Salxım söyüd
Yenixeber.org: (Ardı)
Nəğməni dinlədikcə sevgi dilinin zənginliyinə heyran olurdu. İlahi, necə də müğəddəs, zamanla deyilmiş sözlərdir.
Neçə-neçə illər ötəcək. Bu aşiq oğlan da, sevgili gız da əsrlərə, qərinələrə qovuşacaq. Lakin bu sevgili öz sevgisinə qovuşmayacaqdı. Olumlu sevgi olsaydı bəlkə də, belə can yandırmazdı bu mələk sevgi.
Bəlkə də qovuşmayacaq!
Amma yenə bu nəğmə, yenə bir aşiqin dilindən beləcə süzülüb bir dəniz sahilində, uca dağ başında, ilğımlı səhrada səslənib zaman-zaman sevən qəlbləri riqqətəgətirəcək, sevgiyə səsləyəcəkdi. Qovuşacaqdı. Bəlkə də ayrılıqla bitəcəkdi ....
...və bu beləcə davam edəcəkdi sonsuzluğa kimi......
Bu ucalıqdan qalxıb kəndin üzərinə yayılan bu şirin yatımlı səs öz işindəyidi. Dalğa-dalğa sevgi, dan üzünün açılha-açılında aşiq oğlanın dilindən sevgili qıza eşqini bəyan edirdi. Qayaların su istəyi, dalğaların bu istəyə çırpınması! Çınqır-çınqır baxışlarla coşan insan oğlunun qaya kimi dayanmış qıza qol açmaq istəməsi ! Dan üzünün şehli sevgi etirafı.
Deyəndə ki, gəl qayıqla üzək yar!
Qaya kimi bir sevgi dayanmışdı .....
Yox abırdan, ardan don geyinmiş insan qızının ruhsal sevgi qatından enmək istəməməsi, biolojiyə, fiziolojiyə meyil etməməsi!
Ruhu bu möcüzəli səsin sehrinə düşmüşdü. Dinləmişdi bu nəğməni.(şəhərin qoxusu çökmüşdü, bu nəğməyə, havaya hələm hələm getməyəcəkdi).
Uzandıqca uzanan ruhsal, yaxud mələk sevgisinin dalğalarında, duyğularında qalıb əbədi sevgi istəməsi yaşamaq istəməsi! Yanğılı səsin sevgi fəryadları onu alıb götürmüşdü, bu bəzəklı gəlin otağından çox-çox uzaqlara.
Tanrının ruhumuza duyğularımıza hopdurduğu kəhkəşan ucalığında, kəhkəşan boyda mələk sevgini dağların ağuşuna sıxışdırmaq istəməməsi!Tanrı sevgisi. İlahiləşmiş insan ruhunu oxşayan bəşər övladının sevgisi idi.
Çatıb qara qaşlarını nədənsə....
Olmaz, olmaz, olmaz, olmaz! deyirsən!-deməsi
Gözlərini yummuşdu. Ayılma bu yuxudan, bu duyğulardan, insan deyə yaradılmış!Açma gözlərini!
Geriyə boylanma !Sən xoşbəxtsən bu an ! Bu an elə bir andır ki, sənin bu aləminə heç kim daxil olmur, heç kim sənə zəng etmir, eyhamlı danışa bilmir, səni qınamır, kimsənin, ümumiyyətlə cəmiyyətin çağrışları ruhunu qarsamır, boğmur.
Azaddır ruhun! Sən xoşbəxtsən bu an! Mələkdən törənmiş insan adınla, insan ovqatınla ruhunu görürsən , Tanrının sənə verdiyi uca duyğuların sonsuz və kamil zövqünü yaşayırsan! Burda duyğular danışır mələk sevgidən. Burda ruhlar danışır, düşüncələr danışır. Arzular, xəyallar, qanadlanır, ünvanına yetişir. Xəyalların gerçəkləşdiyi, bəlkə də gerçəkləşmək istədiyi məkan. Xəyala dönmüş, gerçəklərin reallaşması........Bəlkə də xəyalən kerçəkləşməsi.
Ruhların birləşdiyi yer. Burda duyğular bütövləşir.
