Redaktor seçimi
Qarabağ Qazisi Abdin Fərzəliyevi "topa tutdu":
12 illik icra başçısının gözqamaşdıran SƏRVƏTİ... -
Niyazi Bayramovun başı dərddə -Gəncədə daha kimlər həbs oluna bilər? -
Elm və Təhsil Nazirliyinin qrant müsabiqəsi-
Cahid Hüseynovun və qohumlarının “Azəriqaz”dakı qanunsuz əməlləri... -
XALQDAN “QAZANILIB” BRİTANİYADA BATIRILAN MİLYONLAR - Və deputat Feyziyevin digər həmkarlarından fərqi -
Kərəm Həsənovun müavinindən şikayət etdi, evinin "altını üstünə çevirdilər" –
"Azərenerji" ASC-nın dövləti milyardlarla borca salmasının səbəbi bilindi-
Günün xəbəri

“Qaraciyər transplantasiyasına ehtiyacı olanların sayı getdikcə artır”

 

“Normal insan üçün qaraciyərin 28 faizinin qalması kifayətdir ki, həyata davam etsin”

 

"Xeberinfo.com":  “Təkcə Azərbaycanda deyil, bütün dünyada qaraciyər transplantasiyasına ehtiyacı  olan xəstələrin sayı getdikcə artmaqdadır. Bunun müxtəlif səbəbləri var. Səbəblər haqda danışarkən, genetik xəstəlikləri, zərərli adətlər, ən başlıcası isə hepatit C nəticəsində ortaya çıxan sirroz problemini qeyd etmək lazımdır. Sirroz, ilkin qaraciyər şişləri və bir sıra toksik hallar qaraciyər transplantasiyasını qaçılmaz edir”.
 
Bunu APA TV-nin “Öncə sağlıq” proqramında, cərrah-transplantoloq, Mərkəzi Neftçilər Xəstəxanasının Cərrahiyyə və Orqan Transplantasiyası şöbəsinin müdiri, tibb üzrə fəlsəfə doktoru, Mircəlal Kazımi deyib.
 
Mütəxəssis bildirib ki, müxtəlif maddələrin təsirinə məruz qalan kəskin qaraciyər çatışmazlıqlarını, mövsümlə bağlı göbələk zəhərlənmələrini də buraya aid etmək olar. M. Kazımi vurğulayıb ki, göbələk zəhərlənmələrinin ağır formalarında qaraciyər transplantasiyası həyat qurtarıcı bir əməliyyat hesab olunur. Göbələk zəhərlənməsindən komaya düşən bir xəstəyə zamanında qaraciyər köçürülərsə, normal həyata qayıda bilir.
 
Onun sözlərinə görə, qaraciyər transplantasiyasına səbəb olan hallardan biri də uşaq yaşlarında erkən üzə çıxan anadangəlmə xəstəliklərdir: “Məsələn, anadangəlmə öd yollarının olmaması, metabolik xəstəliklərlə də bağlı bu əməliyyat qaçılmaz olur. Hiperlipidemiya problemi, yəni qanda lipidlərin miqdarı həddən artıq çox olanda qaraciyər transplantasiyası edilməsə, xəstə qısa zamanda ürək infarktından dünyasını dəyişə bilər”.
 
M. Kazımi xatırladıb ki, Azərbaycanda, eləcə də Qafqaz, Orta Asiya regionu tarixində ilk qaraciyər transplantasiyası əməliyyatı 2008-ci il dekabrın 12-də həyata keçirilib: “İlk dəfə canlıdan canlıya qaraciyər köçürmüşük və nəticələr də uğurlu olub. Sonra bu say artmağa başladı. Bu günə qədər 72 xəstə üzərində qaraciyər transplantasiyası əməliyyatı icra olunub. Nəticələr qənaətbəxşdir, dünyada qaraciyər transplantasiyası edən aparıcı mərkəzlərin nəticələri ilə eynidir.
 
Təəssüflər olsun ki, bu günə kimi yalnız və yalnız canlı donorların orqanlarından istifadə edərək bu əməliyyatları icra etmişik. Hələlik meyit orqanından istifadə edib, transplantasiya əməliyyatı icra edə bilməmişik. Bunun üçün şərait yaranmayıb. Ölkəmizdə 1999-cu ildən insan orqan və toxumalarının transplantasiyası haqqında qanun var. Bu qanun canlıdan və meyit orqanlarından transplantasiyaya icazə verir.
 
Transplantasiya deyəndə təkcə cəmiyyətin düşündüyü kimi tibbi aspektdən söhbət getmir. Burada üç məqam - tibbi, hüquqi və etik aspekt mütləq nəzərə alınmalıdır.
 
Məsələn, bir ailə beyin ölümü keçirən üzvünün, qohumunun orqanını bağışlaya bilər. Bu, məsələnin tibbi tərəfidir. Amma bunun hüquqi tərəfləri də var. Qanuni baza elə  mükəmməl bir şəkildə olmalıdır ki, gələcəkdə hər hansı bir problem ortaya çıxmasın. Yəni kimlərin dünyasını dəyişən şəxsin orqanının bağışlamaq hüququna malik olduğu müəyyənləşməlidir”.
 
Hansı dərəcəli qohumların beyin ölümü keçirmiş şəxsin orqanını bağışlamaq hüququna malik olması haqda danışan M. Kazımi deyib ki, bəzi ölkələrin təcrübəsində şəxs sağlığında orqanlarını bağışlayıbsa, öləndən sonra heç onun qohumlarından bu haqda soruşulmur: “Çünki şəxs zamanında orqanlarının alınmasına izn verib. Amma elə praktika da var ki, bir şəxs orqanını bağışlayıbsa, imzasına rəğmən yenə də onun qohumlarının izni alınır.
 
Bu qanun necə icra olunacaq, təbii ki, burada toplumun düşüncə, həyat tərzi nəzərə alınmalıdır. Eyni zamanda etik aspektlər də nəzərə alınaraq icra olunmalıdır. Alınmış orqanın kimə köçürülməsi, buna kimlərin qərar verməsi də önəmlidir. Hazırda Səhiyyə Nazirliyi tərəfindən bu üç məsələnin müzakirəsi gedir.  Mən inanıram ki, yaxın zamanlarda bununla bağlı yaradılan komissiya bir konsepsiya ortaya qoyub, beyni ölümü keçirən insanlardan da orqan alınıb, transplantasiya olunmasına şərait yaradacaq. Çünki hər görülən için alternativi olmalıdır. Canlı donor proqramı da işləməlidir, meyitdən alınan orqanlardan da istifadə olunmalıdır.
 
Xəstələrin sayı ilə donorların sayı arasında tərs mütənasiblik var. Təkcə Azərbaycanda deyil, bütün dünyada bu belədir. Donorların sayı az, xəstələrin sayı isə çoxdur. Təbii ki, canlı donor olmadığı hallarda meyit orqanından istifadə olunması kimi zəruri hallar yaranır”.
 
Onun sözlərinə görə, donorun canlı olması, yaxud da orqanın meyitdən köçürülməsi arasında heç bir fərq yoxdur, çünki əsas olan orqanının sağlam olmasıdır: “Bəzən xəstə yaxınları donorun cavab olmasını istəyirlər. Onlar düşünürlər ki, donor yaşlıdırsa, orqan da yaşlıdır. Əslində isə orqanın yaşı yoxdur. Fərqi yoxdur, donorun 20, ya 50 yaşı olsun, bunun nəticəyə hər hansı təsiri ola bilməz.  
 
Bəzən isə insanlarımız qadın orqanının kişiyə, kişi orqanının qadına köçürülməsi hallarına görə narahat olurlar. Bu narahatlıqların əsası yoxdur, orqan sağlam olsa, kifayət edir”. 
 
Bununla yanaşı, mütəxəssis onu da deyib ki, donorluqla bağlı müəyyən yaş həddi var: “Məsələn, bizim üçün böyrək donorları üçün yaş həddi 18-dən 75-ə qədər götürülüb. 75 yaşlı ananın böyrəyini 45 yaşda qızına köçürmüşük. Nəticələrə də çox yaxşı olub.
 
Qaraciyər donorları üçün isə yaş həddi 18 yaşdan 55 yaşa qədər qəbul olunur”.
 
M. Kazımı onu da deyib ki, böyrək əməliyyatı qaraciyər köçürülməsinə nisbətən daha yüngül əməliyyat hesab olunur və yaş fərqi də bununla bağlıdır.
 
M. Kazımi vurğulayıb ki, bütün donorların 18 yaş həddini tamamlamaları vacibdir. Cərrah qeyd edib ki, fiziki və əqli cəhətdən sağlam olan hər bir 18 yaşına çatan şəxs donor ola bilər: “Amma 18 yaşı tamam olmamış bir şəxs beyin ölümü keçiribsə və zamanında öz orqanını bağışlayıbsa, valideyninin, hüquqi qəyyumunun razılığı əsasında onun orqanı götürülüb, köçürülə bilər”.
 
Mütəxəssis hər kəsin donor ola bilməyəcəyini də nəzərə çatdırıb və deyib ki, elə xəstəliklər var ki, onlardan əziyyət çəkən şəxslər donor ola bilməzlər. Məsələn, onkoloji xəstələr, özünün orqana ehtiyacı olanları və s. donorlar siyahısına aid etmək olmaz.
 
Bəs ehtiyacı olan hansı şəxslərə qaraciyər köçürülməsi mümkün olmur?
 
M. Kazımi deyib ki, bəzən elə hallar olur ki, bu əməliyyatları icra etmək mümkün olmur: “Yəni insanın yeni orqana ehtiyacı var, amma onun durumu buna imkan vermir. Buraya təbii ki, xüsusi risk qrupuna aid olan şəxslər daxildir. Ağır ürək patologiyası olan, ağciyər çatışmazlığından əziyyət çəkənlər, müəyyən yaş həddində olan, bioloji tükənmiş xəstələrə qaraciyər köçürülməsi mümkün olmur. Amma belə insanların sayı olduqca azdır. Belə şəxslər ümumi transplantasiyaya ehtiyaclı olanların heç 3 -5 faizini təşkil etmir”.
 
Cərrah, transplantasiya əməliyyatlarında fəsadlaşma riskinin 20 faiz olduğunu açıqlayıb: “Yəni hər yüz xəstədən 20-də fəsadlaşma ehtimalı var. Bunu hər zaman hər bir xəstəyə, onun yaxınına deyirik.
 
Bizim əsas məqsədlərdən, ana prinsiplərdən biri xəstənin, donorun həyatına xələl gəlməməsidir. Donorluq qəhrəmanlıqdan da üstün hissdir. Bir insan öz orqanını başqasına bağışlayır. Heç bir problemi olmadığı halda əməliyyat masasına uzanır. Ona görə də elə etmək lazımdır ki, həmin şəxsə heç bir ziyan dəyməsin. Mən hər zaman deyirəm ki, Allah heç kimə, heç bir cərraha donor fəsadı göstərməsin. Bizim əməliyyat edəcəyimiz donorun ilkin müayinələrində 0, 1 faizdən aşağı risk olarsa, biz onu əməliyyat etmirik”.
 
Transplantoloq, donorların əməliyyatdan sonrakı durumu barədə  danışarkən vurğulayıb ki, qaraciyər orqan olaraq özü-özünü yeniləmək qabiliyyətinə malikdir: “Əməliyyatdan sonrakı ay yarım ərzində yüz faiz bərpa oluna bilir. Regenerasiya olunaraq özü öz həcmini bərpa edir”.
 
Donor olmaq üçün uyğunluq kateqoriyasının vacibliyi barədə danışan cərrah bildirib ki, ilkin mərhələdə qan qrupunun uyğunluğu olmalıdır: “Təbii ki, bu, ümumi qan vermə, qan köçürmə prinsipləri əsasında olur. Onu da deyim ki, biz də bütün dünyada olduğu kimi, qan qrupu uyğun olmayan şəxslərdən də donor kimi istifadə etmək niyyətindəyik və buna hazırlaşırıq.  
 
Qan qrupu ilə yanaşı digər uyğunluq kateqoriyaları nəzərə alınmalıdır. Qanın ümumi və biokimyəvi analizlərində problem olmamalı, donorda hepatitlə bağlı ciddi yoxlamalar aparılmalıdır. İlk növbədə həm də qaraciyərin həcmi uyğun olmalıdır. Donorun özünə qalan qaraciyər ona kifayət etməlidir. Yəni normal bir insan üçün qaraciyərin 28 faiz hissəsinin qalması kifayətdir ki, o həyatına davam etsin.
 
Qaraciyərlə bağlı ölçmələr dəqiq olmasa, həcm uyğun gəlməsə, xəstə üçün də, donor üçün ciddi problem yarana bilər. Donorun kiçik həcmdə qaraciyəri qalsa, əməliyyatdan sonra həmin şəxs qaraciyər çatışmazlığından həyatını itirə bilər. Ona görə də ölçmə müayinələri diqqətli aparılmalıdır”.
 
Transplantasiya əməliyyatlarının təkrarlanma ehtimalı barədə danışan M. Kazıminin sözlərinə görə, hepatit C səbəbindən aparılan əməliyyatlardan sonra virusun yenidən irəliləmə ehtimalı olur. Transplantoloq deyib ki, hepatit C viruslarının dalğavarı bir gedişatı var, virus artıb, azala bilir. Bir sözlə, hepatit C viruslarının transplantasiyadan sonra yenidən irəliləməsi mümkündür: “Nəzərə alsaq ki, əməliyyatdan sonra xəstənin bədəninin müqaviməti aşağı olur. Müqaviməti zəif olan bədəndə isə geri qayıtma ehtimalı daha yüksəkdir. Ona görə də son dərəcə diqqətli olmaq lazımdır.
 
Qaraciyər transplantasiyası xəstələr üçün ən etibarlı müalicə üsuludur. Xəstələr illərlə dərman müalicəsi olunurlar, müalicənin effekti isə qalıcı olmur. Transplantasiya qalıcı effektə malik, etibarlı bir metoddur. Amma hepatit C virusu geri qayıtsa, köçürülən qaraciyəri sıradan çıxarma ehtimalı var.
 
Ona görə də ən ideal olan əməliyyatdan öncə xəstələrə hepatit C müalicəsi təyin etməkdir. Müalicə ilə virusları ya öldürmək, ya da sıfır səviyyəsinə yaxın etmək lazımdır ki, yeni orqan hepatit C virusunun təsirinə məruz qalmasın.
 
Ehtiyac olanda əməliyyatdan sonra da hepatit C müalicəsi aparılmalıdır. Son illərdə  hepatit C əleyhinə yeni preparatlar icad olunub. Bunlardan istifadə ediləndə problem 90-95 faiz hallarda həll olunur. Əməliyyatdan öncə virus tamamilə öldürülür və yeni orqan köçürülür. Yəni virusun geri qayıtmasının qarşısı alınır, orqanı saxlamaq mümkün  olur”.
 
M. Cəlal Kazımi qaraciyərlə bağlı risk qrupuna daxil olan, eləcə də bütün insanları sağlamlıqlarına qarşı diqqətlə yanaşmağa çağırıb: “Yağlı yeməklər, toksiki qidalar, alkoqoldan çox istifadə etmək qaraciyərdə problemlər yaradır. Spirtli, energetik içkilər birmənalı olaraq genefonda, qaraciyərə, ürəyə ziyandır. Bu içkilərin ürəkdə, qaraciyərdə problem yaratması, xərçəng əmələ gətirmə riski yüksəkdir. Bəzi insanlar bir dəfəyə çox alkoqol qəbul etmələri ilə öyünürlər. Amma hər kəs bilməlidir ki, 80 milliqram alkoqol 1 qaraciyər hüceyrəsini öldürür. Spirtli içkilərdən çox istifadə bir çox hallarda qısa zamanda sirroza səbəb olur”.
 
Transplantoloq qaraciyəri qorumaq üçün həm də hepatitlə mübarizədə hər kəsin diqqətli olmasının vacibliyini vurğulayıb. O, hepatit B peyvəndinin mühüm profilaktik tədbir olduğunu açıqlayıb... 

Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam