Redaktor seçimi
Siqaret və dərman oliqarxı: Cavanşir Feyziyev Londonda itirdiyini Gürcüstanda qazanır –
Gəncə Dövlət Universitetinin rektoru prezidentin əleyhinə gedir(?):
Ağalar Vəliyev üçün yolun sonu göründü: "Qobu Park" rəzilliyi onun deputat karyerasını bitirir -
RAMİN ABDULLAYEVİN “GÖYDƏLƏN” BİZNESİ -
Şahmar İbadovun dövlətə meydan oxuması -
"Yaponski" səfirin BDU-da dekan müavini olan bacısının "kitayski" əməlləri - Bir İsmayılzadə DOSYESİ.. köhnə MTN -nin iziylə... -
Niyazi Bayramov dövlətin milyonlarını belə xərcləyir -
Abşeron-Xızı Regional Təhsil İdarəsi qohumbazlıq girovunda -
Günün xəbəri

“YA HAKİMİYYƏT SİYASƏTİNİ DƏYİŞƏCƏK, YA DA ZAMAN HAKİMİYYƏTİ…”

 

Sulheddin-Ekber

“Xalqın güvəndiyi, real gücə sahib qüvvə ortaya çıxacaq”

Xeberinfo.com:  AzDP sədri Sülhəddin Əkbər müsavat.com-a müsahibə verib. O, son zamanlar dünyada yaşanan ictimai-siyasi hadisələrdən və bunun Azərbaycana təsirlərindən danışıb.

- Sülhəddin bəy, Breksitdən sonra Avropa Birliyi ölkələrində ultrasağçı partiyaların mövqeləri güclənməyə başlayıb. Bəzi ekspertlər bu partiyaların uğur qazanacağı təqdirdə AB-nin dəyişəcəyini bildirirlər. Sizcə AB-nin parçalanması və ya 2018-ci ilə qədər növbəti breksitlərin olması mümkündürmü?

– Son illərdə sürətli qloballaşmanın getməsi nəticəsində bir sıra dövlətlərdə, xüsusilə də Avropa ölkələrində milli suverenliklə bağlı müəyyən qorxular yaranıb. Həmçinin, dünya iqtisadiyyatında inkişafın zəifləməsi, durğunluğun başlaması bu qorxuları artırdı. Bundan başqa, Orta Şərqdə baş verən proseslər, Avropaya böyük qaçqın axınının başlaması da bu təşvişi artırıb. Yəni diqqət etsək görərik ki, dünyada sürətli qloballaşma ilə bağlı artıq milli səviyyədə narahatlıqlar başlayıb. Görünən odur ki, indi proseslər əks istiqamətdə, yəni izolyasiya, millətçiliyin, şovinizmin, ümumiyyətlə, ksenefobiyanın, mühafizəkarlığın güclənməsi yönündə gedir. Bu da Avropa Birliyində özünü daha açıq şəkildə göstərir. Əslində Amerikada Trampın prezident seçilməsi də bu tendensiyanın bir əlamətidir. Eyni ilə Breksit də bunun ciddi əlamətlərindən sayılır. Avstriya, Hollandiya kimi ölkələrdə son illərdə millətçi dalğa güclənirdi. İndi bu, artıq böyük dövlətlərdə də müşahidə olunur. Xüsusilə də Avropa Birliyinin aparıcı dövlətlərində, yəni həm Almaniyada, həm də Fransada millətçiliyin güclənməsi müşahidə olunur. Bu tendensiya artıq daxili siyasi faktora çevrilir. Yəni hər siyasi partiya, lider öz xalqının səsini qazanmaq üçün məcburdur ki, daha radikal millətçi şüarlarla çıxış etsin. Əks təqdirdə sağ millətçi qüvvələrə uduzacaqlar. Bu baxımdan artıq sağ mərkəzçi partiyalar da daha millətçi, anti-islam, anti-türk şüarları ilə çıxış edirlər. Nəticədə isə cəmiyyətdə radikal əhval-ruhiyyəni, millətçi şovinizmi daha da gücləndirir.

- Sosial iqtisadi problemlərin bu məsələyə təsiri varmı?