Ülvi duyğular... undulmaz anlar əbədiləşir, elə bil əbədiyyətə qovuşur.
Beləcə
“Ay ucalıb geçə olub tən yarı” ...
Amma..... oğlanın tələbkar təbiətindən irəli gələn, qayğılanmasından, qırımından törəyən tələb kimi sevgilisinə ki:
“Əynin nazik, əsir dəniz rüzgarı.”
“Deyəndəki :-Bir yaxına gəl barı,
Qəzəbdənmi, alovdan don geyirsən,
Olmaz, olmaz, olmaz, olmaz! deyirsən.”
Qeyri-ixtiyari yatağında dikəlib oturmuşdu duyğuları bu serial alatoran mənzərəsinin seyrindəydi. Rəngli bir röyanın ağuşunda ruhu sehirlənmişdi. Pak sevgi görüntüləri ələnirdi kəndin üstünə. Meşənin döşünə sığınmış lacivərd şehli çəmənlikdən gələn sevgi görüntülərindən gözlərinə təbəssüm qonmuşdu. Təbəssümə köklənmişdi duyğuları. Duyğuların kökləndiyi su içdiyi təbəssümə.....Sevgi ilahəsi kəndin səmasında cövlan edirdi. Mələk sevgidən pay verirdi sevənlərə. Qəlbi sevgi ilə dolu olan bəşər övladı duyğulanırdı bu avazdan.
Sevgili qız yox. Oğlan yox. Bəşər. İnsan övladı vəcdə qəlirdi, bu səsin sehrindən, bu nəğmənin avazlı ələnişindən.
Bu nəğmənin alov dilləri kimi yalayan ahəngi düşüncələrinə şəfəq saçır, xoş anlar yaşayırdı, təlqin edirdi bəşər övladına. Başı bəyaz qarlı dağların, sıldırım qayaların, qırçınlı zirvələrinə çatmaq istəyirdi. Bu nəğmə, qırçınlı zirvələri pillə-pillə fəth edirdi mələk sevgi. Dan üzünün sakitliyində şirin yuxunun ağuşunda layla çalırdı Niyallılara. Səhər meydanda nağıl edəcəkdilər yuxularını.
Nərmin ruhsal olaraq olduğu məkandan çoxdan uçub getmişdi. Ruhu uzaqlarda lap uzaqlarda cövlan vuraraq, nəğməni də alıb dənizin lacivərd sahilinə getmişdi. O nəğməni Şənliklə birgə dinlədikləri axşama getmişdi. Bir-birlərinə sığınıb, bəşər övladının duyğularına işləyən mələk sevgini dinləmişdirlər.
-O zaman da, məkan da, duyğular da tamam fərqli idi.
***
Mələk sevginin şirinliyinin dadını çıxarırdılar. Mələk sevginin oduna yana bildikcə yanırdılar Hələ onda mələk sevgi pünhan idi. Saf, ülvi hisslərin dərinliyndən qidalanırdı. Hələ onda bu mələk sevgiyə nə bir tərs baxış, nə də heç kimin soyuq nəfəsi toxuna, yanından yel olub ötə bilməmişdi. Bələkdəydi onda mələk sevgi. Odu qəlb evini yandırırdı. Canlarına can verir, beyinlərinə qida verirdi. Ürəklərini atəşə atmışdılar,
-geriyə yolları yox idi.
Çox yellər əsmişdi. Bir qərinənin dörddə biri qədər küləklər , bu atəşi söndürə bilməmişdi. Məkrli baxışlar, hirsli başlar, düyünlü qaşlar bu sevginin odunu, atəşini söndürə bilməmişdi. Son məqamda onlar xoşbəxt günlərin acı göz yaşlarını dadmışdılar. Milli parkın dərinliklərinə ağaçlıqlara sığmırdı o zaman onların ülvi məhəbbəti. Aydınlığa açıqlığa can atırdılar Xurşidbanu Natəvanın xanım xatın heykəlinin yanından qol-qola girmiş halda keçib sakitcə dəniz kənarına çıxmışdılar. Sözləşiblərmiş kimi, dəniz kənarı ilə asfaltı ayırıan dəmir məhəccərlərin arasından xüsusi olaraq üç yaruslu cınqllı daşla döşənmiş tərəfə keçib axrııncı yarusun üzərində, ensiz qalın beton yarusun üstündəcə oturmuşdular. Dənizin sakit, xırda ləpələrlə sahildəki üstü yaşıl yosunlu daşları qucaqlayan dalğalarının həzin pıçıltısını dinləyirdilər. Sahilə söykənən daşları qucmuş zərif yaşıl yosunlara sevgi nəğməsini pıçıdayırdı dalğalar.
Nərmin qollarını Şənliyin boynuna dolayıb başını sinəsinə söykəmişdi. Şənlik bir əli ilə qızın belini arxasından keçirmiş bir əli ilə gül qoxulu şabalıdı saçlarını sığallayırdı.
***
Ruhu pəncərədən çıxıb qızılgüllüyü keçib o avazın gəldiyi meşəyə sığınmış ləlazar çəmənliyə qədər getmişdi. Oradan isə o məqama, bir vaxt dəniz sahilində sevgilisi ilə nəğməni dinlədikləri məqama və məkana uçmuşdu. Sərgərdan ruhu sərhədsiz səmada sonsuzluğa qanadlanmışdı.
O vaxta qədər ki, o vədəyə qədər oralarda cövlan edəcəkdi ki, dədəm günəş dan yerini sökəcək, ona səhərin açılması ilə yeni qayğılar, tələblər istəklər gətirəcək eşqinin yeni səhifələrini yaşamağa ümidləndirəcəkdi. Dan üzünün ümidli səhərinin gerçəkliyə qoşulmasını...... gözləyəcəkdi.
Fəqət artıq:
Sübh şəfəqi boyayanda aləmi
Töküləndə çiçəklərin şəbnəmi
Deyəndə ki:-Çatdı ayrılıq dəmi
Buraxmayıb əllrimi nədən sən
Olmaz, olmaz, olmaz, olmaz! deyirsən.
Dağlar oğlunun havalanan səsi sevgili qızı ram etmişdi......
Amma ...
Aman tanrım! İlahi? bu qız bu cürmü etdimi? Beləmi dedi ?! Mələklikdən dönüşünü? Adamların sırasına qarışmaqmı? Ruhu pərvazlanıb olumlu, mələk sevginin ülvi məkanına can atırdı.
Bax, diqqətlə bax! O qız sevgilisinin atəş saçan əllərindən necə yapışıb! Necə hıcqırıqla “Olmaz olmaz” deyir! Əlləri qığılcım saçırdı. Cansız cisminin bu sitəmdən xəbəri yox idi. Sitəm ürəyin idi. Nə olmuşdu ona olmuşdu. Nəğmənin hər kəlməsində vururdu ürəyi.
Sən demə bu gecə bu dan üzü nənəm Ayın bələdçiliyi ilə insan adından da ucalıqda olmuşdu bu qız. Doymadı, usanmadı! Mələk sevgisinin ruhunu itirməmək üçün nəhayət, gərək olmayanı qurban verdi, canını, bədənini verdi.
Yaman kövrəlmişdi. Məkan, zaman məfhumunu itirmişdi. Zəminlə asiman arasında pərvazlanmış ruhu, reallığa, səsin gəldiyi yerə doğru uçurdu. Düşünürdü ki, bu kim yazıb bu şeiri? Kimdi bu tanrı sözünün yiyəsi? Cismindən kənarda qalmış qəlbinin döyüntüləri ruhunda birləşib möcüzəli səsin ünvanına tərəf qanadlanmışdı.
Kimdi bu möcüzəli, yanıqlı səsin sahibi aşiq........? Bəni insanmı? Hüdudsuz dənizi xatırladan yaşıl ümmanın......meşələrin sevgili oğlu. Bəlkə zərif dəniz yoşunları ! Səs dalğa –dalğa süzülüb qəlbləri yandırırdı. Sevginin atəşindən “olmaz”, “olmaz”, nidası ilə sinəsi dağlanan dağlar oğlu, başı kələğayılı dağar qızı. Dan üzünün tənhalığında sevgi təşnəsi...... yalvarışı....
Kimdi bu Ay nənənin övladı! Kimdi bu asimanın ulduz oğlu. Kim bəstələyib bu nəğməni...? Kimdi insan ruhunu bu qədər sevən bəndə? Dan qaranlığından kəndin üstünə sevgi ələyən ilahi səsin sahibi ulu göylərin oğlu idimi...bu tanrı oğlu.
Dağlar oğlunun, dan üzü şehli çəməndən havalanan səsinin kəndin üzərinə yağdırdığı mələk sevginin ürəkləri riqqətə gətirdiyi, məkana yönəlmişdi. Sevgili qızın kədər dolu hıçıqrığını da eşidirdi fəzada. Tanrımın buyruğuydu bu hal bu ovqat. Elə bil qeybdən gələn səsdə Tanrıya məxsusluq vari idi.Yox, yox Tanrı sevgisi.......! Çaş baş qalmışdı.
Yatağa dirsəklənmişdi.
Uzaqlardan havalanıb qızılgüllüyün üzərində cövlan vurdu. Kövrəlmişdi. Pəncədədn daxil olub hələ də, yatağa dirsəklənmiş mələk sifətli gəlini süzdü.
İlahi onda belə yanaşmadılar axı bu nəğməyə Sənliklə. Oturduqları yarusun əlli addımlıq məsafəsində dənizin içərisinə yüz metrilik enli asvalt çıxıntı uzanırdı. Çıxıntıda oturacaqlar, ətraf insan boyndan hündürlükdə şəbəkəli arakəsmə ilə qoruyucu hasar var idi. Sevgililərin sakit görüş yeri. Çox vaxt burada gənc cütlükləri görmək olurdu. Çıxıntının lap axırlarında balıqçılar özləri üçün yer seçmişdilər. Günün müəyyən vaxtında burada yalnız balıqçılar görünürdü. Torlarını atıb gözləyirdilər. Bu nəğməni dinlədikləri vaxt ətrafda ins-cins görünmürdü. Yalnız çıxıntının axırında arakəsmələrin dönmə bucağında bir qaraltı görünürdü. Bir-birinə baxıb qımışmış, ucadan düşünmüşdülər. Bu gün sahil bizimdi. Bir azdan isə onları, duyğulandıran bu nəğmə səslənmişdi. Onda da elə yanıqlı oxurdu bu nəğməni o dərdli aşiqmi deyim, sevgili oğlan, yaxud, nakam sevgisinə qovuşmayan bir aşiq. Amma o zaman, məkan da duyğular da tamam fərqli, idi.....
Şənlik susmuşdu. Düşünürdü sevgilsinin göz yaşlarını axşamın ala toranında sezirdi. Nərmin eşidirdi onun düşüncələrini. Danışmırdılar. Ehtiyac da yox idi. Duyğuları danışır, bir birini anlayırdı. Niyə ağlayırsan sevgilim deyirdi.
Qız düşünürdü – ağlamıram mələk sevgimizin xoşbəxt sevgi yaşlarıdır.
Şənlik düşünürdü: xoşbəxt günlərimizin acı göz yaşları –beləcə səssiz danışırdılar. Bir-birinə sığınmış halda. Sevginin atəşi əllərini yandırırdı. Bir birinə sığınmış halda düşünürdülər, kim yazıb bu şeiri? Kimdi bu tanrı sözünün yiyəsi? Ruhları cismlərindən çıxıb, birləşib möcüzəli səsin ünvanına tərəf qanadlanmışdı.
Bir soyuq axdı içinə. Yox! Ruhuna.
Bayaqdan dirsəklənmişdi yastığa.
