Redaktor seçimi
12 illik icra başçısının gözqamaşdıran SƏRVƏTİ... -
Niyazi Bayramovun başı dərddə -Gəncədə daha kimlər həbs oluna bilər? -
Elm və Təhsil Nazirliyinin qrant müsabiqəsi-
Cahid Hüseynovun və qohumlarının “Azəriqaz”dakı qanunsuz əməlləri... -
XALQDAN “QAZANILIB” BRİTANİYADA BATIRILAN MİLYONLAR - Və deputat Feyziyevin digər həmkarlarından fərqi -
Kərəm Həsənovun müavinindən şikayət etdi, evinin "altını üstünə çevirdilər" –
"Azərenerji" ASC-nın dövləti milyardlarla borca salmasının səbəbi bilindi-
SUDAN ÇIXARILAN MİLYARDLAR... – Əhmədzadələrin dəbdəbəli həyatının sirri -
Günün xəbəri

Cahangir Hacıyevin 12 vəsatəti rədd edildi -MƏHKƏMƏ

Bakı Apelyasiya Məhkəməsində “Azərbaycan Beynəlxalq Bankı” Açıq Səhmdar Cəmiyyəti İdarə Heyətinin həbsdə olan sabiq sədri Cahangir Hacıyev və digərlərinin Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmündən verdiyi apelyasiya şikayətinə baxılıb.

Yenixeber.org:  Virtualaz.org-un məlumatına görə, prosesə hakim Əflatun Qasımov sədrlik edib. O bildirib ki, məhkəməyə C. Hacıyevin vəkilləri tərəfindən 12 vəsatət daxil olub, lakin bu vəsatətlər müvafiq sənədlərin alınması, əlavə şahidlərin dindirilməsi və başqa məsələlərlə bağlıdır. Hakim vəsatətlərin təmin olunmadığını bildirərək vurğulayıb ki, bunlar məhkəmə istintaqında həll olunası məsələlərdir: “Biz isə apelyasiya şikayətlərinə məhkəmə istintaqı aparılmadan baxılmasına qərar vermişik. Ali Məhkəmə də bu qərarı qüvvədə saxlayıb. Buna görə də vəsatətlərin heç biri təmin olunmur".

Sonra hakim çıxış üçün vəkillərə söz verib. Təqsirləndirilən Azad Cavadovun vəkili bildirib ki, müdafiə etdiyi şəxsə qarşı ittihamları qəbul etmir: "Azad Cavadovun barəsində Bakı Ağır Cinayətlər Məhkəməsinin qərarını da qanunsuz və əsassız hesab edirik. Eyni ittihamla Azad Cavadov bundan əvvəl də məhkum olunub. Bir əmələ görə iki dəfə cəzalandırılmaq yolverilməzdir. Azad Cavadovun yaxın qohumlarının adına bankdan kreditlər rəsmiləşib, amma o vəsaitlər götürülməyib, bankın özünə qaytarılıb".

Vəkil A. Cavadova verilmiş qanunsuz silah saxlama ittihamına da toxunaraq, silahın müdafiə etdiyi şəxsə məxsus olmadığını deyib.

Daha sonra C. Hacıyevin vəkili Fəxrəddin Mehdiyev çıxış edərək, bildirib ki, ittihamları sübut edən heç bir dəlil yoxdur: "İttihamı sübut eləmək ittiham tərəfinin vəzifəsidir. Yəni, şəxsin üzərində təqsirsiz olduğunu sübut eləmək vəzifəsi yoxdur. İttiham tərəfi də bunu sübut edə bilmir. Amma biz təqsirsizliyi sübut etməkdə israrlıyıq. Bunu da ancaq vəsatətlər vasitəsilə etmək mümkündür. Ona görə də bizim yeni vəsatətlərimiz olacaq. Mən məhkəmədən vaxt istəyirəm".

C. Hacıyevin digər vəkili Aqil Layıcov da vəsatətlərin heç birinin təmin olunmamasından narazılığını bildirərək, daha 5 vəsatətinin olduğunu deyib.

Digər vəkillər çıxış üçün məhkəmədən vaxt istəyiblər.

Məhkəmə prosesi mayın 11-də davam edəcək.

Qeyd edək ki, Bakı Apelyasiya Məhkəməsində keçirilən ilkin baxış zamanı C.Hacıyevin vəkilləri F.Mehtiyev və Aqil Layıcov hüquqlarını müdafiə etdikləri şəxs barəsində cinayət işinə xitam verilməsi, həbs qətimkan tədbirinin ev dustaqlığı ilə əvəz olunması və məhkəmənin tam istintaqla aparılması barədə vəsatət versələr də, hakim Ə.Qasımov vəsatətləri təmin etməmişdi. Qərardan C.Hacıyevin vəkilləri Ali Məhkəməyə kasasiya şikayəti vermişdilər. Ali Məhkəmə şikayəti təmin etməmiş və iş yenidən davam etdirilmək üçün Bakı Apelyasiya Məhkəməsinə göndərilmişdi.

İttihama görə, Azərbaycan Beynəlxalq Bankının İdarə Heyətinin həbsdə olan sədri C.Hacıyev, Beynəlxalq Bankın Mərkəzi filialının direktoru vəzifəsində işləmiş Anar Sultanov, bankın mərkəzi filialının müdiri işləmiş İlqar Abdullayev, “İnter Security” MMC-nin direktoru işləmiş İbrahim Hüseynov, mərkəzi filialın direktoru işləmiş Yusif Ələkbərov, bankın nəqliyyat filialının direktoru işləmiş Kənan Orucov, bankın Nərimanov filialının direktoru işləmiş, hazırda “AFB Bank”ın sədri olan Məmməd Cahangirov və Bakı Fındıq Zavodunun direktoru işləmiş Azad Cavadov Cinayət Məcəlləsinin 179.3.1, 179.3.2 (mütəşəkkil dəstə tərəfindən külli miqdarda mənimsəmə), 308.2 (vəzifə səlahiyyətlərindən sui-istifadə ağır nəticələrə səbəb olduqda), 309.2 (vəzifə səlahiyyətlərini aşma ağır nəticələrə səbəb olduqda), 313-cü (vəzifə saxtakarlığı), 228.1 və 228.4-cü (qanunsuz olaraq silah, onun komplekt hissələrini, döyüş sursatı, partlayıcı maddələr və qurğular əldə etmə, başqasına vermə, satma, saxlama, daşıma və gəzdirmə) maddələri ilə ittiham olunublar.

C.Hacıyev Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə 15 il müddətinə azadlıqdan məhrum edilib. Məhkəmənin hökmünə görə, C.Hacıyevdən 63 milyon manat tutularaq Beynəlxalq Banka ödəniləcək.

Hökmə əsasən, digər təqsirləndirilən şəxslər - 3 il sınaq müddətinə olmaqla A.Sultanov 7 il 6 ay şərti, İ.Abdullayev 6 il 6 ay şərti, K.Orucov 7 il 23 gün şərti, M.Cahangirov 7 il 6 ay şərti azadlıqdan məhrumetmə cəzasına məhkum edilib. Y.Ələkbərov 8 il 6 ay, İ.Hüseynov 8 il, A.Cavadov isə 10 il 11 ay müddətinə azadlıqdan məhrum olunub.


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam