Qulam hüquq mühafizə orqanlarında yüksək rütbəli məmurun adından istifadə edir

Yenixeber.org: Ölkə mətbuatında Qulam Ələkbərovla bağlı bir çox yazılar dərc olunub.

Hətta “QAFQAZ XƏBƏR” anons verərək Qulam Ələkbərova məxsus kazinonun şəhərin ortasında aşkar olunmasından yazmışdı.

365info saytı olaraq həmin məlumatı dəqiqləşdirmək üçün Qulam Ələkbərovun Nərimanov rayonunun ərazisində tikdiyi bir neçə göydələnlərin və axırıncı yarımçıq binanın ikinci mərtəbəsində araşdırma apararaq gizli kazinonu aşkar etdik. Gizli kazino üç mərtəbədən ibarətdir. Əsas da odur ki, kazinonun Təbriz küçəsinə çıxan qapısı düz Heydər Əliyev Mərkəzinə baxır. Yəni, vaxtı ilə ölkədə qumar oyunlarının qadağan olunması Ulu Öndər Heydər Əliyevin fərmanı əsasında qadağan olundu. İndi də Qulam Ələkbərov elə bil ki, qəsdən kimlərəsə acıq verərək gizli kazinosunun qapısını Heydər Əliyev Mərkəzi ilə üzbəüz açıb.

“QAFQAZ XƏBƏR” verdiyi anonsdan sonra biz də Təbriz küçəsində Qulam Ələkbərovun tikdiyi yarımçıq binada yerləşən kazinonun qonağı olduq.

Hətta kazinonun qarşısında dayanan avtomobilləri videolentə də aldıq ki, sonra həmin avtomobil sahiblərinə Qulamın gizli kazinosunda qumar oynamaqlarını yadlarına salaq.

Qulam Ələkbərovla bağlı balaca araşdırma apardıq və özünü mafiya babasına bənzətməyi barədə maraqlı məlumatlar əldə etdik.

Qulam Ələkbərovun balaca qardaşı Misir və Qulamın dəstəsinin digər üzvləri -Dəliməmmədli Xəqani, qara kəmər ustası “Qaraçı” ləqəbli Rasim və digərləri Qulam Ələkbərovun dəstəsinin üzvləridir.

365info saytına daxil olan məlumata görə hətta bu şəxslər Dəliməmmədli Xəqaninin planı əsasında (Dəliməmmədli Xəqani dəstənin beyin mərkəzidir) cürət edib Luqansk şəhər polis rəisinin uşağını oğurlatdıraraq rəisdən 20 min dollar pul alıblar. Qulamın qardaşı Misir heç vaxt kimləsə üz-üzə gəlməz, ancaq saatlarla kənardan qurbanını güdüb sonda qətlə yetirib aradan çıxa bilər. Yuxarıda adları çəkilən şəxslər hamısı 12 ilə yaxın məhkumluq həyatı yaşayıblar.

Vaxtı ilə Qulamın özünü Rusiyada baş vermiş “Saratov hadisələri” ilə əlaqədar (mis-metal əməliyyatı) Gəncə aeroportunda maşının baqajına salıb aparan şəxsləri sonradan qardaşı Misir qıraqdan güdərək avtomat silahla güllələyib.

Bir dəfə də, təxminən 1992-ci ildə Goranboy rayonunda bir nəfər idmançı-güləşçi ilə Misirin sözü çəp düşüb və Misir həmin idmançının ağzından tapança ilə atəş açaraq qətlə yetirib. O vaxt onu cinayət məsüliyyətinə cəlb olunmaqdan korpus komandiri Rövşən Əkbərov qurtarıb. Bundan başqa ölkə mətbuatında gedən məlumatlarda bildirilir ki, Qulam Ələkbərov keçmiş nəqliyyat naziri Ziya Məmmədovun kriminal adamı olub: “Bu günlərdə mediada daha bir dəhşətli məqamın üstü açılıb.

Belə ki, Hacı Məmmədovun bir tayı da elə Nəqliyyat Nazirliyinin içindəymiş və hazırda da işinin başındadır.

Araşdırmalar zamanı bəlli olub ki, nəqliyyat naziri Ziya Məmmədovun «sağ əli» sayılan şəxs özünə şəbəkə quraraq, bir sıra qeyri-qanuni işlərə qol qoyub. “Z.Məmmədovun «sağ əli», həm də «kassiri» kimi ad çıxarmış şəxs Qulam Ələkbərovdur.

Ələkbərovun adı nəinki qeyri-qanuni maliyyə işlərində, hətta adam oğurluğu, şantaj da hallanır. Mənbənin bildirdiyinə görə, bir müddət əvvəl nəqliyyat naziri ilə bağlı vəziyyət pisləşəndə ölkədən qaçan sözügedən şəxsin hazırda Ukraynada olduğu deyilir.

Ancaq qardaşı Misir hazırda Goranboy rayonundadır və dəfələrlə bir sıra ağır cinayətlərə görə məsuliyyətə cəlb olunsa da, yerli Yol İstismar İdarəsində rəis müavini vəzifəsində çalışır.

Mətbuatda yer alan yazılarda göstərilir ki, Q.Ələkbərov Z.Məmmədovun nəzarətində olan bütün rayonlarda keçirilən tenderləri bölüşdürməkdə, habelə icra başçısı təyin etmək səlahiyyətlərinə malikdir.

Q.Ələkbərovun erməni əsilli iş adamı ilə ortaq olması barədə iddialar da mediada yer alan xəbərlər sırasındadır.

Məlumata görə, Dneprepetrovskda tikinti və montaj işləri ilə məşğul olan K.A.S. LTD firmasının əsl sahibi Azərbaycan vətəndaşı Q.Ələkbərovdur. dnepropetrovsk.glo.ua saytında göstərilir ki, firma Lenin rayonu, L.Şmidt küçəsi, 13-də yerləşir. Həmin firmaya hüquq xidmətini isə Kiyevdə, Lesi Ukrainki bulvarı, ev 34-də yerləşən “Tsentralnıe BTI” hüquq firması göstərir. Bu firmanın sahibi Aleksandr Karapetyandır. Bu, Q. Ələkbərovun Ukraynada erməni tərəfdaşları ilə bağlı ilk fakt deyil. Bildirilirdi ki, onun biznes-partnyoru “Omeqa Investkom” şirkətinin rəhbəri Eduard Bağdasaryandır. Bağdasaryan həm də Dneprepetrovsk şəhər sovetinin deputatıdır. O, Dneprepetrovsk şəhər sovetində “erməni soyqırımı”nı tanıyan qətnaməyə dəstək verənlərdən biridir.

Q.Ələkbərov Azərbaycanda “AQ Inşaatçı Servis” MMC-nin sahibidir. Bu MMC-nin adı mənzil dələduzluğuna görə dəfələrlə mətbuatda çəkilib.

Q.Ələkbərov vaxtilə Gömrük Komitəsinin Gəncə şöbəsində rəis müavini vəzifəsində çalışıb. İşdən çıxarıldıqdan sonra “Gənclik” metrostansiyasının yaxınlığında “Milyonerlər məhəlləsi” deyilən ərazidə ev tikintisi ilə məşğul olub.

Uzun müddət Bakıda fəaliyyət göstərən «Mona Liza» sarayında özünə qərar qurmuş Q.Ələkbərovun haqqında digər ilginc məqamlar da var.

Bildirilir ki, hazırda Qulam Ələkbərovun ermənilərlə işbirliyində olduğu, eyni zamanda Z.Məmmədov hədəfə gələndən sonra ölkədən pul çıxarıb-çıxarmadığı araşdırılır”. (cumhuriyyet.net)

Mövzu ilə bağlı onu da qeyd edək ki, bir müddət əvvəl deputat Qüdrət Həsənquliyev ölkədə kazinoların bərpasına dair fikir söyləmişdi. Deputat bildirirdi ki, bununla ölkəyə külli miqdarda gəlir gələcək. Lakin cəmiyyətimiz nəinki qanunsuz, hətta qanuni qumarxanaların olmasına qarşıdır: “Maraqlıdır ki, təxminən bir il əvvəl Qüdrət Həsənquliyev “Topaz” qumarının ailələri dağıtdığını və onun ləğvini tələb etmişdi. Digər tərəfdən, Azərbaycana bu gün sadəcə iqtisadi gəlirmi lazımdır? Belə bir qanun qəbul ediləcəyi halda ölkənin kriminogen durumuna və sosial-ictimai vəziyyətinə hansı təsirlər qoya bilər?

Qeyd etmək yerinə düşərdi ki, Azərbaycanda kazinolar və qumarxanalar eks-prezident Heydər Əliyevin göstərişi ilə ləğv edilib.

Millət vəkili Aydın Mirzəzadə Əsas Qanunda qumarın qadağan olunması ilə bağlı qanuna yenidən baxılması üçün hər hansı sosial sifariş olmadığını dedi: «Rəsmi dairələrdə bununla bağlı nə təşəbbüs var, nə də həmin vaxt qəbul edilmiş qərarın dəyişilmək istəyi. Bu, sadəcə Azərbaycan Parlamentində müxalifətdən olan Qüdrət Həsənquliyevin səsləndirdiyi bir təşəbbüsdür. Bu, onun şəxsi fikirdir. Azərbaycan Parlamentində həmin fikri dəstəkləyən ikinci bir deputat tapılmadı. Şəxsən mən hesab edirəm ki, Azərbaycanda azart oyunlarının leqallaşdırılmasına heç bir ehtiyac yoxdur». Aydın bəy birinci qəbul edilmiş qərarın prinsipial olduğunu və onun ləğv edilməsinə hər hansı ehtiyacın olmadığını vurğuladı. Onun sözlərinə görə, əksinə, bu qərarın ləğv edilməsi Azərbaycanda bir çox problemlərə səbəb ola bilər.

Şərqşünas-politoloq Vüsal Hətəmov milli-mənəvi dəyərlərimizə zidd olan qumarın, ancaq cinayət hadisələrinin sayını artıracağını bildirdi: «Burda intiharlardan, borclu insanların sayının çox olmasından, müflis olanların artmasından, uduzanların cinayətə əl atacağından söhbət gedə bilər. Qumarın «effekti» bu olacaq. Hesab edirəm ki, hakimiyyət siyasi iradəsini ortaya qoymalıdır. Bütün, qumarla bağlı, təkcə kazinolar deyil, buna oxşar həvəsləndirici oyunlar, o cümlədən lotoreyalar qadağan edilməlidir».( faktxeber.com)

Bütün bunlar, qanunsuzluq bir yana qalsın, Q.Ələkbərovun kazinosu kimi yerlərin mənəvi dəyərlərimizə nə qədər zərbə vura biləcəyindən doğan haqlı narahatçılıqdır.

365info saytına daxil olan məlumata görə Qulam Ələkbərov hüquq mühafizə orqanlarında çalışan yüksək rütbəli məmurun adından istifadə edərək özünü mafiya babalarına bənzətmək istəyir.

Hətta bu yazı çapa gedərkən 365info saytının kollektivi yuxarıda adları qeyd olunan dəstənin əməllərindən ehtiyat etməyi düşünürlər.

Şamil Həsənbəyli

365İNFO.AZ

QULAMIN GİZLİ KAZİNOSU İFŞA OLUNDU – VİDEO