İndi dan üzü aydınlaşacaq. Günəş ana isti nəzərlərini sevgi əturli vadiyə, hər tərəfə paylayacaqdı. Çiçəklər almaz-almaz şəbnəmləri içəcəkdi! Yaz günüəşinin ilıq istisində yetişəcək, insanlara zövq, kəpənəklərə oyuncaq, arılara qida verəcək, toxumlayacaq, solacaq, torpağa qarışacaq yenidən! Tanrının göndərdiyi şəbnəmlər qonub almz-almaz nurunu göstərməkdən sevinmək üçün sevməyə çiçək tapmayacaqılar. Torpağa hopub heç olacaqdılar. Beləcə izsiz-tozsuz sonsuzluğa qovuşacaqdı. Baçşına haşiyəli kələyağı salmış sevdalı qız bulaq başına gedəcək. Dan üzünü yanığlı səsi ilə tanrı bəstəsi ilə silkələdib açılmağa vadar edən insan oğlu suallara cavab axtara axtara almaz şəbnəmləri diksindirib ahəstə addımlarla laləzar çəmənliyini tərk edəcəkdi.........Çəmən yavaş-yavaş lacivərd libasını dəyişəcəkdi. Sevgili çiçəklərin başına dolanan kəpənəklər axşam eşq pərvanəsinə dönüb canlarını yaxacaqdılar. Səhər eşq pərvanələrinin cansız cisimləri başı kələğayılı Niyal gözəllərinin süpürgəsinə tuş olacaqdılar.
İçinə axan soyuq yavaş-yavaş ürəyinə doğqu irəliləyirdi. Yastıqa dirsəklənmişdi. Sevgili həyat yoldaşın üzünə baxmaq, bu əsrarəngiz dan üzü təəsüratını bölüşmək üçün onu oyatmaq istəsə də, içinə axan soyuq buna imkan vermədi. Yavaşca sürüşüb yataqdan çıxdı. Yalın ayaqlarını xalçanın üstünə basanda ləzzətli bir sərinlik hiss etdi. Ilk işi pəncərənin önünə gəlib dayanmaq oldu. Pəncərənin altındakı qızılgüllərin ətri otağa dolmuşdu. Pərdələr sıx çəkilsə də, pəncərənin o üzündəki saf təmiz hava otaqda əməllicə hiss olunurdu. Bir anlığa əlini atıb pərdəni açmaq dan üzü eşitdiyi sehirli sevgi, həsrət, qovuşum nəğməsinin gəldiyi zolağı görmək istədi. Lakin bir anlığa evdəki o sehirli sevgi ruhunu tərpədəcəyindən ehtiyatladı. Dönüb arxaya çarpayıda mışıl-mışıl yatan ərinin qayğılı sifətinə baxdı. Sifəti dəyişmişdi elə bil. Bunu da indi kəşf elədi. Sifəti bir az qayğılı, bir az da kədərli olmuşdu. Fikirləri, hərəkətləri , düşüncəlri də elə bil dəyişilmişdi.
Yeni evləndikləri vaxtlar tamam başqa cür idi. Bircə onu dəqiq deyə bilərdi ki, o zamanlar Şənlik daha nikbin daha coşqulu idi. Xəyallar qurardılar. Saatlarca yanaşı oturar, ucadan düşünərdilər. Bir birinə xitab etmədən sadəcə duyğular bölüşərdi. Bir birini dinləyərdilər. Sonra açıq dialoqa başlayıb gələcək həyatlarını, dünyaya gələcək uşaqlarını müzakirə edərdilər. Adlar seçər, onları necə tərbiyə edəcəkləri barədə söhbətlər edərdilər. İndi o günlər artıq çox uzaqlarda qalmışdı. On ilin küləyi, yağışı, küsü-barışı keçmişdi o xoşbəxt günlərinin üzərindən.
Ucadan düşünməyi tərgitmişdilər. Daha düşüncələri də əvvəlki kimi rəngli deyildi. Keçmişdi əl -ələ tutuşub dəli rüzigara qarşı getdikləri şaqraq gülüşlü, şən zarafatla keçən günləri.
Şənliyin təbiəti də dəyişirdi elə bil. İnsan yaşa dolduqca müdrikləşir. Bir az da qaradinməz olmuşdu. Dindirməsən uzun-uzadı dinməzcə otura bilərdi.
Əlini uzadıb pərdəni bir balaca yana tərəf çəkdi. Ağappaq bir səhər açılmışdı. Gözünə ilk dəyən qızılgül kollarının ayarı açılmış güymələri oldu. Əlini uzadıb açmaqda olan bir gönçəni qırmaq yox, bir az yaxına çəkib qoxulamaq istədi. Əlini uzatmağı ilə çəkməsi bir oldu. Lap balacalıqda olduğu kimi acışan barmağını ixtiyarsız olaraq ağzına saldı və sordu. Sonra barmağına nəzər saldı. Barmağından qızılgülün ləçəyi rəngə qan axırdı. Gülümsəyib döndü və əl sumkasından bir tikə pambıq tapıb barmaqında artıq damcılamaq üçün hazır olan qızılgül rəngli qanın üstünə qoydu. Birdə pəncərəyə yaxınlaşıb ehmalca əlin uzadıb gülün yarpağından yapışıb budağı özünə doğru çəkdi. Qızılgüllük səhərə meydan oxuyurdu. Qarşısında açılan mənzərə qarşısında heyran qaldı. Barmağını astaca gülün ləçəyi üstündə gəzdirdi. Şeh olub-olmadığını yoxlamaq istəyirdi. Lakin güllük lap evin divarının dibində salındığından, qızılgüllər elə bil divara sığınıb soyuqdan küləkdən, lap elə şehdən də qorunurdu. Budağı bir az da yaxına çəkib bayaq çiçəyi qoxulamaq istəyərkən tutduğu hissəsinə baxanda barmağına batib qanadan incə tikanları gördü. Tikanlar da yaraşıqlı idi. Tikanlar budağın qönçəyə yaxın hissəsində, yaşıllı qırmızılı zoğa bənzər hissəsində olmaqla ucları iti şəkildə yerləşmişdi. Qısqanc sevgili kimi tər qönçələrə keçik çəkirdi.
Budaqdan yapışmış halda güllüyə xeyli tamaşa etdi. Necə olsa da, bu dan üzü essüsindən sonra əhval ruhiyyəsinin qoruyub saxlamaq, hisslərinə hakimi kəsilmiş həzin notları gün boyu bu tonda köklənmək istəyirdi. Özündən əvvəl Şənliyi düşünür, həvəslə gəldikləri bu ata ocağında onu peşman edəcək qanlarını qaraldacaq söz söhbət olmasını istəmirdi. Qaynansının dünənki hərəkətini unuda, həzm edə bilmirdi.
Qəti qərara gəlmişdi ki, bu barədə Şənliyə bir söz deməyəcəkdi.
Dan üzü eşitdiyi o sehirli səs, bu gününün planını artıq cızmışdı. Səhərin qızılgül ətirli havasından sinə dolusu nəfəs alıb geri çevrildi. Çarpayıya yaxınlasdı. Gəlin bilərəkdən ərinin şirin yuxusuna haram qatmaq məqsədilə pişik kimi səssizcə çarpayıya çıxdı. Yavaşca yerində uzanıb Şənliyi bir dəfə asatadan səslədi. Şənlik ay Şənlik ! Pıçıltısını özü zorla eşitdi. Birdə səslədi. Şənlik elə şirin-şirin yatmışdı ki, nə yanında uzanıb onu oyatmağa çalışan Nərmini nə də açıq aynadan içəri dolan adda budda səsləri eşitmirdi.
Dan üzü Nərminin eşitdiyi o sehirli səsi də beləcə duymamışdı. Elə yatmışdı ki, sanki, oyanmaq belə istəmirdi. Nərmin bir anlığa beləcə də düşündü. Bu fikirdən ürəyi qısılsa da tez özünü ələ aldı. Əlini uzadıb üzündə alnında gəzdirdi. Şənlik bu təmasdan tərpənib o biri üzü üstə çevrildi və yatmağına davam etdi.
Dan üzü o sehirli səsi dinlədiyi vaxt bir qərar qəbul etmişdi. Bu gün buradan getməlidi. Şənliyi də, o fikirlə yuxudan oyadırdı ki, qərarını ona desin. Qaynanasının dünənki hönkürtüsü, dan üzü eşitdiyi sehirli sevgi etirafı və bütün bu ah ufu onu qəti bir qərar verməyə məcbur etmişdi .
Ərini oyatmaqdan vaz keçdi. Mələklə danışmaq ehtiyacı duydu. Görəsən bu qərarıma Mələk nə deyərdi. Hər halda iki baş birindən daha müdrik düşünər deyə gözlərilə notbuku axtarmağa başladı. Necə ehtiyatla uzanmışdısa yerinə indi ondan iki dəfə daha ehmalca sürüşüb ayaqlarını qalın, xovlu xalçanın üzərində arxayın-arxayın basaraq otaqda Notubuku tapmağa çalışdı. Əl atıb işıqı yandırmaq istəsə də, Şənliyi narahat edəcəyindən ehtiyatlandı. İşığı yandımaqdan vaz keçərək öz işinə davam etdi. Axtarış elə də uzun çəkmədi. Xatırladı ki, dünən Mələklə danışıb bitirdikdən sonra notbuku elə çarpayının altına itələmişdi. Aşağı əyilib notbuku əlinə alanda, “ilahi heç olmasa notbukun zaryadkası olsun” deyə düşündü. Notbuku əlinə alıb yenidən çarpayıda uzanması heç bəlkə də on saniyyə çəkmədi.Yeirni rahatlayıb notbuku açdı. Notbukun sağ tərəfindəki kiçik düyməni basıb işığı yandırmaq istəsə də yanmadı. Kompyüterin düyməsini basarkən yaşıl işıq yanırdısa, deməli onlayn həyata daxil olurdun. İndi nə yaşıl göz nə də kommpyuterin işığı yanmırdı. Eh, bu xasiyyətini dəyişə bilmirdi də, həmişə inanmaq istəmədiyi bir işə boş boşuna ümid bağlayırdı. İndi də elə oldu, yenə də düşündüyü olmuşdu. Axşam notbuku açıq qoymuş, qapağını yüngülcə bağlamış söndürməmişdi. Onsuzda, zaryadka az idi. Səhərə qədər bitmiş, notbuk sönmüşdü.Yenidən sürüşülüb çarpayıdan düşdü. Notbuku cərəyana qoşmaq istəyirdi. Şnuru əlinə alıb sövq təbii ilə komputerə salmaq istədi. Lakin yuvanı tapa bilmədi. Çox hərəkət etmək istəmirdi. Şənliyin oyanmasından ehtiyat edirdi. Qorxurdu ki, Şənlik yuxudan oyana. Yarı uzanıqlı halda deyəsən çətin olacaqdı bunu etmək. Qalxıb yataqda bardaş qurdu, notbuku qucağına alıb şnuru yuvaya saldı. Sonra əlini uzadıb vilkanı cərəyana salmaq istədisə də, əli çatmadı. Çarpayı elə qoyulmuşdu ki, divarındakı rozetkaların üstünü bağlamışdı. O biri rozetka isə güllüyə açılan iki pəncərənin arasındaki divarda qoyulmuşdu. Astaca çarpayıdan düşdü. Vilkanı götürüb cərəyana qoşmaq üçün pəncərəyə yanaşdı və əlindəki vilkanı nəhayət cərəyana qoşub yüngül addımla çarpayıya yanaşıb yenidən bardaş qurub otudu və notbukun sağ tərəfdəki kiçik düyməsini basdı. İldırım sürəti ilə düşündü ki, əməliyyat sistemi açılanda siqnal səsi Şənliyi yuxudan oyadacaqdır. Artıq yaşıl işıq yanmışdı və bu o demək idi ki , bir azdan yaxın rəfiqəsi ilə ünsiyyətə girəcək onunla məsləhətləşib ortaq bir məxrəcə gəlməklə bu gün Niyal kəndində qalıb qalmayacaqlarının dəqiqləşdirəcəkdi. Tələsik şəhadət baqmağını yaşıl düymənin üstünə basıb onu söndürdü. Sonra Ctrl + Alt düymələrini seçdi. Barmağını eyni vaxtda bu düymələrin üstünə yerləşdirib yenidən qaralmış düyməni basıb kompyuteri işə saldı. Yaşıl düymənin işığı yandı. Ekran əvvəlcə qara idi. Sonra yavaş-yavaş ağardı və Windovs işarəsi ekranda əks olundu. Bu andaca iki barmağını bayaq bələdlədiyi düymələrə basıb gözü ekranda kompyuterin açılmasını gözləməyə başladı.Texnoloji proseslər bir birini əvəz etdi və nəhayət kompüter tam açılanda dərindən nəfəs alıb diqqətini ekrana cəmləşdirdi.
Ardı var
Natavan Niyal