Redaktor seçimi
Düşüncələr, təəssüratlar -
“Alfa LTD” şirkətinə növbəti ittiham:
“Bakı sarayları” mülk sahibləri ilə qarşıdurmada-
Yüzlərlə azərbaycanlının diri-dirini yandırıldığı məscid –
51 ilin neftçisi fəryad edir:
Alimin “İntihar kəndiri”:
Biləsuvarda analoqsuz “torpaq hərracı”:
Günün xəbəri

İstefa verən Vəkillər Kollegiyasının sədrinə ittihamlar

Yalçın İmanov:  “Onu tənqid etdiklərinə görə İntiqam Əliyev və Ənnağı Hacıbəyliyə Vəkillər Kollegiyasında təmsil olunmalarına imkan verilmədi”; Etimad İsmayılov: “Azər Tağıyev hüquqi təfəkkürdən uzaq, mağara düşüncəli adamdır”  

Yenixeber.org: Vəkillər Kollegiyasının sədri Azər Tağıyevin gözlənilmədən  istefası günün əsas mövzularından birinə çevrilib.  O, bunu səhhətindəki  problemlə əlaqələndirib. Bu gəlişmə daha öncə A.Tağıyevin ömürlük Vəkillər Kollegiyasının sədri olacağı ilə bağlı xəbərləri yalanladı. Halbuki sonuncu sədr seçkilərindən sonra proseslərin bu istiqamətdə cərəyan edəcəyi gözlənilirdi. Seçkidə Vəkillər Kollegiyası sədrliyinə əsas namizədlərlə bağlı da müzakirələrin başlandığı bildirilir və artıq xəbərin yayıldığı andan etibarən, müxtəlif iddiaçıların adları çəkilməkdədir.

Maraqlıdır, A.Tağıyevin gedişindən sonra bu sahədə hansısa müsbət dəyişikliklər yaşana bilərmi?

Vəkil Yalçın İmanov “Yeni Müsavat”a açıqlamasında bildirdi ki, Azərbaycanda vəkillik institutunun problemi təkcə Azər Tağıyevlə bağlı deyil. Onun sözlərinə görə, A.Tağıyevin gedişi ilə bu problemin həll olunacağını demək çətindir: “Problemin həlli üçün köklü dəyişikliklər lazımdır. Məhkəmə sisteminin müstəqilliyi vəkillik fəaliyyətinin inkişafı ilə birbaşa bağlıdır. Məhkəmə sistemi təkmilləşməsə, müstəqilləşməsə, konkret fərdin vəzifədən gedib-getməməsi heç nəyi həll etməyəcək”.

Image result for Yalçın imanov

Y.İmanov dedi ki, A.Tağıyevin özü ilə bağlı da bir sıra problemlər vardı. Müsahibimizin fikrincə, məhz fərdi olaraq yaratdığı bəzi problemlər bu sahəyə ciddi zərbələr vurmuşdu: “Bəzi dostlarımız onun rəhbərliyi dövründə kollegiyadan xaric edildi, bəzilərinin isə kollegiyaya üzv ola bilmədi. Vəkillər Kollegiyası təsis olunana qədər vəkillərimiz lisenziyalı fəaliyyətlə məşğul olurdular. Amma kollegiya təsis olunanda vəkillər bu qurumun üzvü olmalı idilər. Həmin vaxt həm İntiqam Əliyev, həm də Ənnağı Hacıbəyli kimi dəyərli vəkillər kollegiya sədrini tənqid etdiyinə görə orada təmsil olunmalarına imkan verilmədi”.

Y.İmanov bildirdi ki, kollegiyanın üzvü olmaq üçün namizədlər yazılı və şifahi olmaqla iki imtahandan keçməlidir. İmtahanı keçənlər daha sonra təkmilləşdirmə kurslarında iştirak edir, ardınca andiçmə mərasiminə qatılır. Ancaq bu mərhələlərdən sonra kollegiyanın üzvü olmaq mümkündür: “Son illər imtahanlarda çox sayda mürəkkəbləşmələr, ağır sualların qoyulması müşahidə olunurdu. Bu sualların çətinləşdiriıməsi, qəbul imtahanlarının vaxtlı-vaxtında keçirilməməsi tənqidlərə səbəb olurdu. Bütün bunlar isə vəkillərin sayının mümkün qədər az olmasına xidmət edir. İki ilə yaxındır ki, növbəti imtahanın keçirilməsi ilə bağlı sənəd qəbulu gedir, amma test imtahanının nə zaman keçiriləcəyi hələ bilinmir”.

2012-ci ildə Vəkillər Kollegiyasından qanunsuz olaraq uzaqlaşdırılan və hazırda Türkiyədə yaşayan Ədalət Partiyası sədrinin müavini Etimad İsmayılov strateq.az-a açıqlamasında əslində A.Tağıyevin çoxdan bu postdan uzaqlaşdırılmalı olduğunun gərəkliyini bildirib: “Mən Azər Tağıyevi çox yaxşı tanıyıram, hüquqi təfəkkürdən uzaq, mağara düşüncəli belə bir adamın insan hüquqlarının keşiyində durmalı olan bir quruma rəhbərlik etməsinin gülünc olduğunu həmişə açıqca demişəm, toplantılarda onu dəfələrlə tənqid etmişəm. Hesab edirəm ki, onun istefası, gecikmiş də olsa, müsbət addımdır. Bundan sonra önəmli olan odur ki, onun yerinə mütərəqqi, işıqlı biri gətirilsin. Elə bir namizəd üzərində durulsun ki, o, Vəkillər Kollegiyasını hüquq-mühafizə orqanlarının yedəyində gedən təşkilatdan müstəqil, gerçəkdən də insan haqlarının qoruyucusu olacaq bir quruma çevirə bilsin. Yalnız belə bir vəkillik institutu həm ölkədə hüquqi düşüncənin güclənməsinə kömək edə bilər, həm də beynəlxalq aləmdə imicimizə müsbət təsir edər”.

Qeyd edək ki, hazırda Azərbaycanda hər 12 min nəfərə yaxın adama cəmi 1 vəkil düşür. Halbuki hüquqşünaslar dünya üzrə orta göstəricinin hər 2000 min nəfərə bir vəkili olduğunu deyirlər. Bu hesabla Azərbaycan vəkillərin sayına görə dünya üzrə orta göstəricidən 6 dəfə geridədir. Maraqlıdır ki, hüquq fakültəsində təhsilini bitirənlər adətən vəkilliyə yox, hakimliyə, prokurorluğa, polis sisteminə yönəlirlər. Qınamalı da deyil: Azərbaycanda dövlətin dəvəti ilə vətəndaşın hüququnu müdafiə edən vəkilin bir saatlıq işinin qiyməti... 90 qəpikdir.

Sevinc TELMANQIZI


Xəbər lenti

Reklam

Sorğu

    
     

    Saytımızı bəyəndiniz?

    Bəli
    Xeyr