Redaktor seçimi
“Saxta diplom dalğsı” Azərbaycan Universitetini də “vurub”?!-
Vaziani planının gizlinlərindən-
Şeyximizin Karlovı Varıda biznesi üzə çıxdı -
QULAM ƏLƏKBƏROVUN DƏSTƏSİ İFŞA OLUNDU-
Əsabil Qasımovun qardaşının əməlləri kütləvi narazılıq doğurur-
Robert Kennedinin qatili
İran köhnə neft siyasətinə qayıdır –
Günün xəbəri

"Millət meydanda məni qəbul edib" -Sabir Rüstəmxanlı

Yenixeber.org: Xalq şairi, Vətəndaş Həmrəyliyi Partiyasının sədri, keçmiş millət vəkili Sabir Rüstəmxanlı Lent.az-a maraqlı açıqlamalar verib.

 Həmin müsahibəni təqdim edirik:

– Sabir bəy, şair və yaxud siyasətçi olmaq insandan fərqli xarakterlər tələb edir. Bəs siz bunun ikisini də necə bacarırsınız?

– Siyasətlə şairliyin arasında ciddi ziddiyyət görmürəm. Eyni şeyi siyasətçi də deyir, şair də. Sadəcə, siyasətçi fikrini çılpaq şəkildə çatdırır, şair estetik formada. Dədə Qorquddan üzü bəri bütün böyüklərimizi yada salaq. Heç biri insanı, xalqı və dövləti qorumaq siyasətindən kənarda olmayıb. Xaqani, Nizami, Nəsimi, Qazi Bürhanəddin, Xətai, Vaqif, Mirzə Fətəli Axundzadə…

Xətainin bir əlində qılınc, o birində qələm olub. Aradan əsrlər keçib. Bu gün Xətainin siyasətini qəbul etməyənlər çoxdur, amma sözü tənqid oluna bilmir. Çünki sözü çox yüksəkdədir. Xətai Səfəvilər dövlətinin hökmdarı kimi yox, sözün hökmdarı kimi yaşayır.

– Deyirsiniz ki, şairliklə siyasət arasında ciddi ziddiyyət yoxdur. Sonra da Xətainin qılıncını misal gətirirsiniz. Qılınc və qələm ziddiyyət deyil? 

– Xətai əlini həmişə qələmə uzadıb. Amma hiss edəndə ki, orda qələm işləmir, qılınc götürüb. Ümumiyyətlə, əlində qılınc olan bütün insanların imkanı olsa, qılıncdan imtina edib, qələmdən yapışarlar. Qələmdən əbədi və qələmdən daha təsirli güc yoxdur. Amma təəssüf ki, dünya namərdlər dünyasıdır. Türkün çevrəsi həmişə düşmənlə əhatələnib, ona görə də qılınca sarılmağa məcbur olub. Amma ruh etibarilə türkün ruhu Dədə Qorqud ruhudur. Xətai qələmini qılıncla qoruyub. Biz də əslində, sözümüzü və özümüzü qorumaq üçün siyasətə qurşanmışıq.

– Siz özünüz heç qılınca əl atmısınız? Belə bir şey yadınıza gəlirmi?

– Sözümün silaha çevrilən vaxtları olub, amma qılınca əl atmamışam.

– Vətən, millət, elə-obaya bağlılıq, türkçülük, bütöv Azərbaycan mövzuları sizin bütün çıxışlarınızın içindən qırmızı xətt kimi keçir. Amma bu mövzularda fikirlərinizi səmimi qəbul etməyənlər də var. Deyirlər ki, necə ola bilir, Sabir Rüstəmxanlı 25 il deputat olur, pulu, imkanları bu qədər geniş olur?

– Əvvəla, mən 25 il öz-özümə deputat olmamışam; millətim, xalqım seçib. İkincisi, bir qrup adamın cahilcəsinə dediyi sözlərə əhəmiyyət vermək lazım deyil. Sabir Rüstəmxanlı anadan belə doğulmayıb ki… Bu gün ortada olan və mənim haqqımda bu cür danışan, yazan adamların hamısından ağır bir yol keçmişəm.

Azərbaycanın ən ucqar və ən kasıb rayonunun gediş-gəliş az olan bir dağ kəndində dünyaya gəlmişəm. Mən bununla qürur duymuram, kaş elə o vaxt da maddi imkanlarım yaxşı olaydı. Amma fakt budur ki, mən Bakıya gələndə tanıdığım bir adam da olmayıb ki, qapısını döyəm. Təsəvvür edin, 17 yaşlı bir uşaq tək-tənha Bakıya gəlir və evdən çıxanda da deyir ki, mənə pul göndərməyin, özüm öz həyatımı quracağam. Belə də oldu, həyatımı özüm qurdum.

Tələbə ola-ola fəhlə işləmişəm, gecə qarovulçu olmuşam. Tanımadan, bilmədən, yalnız yazılarıma görə məni dördüncü kursda "Ədəbiyyat və İncəsənət” qəzetində işə götürüblər. Bütün ömrüm boyu öz zəhmətimlə yaşamışam. Həyatım isə "Ömür kitabım”dan aldığım çox yüksək qonorardan sonra dəyişdi. Bu qonorara kimi qəzetdən, yazı-pozudan qazandıqlarım aydan-aya zorla çatırdı…. İşıq pulu, qaz pulu və s. Heç kimdən minnət götürməmişəm, heç kimə də borclu deyiləm. Hər şeyi alın tərimə borcluyam. Ona görə də heç kim mənə gözün üstə qaşın var deyə bilməz!

– Heç yol göstərən də olmayıb?

– Bu yolu tale göstərib. Xoşbəxtlikdən yaxşı müəllimlərim, dostlarım da olub. Başqalarının evdən çölə çıxmağa hünəri çatmayanda mən meydanlarda olmuşam. Başqalarının millətin taleyini və sözün düzünü yazmağa cəsarətləri çatmayanda mən həqiqətləri yazmağa çalışmışam və kitabım əl-əl gəzib. Millət meydanda məni qəbul edib, xalqın sevgisini qazanmışam. Və bu yolla da millət vəkili seçilmişəm.

Mən kimin qabağını kəsmişəm ki, bu yolları keçməsin? Bəlkə millət öz şairini Hadi kimi küçələrdə, Mirzə Ələkbər Sabir kimi ehtiyac içində görmək istəyir? Mənim əziyyətlərim onlardan az olmayıb. Buna görə də boynumda heç kimin minnəti yoxdur. Meydanda istəsəydim, millət məni çiynində aparıb qoyardı Prezident Aparatına. Amma mənim belə bir iddiam olmayıb, heç vaxt vəzifə və var-dövlət dalınca qaçmamışam…

– Bu dəfə Milli Məclisə namizədliyinizi özünüz vermədiniz?

– Bəli, özüm vermədim.

– Niyə?

– Düzü, həyat yoldaşım Milli Məclisə namizədliyini vermək istəyirdi. Onun həm yazı-pozusunu, həm siyasətdə fəallığını, xidmətlərini nəzərə alıb istəyirdim ki, bu beş ildə də ona yardım edim. Onun buna haqqı çatır. Həm də bu dünya namərd dünyadır. Fikirləşdim ki, bir gün başıma bir iş gələr… Mümkün olmadı.

– Sizcə, özünüz namizədliyinizi versəydiniz, yenə seçiləcəkdinizmi? 

– Bəli, namizədliyimi versəydim, seçiləcəkdim.

– Milli Məclis iş yeriniz idi. 25 il gedib-gəldiyiniz bir yerdən ayrılmaq sizin üçün çətin olmadı ki? Parlamentdən ötrü darıxırsınızmı?

 – Yox, mənim içimdə elə bir duyğu olmadı. Çünki mən işlədiyim yerlərdən həmişə öz istəyimlə ayrılmışam. "Yazıçı” Nəşriyyatından da, nazirlikdən də özüm getmişəm. İndi deputat olmamağın da sıxıntısını yaşamıram. Çünki deputatlıq mənə əlavə heç bir status qazandırmırdı. Bircə diplomatik pasportum vardı, vəssalam.

– Toxunulmazlıq hüququ da var…

– Mən o toxunulmazlıq statusunu millətimdən almışam. Milli Məclisin rəsmi şəkildə verdiyi pasportu – bütün sayğını, toxunulmazlığı, yolların açıqlığını, getdiyim yerdə yüksək səviyyədə qəbul olunmağı özüm qazanmışam.

– Maraqlıdır, belə hesab etmək olarmı ki, sizin növbəti dəfə deputat seçilməyinizə xanımınız maneə oldu?

– Yox, olmaz! Çünki yoldaşım namizədliyini vermək istəməsəydi də, mənim qərarım qəti idi ki, bu dəfə məclisə getməyəcəyəm. Çünki 25 il deputat oldum. Bunun özü böyük rəqəmdir. Yazı-pozu işimə vaxt az qalırdı. Əsəbiləşirsən, sarsılırsan, ümidlərini itirmək həddinə gəlirsən… Bir də ki, mən el qınağını nəzərə alan adamam. Üzümə deməsələr də, arxada fikirləşirlər ki, 25 il bəsdir də! Doğrudan da mənim üçün məclisdə olmaq daha bəs idi. Fasilə verməli idim.

– Ola bilərmi, növbəti seçkidə namizədliyinizi verəsiniz?

– Bilmək olmaz. O, Allahın verdiyi sağlamlıqdan və gücdən asılıdır… Seçicilərin bizdən sonra gələnlərlə müqayisə aparmaq imkanı yarandı. Bu özü yetərlidir…

– Deyirsiniz ki, mən el qınağından çəkinən adamam. Üzümə deməsələr də, arxada fikirləşirlər ki, 25 il bəsdir də! Bəs bu rəqəm 15, 20 olanda niyə el qınağından çəkinmədiniz?

 – Dediyin elə məsələdir ki, bu barədə, istər-istəməz, həmişə düşünürsən. Amma millət vəkili seçilməyin məhdudiyyəti yoxdur. Mən özümdə güc hiss edirdim, görürdüm ki, hələ yorulmamışam. Ona görə də seçkilərə sıxıntısız gedirdim. Hər dəfə də camaatın arasına daha üzüağ çıxırdım. Çünki öz dairəmdə çox işlər görmüşəm. Məktəb tikdirmişəm, yollar saldırmışam, dağ kəndlərinə su çəkdirmişəm, təhsilin, mədəniyyətin inkişafına əlimdən gələn yardımı etmişəm. Təbii ki, dövlət qayğı və diqqətlə yanaşıb təkliflərimə…

– Sabir bəy, Azərbaycanda vəzifədən çıxarılan, deputat seçilməyən adam haqqında adətən fikirlər səslənir ki, "vurulub”. İndi sizi də "vurulmuş” hesab etmək olarmı?

– Mən bu günə kimi vurula-vurula gəlmişəm. Milli Məclisdə olduğum illərdə də davamlı olaraq vurulmuşam. Sənin dediyin "vurulmaq” məsələsinin sərhədlərindən kənara çıxmış adamam. İkincisi, məni necə vura bilərlər ki? Lap həbs etdilər. Həbsxanaya düşmək mənim vurulmağım demək deyil. Mənəvi cəhətdən vurulmaq mərhələsini də, ölüm fitvalarını da keçmiş adamam. Özüm üçün qorxum yoxdur.

Əvvəllər də demişəm: mənim taleyim Bakı küləyi kimidir: kim mənə tüpürürsə, külək qaytarıb öz üzünə yaxır. Qorxum uşaqlarımızın və gələcək nəsillərimizin taleyindəndir…

– Bir şey də maraqlıdır. Vətəndaş Həmrəyliyi Partiyasının ofisi əvvəl Xətai metrosu tərəfdə idi. İndi isə Qanun Nəşrlər Evinin yerləşdiyi binaya köçübsünüz. Səbəb nə oldu?

– O qərargahın kommunal xərcləri çox idi. İclas keçirmək üçün çox xahişlər olurdu. Hamının vəziyyətini bilirəm, imtina etmək olmur. Ancaq gələnlərin bəzisi, sanki bilərəkdən ziyankarlıq edirdi, binanı pis günə qoyurdular. Hələ başqa söz-söhbətləri demirəm. Bunlar işin bir tərəfidir. İkincisi isə yaşamaq getdikcə çətinləşir. Ona görə də binanı bütövlükdə icarəyə vermək istədim. Dolanışıq üçün yol axtarıram… Əsərlərimi bir yerə toplamaq istəyirəm; iyirmi cildə yaxındır, çap elətdirə bilmirəm, vəsait yoxdur. Ailəmin gündəlik qayğıları var… Mən oradakı yerdəyişməni imkansızlıqdan edirəm; təyinatını dəyişmək, daha səmərəli şəkildə istifadə etmək lazımdır.

 – O bina şəxsən sizindir?

– Hə, şəxsi binamdır.

  – Sabir bəy, keçmiş nazir Ziya Məmmədovla qohumluğunuz barədə deyilirdi ki, guya əlaqələrinizi möhkəmləndirmək məqsədi daşıyır. 

– Əvvəla, mən Ziya müəllimlə yox, onun qardaşı ilə quda olmuşam. Gənclər əvvəldən bir-birlərini tanıyıblar, seviblər və bu gün də xoşbəxtdirlər. İki gözəl övladları var. İşin bu tərəfinə görə qohumluğumuzla qürur duyuram. Ancaq qətiyyən elə bir fikrim olmayıb ki, Ziya Məmmədov nazirdir, buna görə onunla qohumlaşım, yaxınlaşım. Bu, Allahın yazısıdır.

Ziya müəllimi əvvəldən də tanıyırdım, aramızda xoş münasibət vardı. Mənimlə də, digər millət vəkilləri ilə də həmişə yüksək səviyyədə səmimi münasibəti olub. Bir şeyi də nəzərə al ki, nazir olub-olmamaq mənim üçün meyar deyil və vəzifə görməmişi də olmamışam: mən özüm Ziya Məmmədovdan qabaq nazir olmuşam. Köhnə millət vəkili həmkarım Elton müəllimlə də uzun illərin dostuyuq. Bir sözlə, bu ailəyə, bu qardaşlara böyük sayğım var. Onlar köklü bir övliya nəslindən gəlirlər. Vəzifədən gedəndən sonra yazmışdılar ki, Ziya Məmmədov Quran oxuyur. Başa düşmürəm, Quran oxumağın nəyi pisdir ki? Burda nə qəribəlik var? Ziya müəllim həmişə dinlə, ədəbiyyatla maraqlanıb. Ziya müəllimlə oturub ədəbiyyat haqqında söhbət eləyə bilərsən. Gör klassik ədəbiyyatımızı o yaxşı bilir, yoxsa hər gün ədəbiyyatdan danışanların çoxu?

– Maraqlıdır, siz heç bizneslə məşğul olmusunuz?

– Əvvəllər belə bir tərəddüdüm olub. Bəlkə indi də ürəyimdən keçir. Amma sonra gördüm ki, bacarmaram. Allah məni ayrı təyinatla yaradıb. Bizneslə məşğul olmaq üçün xüsusi istedad lazımdır.

– Bildiyimizə görə, Yardımlı rayonunda sizin şəxsi fermalarınız var. Orada heyvandarlıq biznesi ilə məşğul olursunuz. 

– Əmin ola bilərsən ki, mənim nəinki fermalarım, heç beş-on qoyun-quzum da yoxdur. Ancaq kənddə bacı-qardaşlarımın öz xırda təsərrüfatları var və yolun düşsə, bulaq başında sənə bir quzu kəsmək imkanları olar… "Fermalar” isə yüz il əvvəlin, babalarımızın xatirələridir…


Xəbər lenti

Reklam

Sorğu

    
     

    "Yeni xəbər" qəzetini bəyənirsinizmi?

    Bəli
    Xeyr