Redaktor seçimi
12 illik icra başçısının gözqamaşdıran SƏRVƏTİ... -
Niyazi Bayramovun başı dərddə -Gəncədə daha kimlər həbs oluna bilər? -
Elm və Təhsil Nazirliyinin qrant müsabiqəsi-
Cahid Hüseynovun və qohumlarının “Azəriqaz”dakı qanunsuz əməlləri... -
XALQDAN “QAZANILIB” BRİTANİYADA BATIRILAN MİLYONLAR - Və deputat Feyziyevin digər həmkarlarından fərqi -
Kərəm Həsənovun müavinindən şikayət etdi, evinin "altını üstünə çevirdilər" –
"Azərenerji" ASC-nın dövləti milyardlarla borca salmasının səbəbi bilindi-
SUDAN ÇIXARILAN MİLYARDLAR... – Əhmədzadələrin dəbdəbəli həyatının sirri -
Günün xəbəri

ZƏYZİDLİLƏRDƏN ÜZR İSTƏYİN, ELGİZ ƏKBƏR!

 

"Xeberinfo.com":  İşimlə əlaqədar telekanallarımızda gündüz saatlarında nümayiş olunan verilişləri izləmək imkanım olmur. Təsadüfən bu gün  evdən çıxmaq ərəfəsində “ANS” kanalının “Günəbaxan” verilişində aparıcının dilindən eşitdiyim “Şəkidə Zəyzid adında bir kənd var” ifadəsi məni bir anlıq ayaq saxlamağa vadar etdi. Doğma kəndimin adının çəkilməsi məndə maraq oyatdı: “Nə xəbərdi, görəsən?”

Aparıcı Elgiz Əkbərin sonrakı sözləri isə məni az qala şoka saldı: Sən demə, Şəkinin Zəyzid kəndinin (hansı Zəyzid?) əhalisi bir nəfər kimi sağalmaz xəstəliyə tutulubmuş, hətta həmin kəndin zavallı xəstə əhalisinin başqa yerlərin sakinləri ilə təmasda olmaları belə çox qorxuluymuş. QİÇS, VƏBA, TAUN, QUŞ QRİPİ və daha nə bilim nə kimi xəstəliklərdən danışılanda belə bu cür reaksiya verməyən “çoxbilmiş aparıcı”nın  soyuqqanlı bir şəkildə Zəyzidliləri bir nəfər kimi “xəstə adlandırması” məni təbdən çıxardı. “Təsəvvür edirsinizmi, bu kəndin bütün əhalisi bir nəfər kimi 30-35 yaşına çatanda eybəcər hala düşür, kür-küt olaraq yataq xəstəsinə çevrilirlər” – deyən Elgiz bəyin bu informasiyası yəqin ki, təkcə özümüzdə yox, biz Zəyzidliləri yaxından tanıyan dostlarımızın qəlbində dərin ikrah hissi yaratdı. Doğrudur, hər bir bölgədə hansısa bir ailə, yaxud nəsil daxilində hansısa genetik xəstəliklər ola bilər və heç kəs bu alın yazısından sığortalanmayıb. Hətta bu xəstəliklərin qohum nikahlar hesabına baş verib-vermədiyindən asılı olmayaraq! Lakin Şəkinin şəhərə ən yaxın, ən inkişaf etmiş və ən böyük kəndlərindən olan Baş Zəyzid, Orta Zəyzid və Köbər Zəyzid kəndlərinin əhalisinə tək kəlmə ilə “Zəyzid əhalisi” adı altında xəstə damğası vuraraq onlara həqarət etmək bu kəndlərin təkcə daimi sakinlərini deyil, hazırda dünyanın və ölkəmizin müxtəlif şəhərlərində yaşayan həmkəndlilərimizi qeyzləndirmişdir. Görəsən, “Zəyzid kəndinin bütün əhalisi bir nəfər kimi xəstədir” deməklə Elgiz bəy necə böyük bir səhvə imza atdığının, yaxud necə böyük günah işlədiyinin fərqinə varmadımı? Axı onun adını çəkdiyi Zəyzid kəndi – məlum edirəm ki, belə bir kənd mövcud deyil – bir neçə il öncəyə kimi özündə 5 böyük kəndi birləşdirən ZƏYZİD SOVETLİYİ kimi mövcud idi: Baş Zəyzid, Orta Zəyzid, Köbər Zəyzid, Vərəzət və Qurxbulaq. Həmin kəndlər indi əhalisinin say etibarilə o qədər artıb və ərazicə o qədər böyüyüb ki, hərəsinin ayrılıqda öz bələdiyyəsi və sovetliyi var. Belə olduğu təqdirdə, görəsən, Elgiz Əkbərin “xəstə” adlandırdığı əhali hansı Zəyziddə yaşayır? Yaxud bəlkə bu kəndlərin hər biri bu qorxunc xəstəliyin daşıyıcılarının məskəninə çevrilib ki, ora girişə yasaq qoyulması belə ilk ağıla gələn nüanslardan sayılmalıdır?