– Bəli, sosial-iqtisadi problemlər millətçilik üçün sosial-psixoloji zəmin yaradır. Dünyada gedən proseslərə baxarsaq, qloballaşmadan əks istiqamətdə millətçiliyin, mühafizəkarlığın güclənməsini müşahidə edəcəyik. Eyni zamanda Avropa ölkələri daxilində gedən ictimai-siyasi proseslər onu göstərir ki, qarşıdakı müddətdə mərkəzdənqaçma, daxilə qapanma meyllərinin güclənməsini də baş verəcək. Orta Şərqdə müharibələrin getməsi, dövlətlərin çökməsi və qaçqın axını da bu prosesi daha da sürətləndirəcək.

- Qərbdə bəzi mühafizəkarlar Avropada ultra sağçı və digər quruluşların Rusiyanın maliyyə dəstəyi ilə gücləndiyini deyirlər. Rusların ən çox Yunanıstan, Fransa, İtaliyada dəstəkçisi olduğu bildirilir. Qısacası AB Rusiyanın ona qarşı hibrid müharibəsi apardığını iddia edir. Rusiyanın Avropada uğur qazanması nə dərəcədə realdır?

– Dünyada gedən ümumi proseslər, yəni qloballaşmanın gətirdiyi problemlər və Liviya, Suriya, İraq, Əfqanıstan kimi dövlətlərin çökməsi nəticəsində Avropaya qaçqın axınının artması orada sosial sistemi çöküş həddinə gətirib. Rusiya isə baş verənləri tətikləyir. Burada Rusiyanın əsas marağı ondan ibarətdir ki, həm ABŞ və Avropa Birliyi arasında, həm NATO, həm də Avropa Birliyinin daxili münasibətlərində gərginlik yaratsın. Bunun üçün də müxtəlif metodlardan istifadə olunur. Həmin metodlardan biri də ultra sağ qüvvələrinə maliyyə, informasiya dəstəyinin verilməsidir. Burada da Rusiya qismən uğurlara nail olub. Bolqarıstan, Moldovada keçirilən seçkilərdə Rusiya yönlü qüvvələrin qalib gəlməsi də bu siyasətin uğuru hesab oluna bilər. Bundan əlavə Macarıstanda, Yunanıstanda, İtaliyada və digər ölkələrdə də Rusiya yanlısı olan siyasi qüvvələr var. Rusiya təbii ki, bundan istifadə edir. Həm Amerikada, həm Avropada, həm də NATO daxilində xüsusi komissiyalar yaradılıb. Rusiyanın apardığı bu informasiya müharibəsi, pozucu fəaliyyət hər tərəfli qaydada araşdırılır. Rusiya hətta Amerikada seçki prosesinə belə müdaxilə edirdi. Hazırda üç ştatda səslərin yenidən sayılması məsələsi gündəmə gəlib. Belə iddialar var ki, Rusiya xüsusi xidmət orqanlarına bağlı olan hakerlər seçkinin nəticələrinə müdaxilə ediblər. Seçki qabağı xanım Klintonun elektron poçtuna müdaxilə olunması ilə bağlı da iddialar var idi. Bütün bunlar onu göstərir ki, artıq dünyada strateji savaş gedir. Buna hibrid savaş deyirlər, ancaq çox tərəfli və dərin, uzunmüddətli olduğuna görə, mən bunu strateji savaş adlandırardım. Bu klassik müharibələrdən fərqlənir. Burada qeyri-hərbi gücdən daha çox istifadə olunur. Düşünürəm ki, yaxın 3 il ərzində münasibətlər daha da gərginləşəcək. Bu qırılma xətləri üzərində biz gərginliyin şahidi olacağıq.

– Postsovet məkanına bu necə təsir edəcək?

– Postsovet məkanında da Baltik-Qaradəniz, GUAM və Mərkəzi Asiya geopolitik sınma xətləri var. Bu xətlərdən ikisi dolayısı ilə, GUAM xətti isə birbaşa Azərbaycana təsir edir. Nəzərə alsaq ki, Tramp seçkiqabağı verdiyi vədlərinə əməl etsə və İranla bağlanan nüvə sazişini yenidən gündəmə gətirsə, İran ətrafında münasibətlər kəskinləşsə, bu dolayısı ilə Azərbaycana da təsir edəcək. Tramp Trans-Atlantik ticarət və investisiya tərəfdaşlığı müqaviləsini və Asiya-Sakit Okean iqtisadi əməkdaşlığına yenidən baxmaq məsələsini gündəmə gətirsə, artıq bu, dünya düzəninin yenidən gözdən keçirilməsinə gətirib çıxaracaq. Bu isə əlavə gərginliyə səbəb olacaq. Bütün bunların nəticəsində dünyada neftin qiymətinin kəskin aşağı düşməsi və bunun neft ölkələrinə, habelə Azərbaycana sosial-iqtisadi təsirləri qaçılmazdır. Biz bunun artıq qiymət artımları fonunda şahidi oluruq. Dünyada baş verən sadaladığımız hadisələr onu göstərir ki, Azərbaycan da daxil olmaqla bizim regionumuz da böyük dəyişikliklər mərhələsinə artıq daxil olub. Krımın Rusiya tərəfindən ilhaqından başlayaraq, biz artıq yeni bir dünyada yaşayırıq. Rusiya İkinci Dünya müharibəsindən sonra yaranmış beynəlxalq münasibətlər sistemini pozub. Yeni tarazlıq yaranana qədər bu qarışıqlıq dövrü davam edəcək. Belə bir vaxtda Azərbaycanda sosial-iqtisadi vəziyyət gərginləşməyə başlayıb. Bu isə istər-istəməz ictimai-siyasi vəziyyətin də dəyişməsinə gətirib çıxaracaq.

- Azərbaycanın demokratik düşərgəsində hər zaman Avropaya inteqrasiya məsələsi ön planda olub. Hazırda dünyada millətçiliyin genişləndiyi zamanda bizim demokratik düşərgə hansı addımları atmalıdır?

– Demokratik düşərgə dediyimiz qüvvələrin indi artıq ictimai-siyasi proseslərə təsir imkanları çox zəifdir. Artıq yeni siyasi-iqtisadi dövrdə yaşayırıq. Dəyişən siyasi-iqtisadi landşaft, məncə yeni ictimai-siyasi vəziyyət yaradacaq. Bu vəziyyətin isə yeni siyasi qüvvələri ortaya çıxacaq. Bir zamanlar deyirdim ki, Azərbaycan xalqı üçüncü devalvasiyanı gözləyir. Bu baş verdikdən sonra hakimiyyətə olan inam limiti tükənəcək və cəmiyyət alternativ axtarışına çıxacaq. Yeni alternativ arayışı da yeni siyasi qüvvələrin meydana çıxmasına səbəb olacaq. Bu, Azərbaycan hakimiyyətinin apardığı siyasət nəticəsində demokratik qüvvələrin sıradan çıxarılması, xalqın demokratiyaya inamının sarsılması səbəbindən bir qədər yubana bilər. Sonda isə xalqın güvəndiyi, real gücə sahib bir qüvvə ortaya çıxacaq. Bu həm xarici, həm də daxili faktorların təsiri altında baş verəcək. Qısacası, yaxın perspektivdə Azərbaycanda yeni ictimai-siyasi şəraitin yaranacağını düşünürəm. Proseslərə təsir edən faktorlar çox olduğu üçün bununla bağlı konkret müddət demək çox çətindir. Ancaq qarşıdakı 1-3 il ərzində biz çox ciddi dəyişikliklərin şahidi olacağıq. Hazırda qlobal strateji savaşın ortasındayıq. Bu savaş getdiyi vaxtda da təhlükəsizlik həmişə azadlığın önünə keçir. Bu da avtoritar rejimlərin əlinə əlavə fürsət, arqument verir; “xarici təhlükə var”, “ölkə müharibə şəraitindədir buna görə də azadlıq və demokratiya arxa plana keçir” və s. Doğrudur, yaranmış vəziyyətdən avtoritar hakimiyyətlər özünü gücləndirmək üçün istifadə edəcəklər. Ancaq obyektiv gedən proseslər ya Azərbaycan hakimiyyətini siyasətini dəyişməyə məcbur edəcək, ya da zaman hakimiyyəti dəyişəcək.


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam