaqdan haqqında bəhs etdiyimiz Lütfi Zadəni təhqir edib, sonra üzr istəməsi. Bunu necə xarakterizə etmək olar?

- Akif Əli ömrünün bir hissəsini də mətbuatda məni tənqid etməklə keçirib, adi bir cümləyə görə. Amma Gertsenin “Nə etməli?” memuarını Azərbaycan dilinə çox yüksək səviyyədə tərcümə etdiyi üçün ona dostcasına bir münasibətim olub həmişə və bunu Nazirlər Kabinetində iş almaq üçün də söyləmirəm. Açıq deyim ki, Azərbaycan məmurunun indiki cansız obrazı heç də yaxşı deyil. Tükiyədə, bəlkə də teatra, baletə ona görə o qədər tələbat yoxdur ki, siyasi elita ölkəni həm də həyəcanla təmin edir. Bu cür məmurlar özləri də bilmədən mediativ, hətta bəzən ədəbi yaradıcılığa müsbət impulslar ötürürlər. Rusiyanın XIX əsri kimi bir əsri heç vaxt olmayıb, niyə? Çünki siyasi mühit qaynayırdı.

- “26-lar”ın kafe və küçələrdə boy verməsi boyumuzun yerə soxulması deyilmi?

- Rusiya özünü diriltmək üçün ölkədə xəfiyyə ordusu saxlayır. İran da özünü Azərbaycanda ölməyə qoymamaq üçün din ixrac edir. Bunlar o qədər aydın görünən proseslərdir ki, bu barədə politoloq olmağa ehtiyac yoxdur. Məni düşündürən odur ki, biz milli-siyasi kimliyimizdəki bu zəif yerləri niyə müalicə edə bilmirik? Niyə 1918-ci ildə Şərqin ilk demokratik respublikasının yaradılması haqqında bədii bir film çəkib beyinlərdən rus, fars izini biryolluq silmək istəmirik? Aydındır ki, Qərb bizdən nefti, rus bizdən Qarabağı alıb azadlığımıza göz yumub. Amma biz bu azadlığı niyə məişət səviyyəsindən tarixi demirəm, heç olmasa, yəhudilər kimi, sənət səviyyəsinə çıxarmaq istəmirik? Yəni məni ayrı suallar düşündürür! AYB-nin striptiz pulu ilə dolanmağından təbii nə ola bilər ki? 2000 üzvü olub ölkədə 2 oxucusu olmayan bir təşkilatın yazıçıları da yaşamalıdır, ya yox? Hacıbala müəllim AYB-yə cavabında Hüseyn Cavidin, Müşfiqin taleyinə acıyır, bəyəm, Hüseyn Cavidin, Müşfiqin torbası indi altında “26-lar” kafesi olan AYB-nin öz binasında o vaxt ədəbi komissarlıq edən sovet yazıçıları tərəfindən tikilməyibmi?

- Sonda yaradıcılığınla bağlı bir sual verim. De görüm, burda olduğu kimi orda da pərəstişkarların çoxdur? Yoxsa elə köhnə xatirələrə bürünmüsən?

- Burada hələ çap olunmağa tələsmirəm və istedadını xaricdə çıxan kitablarla ölçən vələmyesirlərimiz qədər də avam deyiləm.

 


Xəbər lenti

Reklam

Sorğu

    
     

    Saytımızı bəyəndiniz?

    Bəli
    Xeyr