Elgiz Əkbərin diqqətinə çatdırmaq istəyirəm ki, “xəstə əhali”si olan həmin qədim türk məskəni ölkə iqtisadiyyatının, sənayesinin, mədəni həyatının, dövlət strukturlarının icra aparatlarında, nazirliklərdə aparıcı mövqelər tutmuş onlarla görkəmli ziyalı yetişdirmiş, halallığı, ləyaqəti, qonaqpərvərliyi, comərdliyi ilə seçilən sakinləri ilə həmişə qürur duymuşdur. “Eramızdan milyon il əvvəl” sənədli filminin də məhz həmin ZƏYZİD deyilən coğrafi ərazidəki etnogenezi özündə əks etdirməsi təsadüfi deyil. Belə olduğu təqdirdə, “bir nəfər kimi xəstə olduğu” dilə gətirilən Zəyzid (Baş, Orta, Köbər) kəndlərinin 10 mindən artıq sakininin hansı suçu varmış ki, dünyadan bixəbər aparıcının obyektivinə tuş gəliblər.

Axı, bu üç Zəyzid kəndi gözdən-könüldən uzaq Afrika cəngəlliklərində yerləşmir ki, “bir nəfər kimi – başdan-ayağa sağalmaz və qorxunc xəstəliyə tutulmuş əhali”sinin bu boyda faciəsindən heç kəs xəbər tutmaya! Gözəlliyi ilə göz oxşayan həmin kəndlər Şəki-Bakı yolunun düz üstündə yerləşir və əhalisi də uzunömürlüyü və sağlamlığı ilə heç də digər bölgələrin sakinlərindən geri qalmır. Bir məsələyə də diqqəti cəlb etmək istərdim: görəsən, aparıcı Elgizin dilindən xəstə kimi qələmə verilən Zəyzidlilərdən qız nişanlayan, yaxud Zəyzidlilərə qız verən insanlar fikirlərini dəyişmədilər ki?!

Bu cəfəng kəlmələri səsləndirən Elgiz Əkbər Zəyzid əhalisini bir nəfər kimi “xəstə” adlandırmaqla təkcə həmin xəstəliyin daşıyıcısı olan nəslin nümayəndələrini deyil, bütövlükdə beş kəndin bütün sakinlərini ağır bir şəkildə təhqir etmiş, bağışlanmaz səhvə yol vermişdir. İnsanların yaralı yerinə toxunaraq, onların xəstəliyindən belə sensasiya yaratmaq niyyəti güdən şou aparıcılarına üz tuturam: bu cür incə məsələlərdə ən azından insani hisslərinizi oyadın, vicdanınızın səsinə qulaq asın! Görün, siz bu cür verilişlərdə bu cür məsələləri müzakirə etmək qabiliyyətindəsinizmi? Özünüzü hər şeydə haqlı saya bilərsiniz, lakin taleyüklü məsələlərdə ehtiyatlı olun, çünki insan həyatı, xüsusilə də fiziki qüsurlu insanların həyatı şouluq deyil!

Son olaraq, üzümü “ANS” telekanalının və Teleradio Şurasının rəhbərlərinə tuturam: “Günəbaxan” verilişinin bugünkü – 01.06.2015-ci il tarixdə efirə getmiş sayını diqqətlə izləyin! Elgiz Əkbərin “xəstə” adlandırdığı əhalinin qəzəbinə səbəb olan nüanslara özünüz qiymət verin. İnsanları bu cür təhqir etmək, aşağılamaq olmaz!

Respublikamızın işıqlı gələcəyi, xoşbəxt həyatı, ailə dəyərləri kimi gələnəklərimizə zərbə vuran bu cür hallara birdəfəlik son qoyulmalı, ekran-efir mədəniyyətindən bixəbər, savadsız aparıcıların fəaliyyəti məhdudlaşdırılmalıdır. Elgiz Əkbər bu təhqiramiz hərəkətinə görə Zəyzidlilərdən üzr istəməlidir!

 

Qiymət Məhərrəmli, AMEA Folklor İnstitutunun böyük elmi işçisi, filologiya üzrə fəlsəfə doktoru, ZƏYZİDLİ.  


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam