Redaktor seçimi
“Saxta diplom dalğsı” Azərbaycan Universitetini də “vurub”?!-
Vaziani planının gizlinlərindən-
Şeyximizin Karlovı Varıda biznesi üzə çıxdı -
QULAM ƏLƏKBƏROVUN DƏSTƏSİ İFŞA OLUNDU-
Əsabil Qasımovun qardaşının əməlləri kütləvi narazılıq doğurur-
Robert Kennedinin qatili
İran köhnə neft siyasətinə qayıdır –
Günün xəbəri

Musiqi məktəbində “ölü kadrlar” necə maaş alır? -Samuxda

 

Direktor: “Məktəbdə yoxlanış aparılıb və heç bir neqativ hal aşkarlanmayıb”


Yenixeber.org:   Samuxun Sərkar kənd musiqi məktəbində baş verən korrupsiya qalmaqalı haqqında qəzetimizin bundan əvvəlki saylarında məlumat dərc etmişdik. Redaksiyamıza daxil olan şikayət məktublarında bildirilirdi ki, adıçəkilən məktəbin direktoru Səadət Fərhad qızı Məmmədbəyova vəzifəsindən sui-istifadə edərək adları məktəbdə gedən, amma faktiki olaraq işləməyən şəxslərin adına əmək haqqı yazaraq mənimsəyir, uşaqların sayını artırmaqla sinif yaradır, nəticədə külli miqdarda pul mənimsəyir. Çantasında Salman Nağıyevin, Alim İbrahimovun, Aytən Alməmmədovun, Rövşən Əsgərovun, Babək Hüseynovun, Nigar Salmanovanın maaş kartlarını gəzdirir. Onların maaşları bankomatlardan şəxsən özü çıxarır. Hətta uzun müddət Rusiyada yaşayan Lalə Şahismayıl qızı Xeyirxəbərovanın maaş kartına keçən 427 manat pulu mənimsəyir. 


Faktla bağlı redaksiyamıza Lalə Xeyirxəbərovanın adına olan hesabdan çıxarış da təqdim olunub. Həmin çıxarışda L.Xeyirxəbərovanın adına 2016-cı il dekabrın 5-dən bu ilin mart ayının 30-dək adına çıxarış edilən maaşların miqdarı yazılıb.


Müraciətdə həmçinin bildirilir ki, əgər Nağıyev Salman, Əsədova Pərvanə və Əliyev Şaiqin uzun illərdir əmək haqqı kartlarının bankomatdan çıxarılması yoxlanılarsa, Azərbaycan Beynəlxalq Bankına sorğu verilərsə, pulun kimin tərəfindən bankomatdan çıxarıldığı açıq-aşkar görünər. Çünki kartı bankomata daxil edib pulu məxaric edərkən həmin bankomat tərəfindən kartı daxil edən şəxsin avtomatik şəkli çəkilir. Bu zaman pulun məktəbin direktoru Səadət müəllimə tərəfindən götürüldüyü aşkar olunacaq.


Məktəbdə ştat üzrə 295 şagird təhsil alındığı bildirilsə də, həqiqətdə bu belə deyildir. Musiqi məktəbində faktiki 173 nəfər şagird təhsil alır. Buna sübut olaraq Həzrətov Orxan Vidadi oğlunu göstərmək olar ki, həmin şagird hazırda Sumqayıt Musiqi Kollecinin truba aləti sinfində təhsil alır.


S.Məmmədbəyovanın keçmiş qudası Elman Hüseynovun redaksiyamıza ünvanladığı məktubda bildirilirdi ki, keçmiş gəlini Şəms Hüseynova savadsızdır, notları belə tanımır, pianoda ifa belə edə bilmir, amma yüksək maaşla pianodan dərs deyir.


Xatırlatma verərək bildirək ki, S.Məmmədbəyovanın əməlləri ilə bağlı baş Korrupsiyaya Qarşı Mübarizə Baş İdarəsinə müraciət ünvanlayıb.


Məsələ ilə bağlı məktəbin direktoru S. Məmmədbəyova “Yeni Müsavat”a açıqlama verib. Direktor qeyd edib ki, korrupsiya qalmaqalı ilə bağlı may ayında məktəbdə yoxlanış aparılıb və heç bir neqativ hal aşkarlanmayıb: “Aşkarlandı ki, deyilənlərin hamısı şər-böhtandır. Ötən il mən haqqımda səslənən ittihamlara, şər-böhtanlara, şəxsiyyət və ləyaqətimi alçaltdığı üçün Günay Məmmədovanı məhkəməyə verdim. Məhkəmədə təsdiq olundu ki, onun dedikləri yalandır”.


Direktor məktəbin “ölü kadır”ı L.Xeyirxəbərova ilə bağlı ittihamlara da cavab verib: “O, sağlamlığında yaranmış problemlərə görə ötən il dekabrın sonunda məzuniyyət günündə icazə alaraq bir həftəlik Rusiyaya müalicəyə getdi. Bununla belə, Günay Məmmədova onun haqqında da ittihamlar irəli sürüb. Lalə gənc kadrdır, yaxşı müəllimdir. Sadəcə, yeni ailə həyatı qurmuşdu və səhhətində yaranmış problemlərə görə bir müddət ölkədən getmişdi. Müvafiq orqanlar onun haqqında da araşdırma apardı və deyilənlərin yalan olduğunu sübut etdilər”.


Direktor qızı Şəms Hüseynova haqqında ittihamlara isə bu cür cavab verdi: “Mənim keçmiş qudamın dedikləri də yalandır. Qızım erkən vaxtında ailə həyatı qurdu. Lakin ailədə tez-tez döyülürdü, buna görə hətta polisə də müraciət etmişdik. Savadına gəldikdə isə bildirim ki, qızım Şəms 5 yaşından musiqi ilə məşğul olur. O, Gəncədə 5 saylı musiqi məktəbini bitirib. Oxuduğu müddətdə daima konsertlərdə, tədbirlərdə iştirak edib. Daha sonra isə Gəncə Musiqi Kollecində fortepiano üzrə təhsil alıb. Qızımın savadsız olması haqqında səslənən ittihamların hamısı əsassızdır”.


Uzun müddət məktəbdə müəllim işləyən Günay Məmmədovanın əməkdaşımıza verdiyi açıqlamaya görə, məktəbdə hələ də korrupsiya halları səngimək bilmir: “Ötən il məktəbin direktoru haqqında səsləndirdiyim ittihamlara görə məni məhkəməyə verdi və təzminat davası açdı. Təzminat məsələsi məni qorxutduğu üçün ərizəmi geri götürdüm, məhkəmə barışıq qərarı çıxartdı. Lakin baş verən neqativ halların heç biri araşdırılmadı. Bu gün də qeyd edirəm ki, müraciətimdəki bütün faktlar doğrudur, gerçəkdir. Hazırda da Səadət Məmmədbəyova müəllimlərdən pul tələb etməkdə davam edir. Müəllimlərin hüquqlarını pozması artıq dözülməz həddə çatıb. Hər ay bütün müəllimlərin əmək haqlarından qanunsuz pul tutulmaları aparır”.
G.Məmmədova Rusiyada yaşamış həmkarı ilə bağlı qalmaqala da aydınlıq gətirib: “Lalə Rusiyada yaşayırdı, lakin adına 3 ”stavka" maaş kəsilirdi. Halbuki qanunla bu doğru deyil. Baş verən qalmaqala görə o, təcili olaraq bu ilin əvvəlində Azərbaycana gəldi".


Adının çəkilməsini istəməyən digər müəllimin sözlərinə görə də məktəbdə korrupsiya, hər ay müəllimlərdən pul alınması artıq ənənəvi hala çevrilib.
Mövzunu davam etdirəcəyik.

Musavat.com


Xəbər lenti

Reklam

Sorğu

    
     

    Saytımızı bəyəndiniz?

    Bəli
    Xeyr